EN

AMEA-nın Rəyasət Heyəti ləğv olunur? - AÇIQLAMA 

Ötən günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda mürgüləyən alimlər isə geniş müzakirə mövzusu olub. Hazırda isə mediada məlumat var ki, AMEA-nın Rəyasət Heyəti ləğv ediləcək və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq.

Redaktor.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, bu mövzu son illərdə Azərbaycanın elmi ictimaiyyətində və mediasında ən çox müzakirə olunan mövzulardan biridir:

"AMEA-nın Rəyasət Heyətinin ləğvi və ya strukturunun köklü şəkildə dəyişdirilməsi ilə bağlı mülahizələrə həm idarəetmə səmərəliliyi, həm də elmin gələcəyi baxımından yanaşmaq lazımdır. Zaman-zaman AMEA Rəyasət Heyətində ölkənin ən sanballı, ən görkəmli elmi nümayəndələri təmsil olunublar. İsa Həbibbəylinin əvvəlki iki sələfinin dövründə Rəyasət Heyətində kifayət qədər mənasız struktur dəyişiklikləri edildi, hətta ştat vahidləri artırıldı. Azərbaycan elminin "qızıl dövrü" hesab olunan ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində akademiyanın məhsuldarlığı indikindən qat-qat çox olsa da, onun Rəyasət Heyətinin strukturu bundan dəfələrlə az idi. Aldadıcı parlaq görüntü və yalançı fon verərək bu mötəbər, ənənələri olmuş, məhsuldar bir qurumu mərkəzləşdirilmiş və ağır bir bürokratik aparat formatına saldılar. Mən düşünürəm ki, baxmayaraq hazırki prezident İsa Həbibbəyli Rəyasət Heyətini əvvəlki mənasız strukturlaşmadan xeyli azad edib, lakin idarəetmənin optimallaşdırılmasına təkrar baxmaq olar".

Müsahibimiz vurğuladı ki, bir müddət əvvəl AMEA-nın tətbiqi və fundamental elm sahələri üzrə tədqiqatlar həyata keçirən institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi:

"Bu, artıq mərkəzi idarəetmə strukturu olan Rəyasət Heyətinin funksionallığının azaldığını və burada da optimallaşmaya zərurət olduğunu göstərir. Böyük bir inzibati aparatın saxlanılmasına xərclənən vəsaitin birbaşa elmi tədqiqatlara və alimlərin maaşlarına, ezamiyyələrinə, digər xərclərinə yönəldilməsi daha faydalı hesab oluna bilər. Amma AMEA-nın və Rəyasət Heyətinin ləğvi məsələsi kökündən yanlışdır. Bu, xalqımızın elmi-mədəni-intellektual səviyyəsinin formalaşmasına xidmət etmiş görkəmli alimlərimizin ruhuna hörmətsizlik olardı. O binada bizim nəhəng elm korifeylərinin ruhu yaşayır. Müstəqilliyimizin ilk illərində Akademiyanın ləğvi məsələsini o vaxtkı hakimiyyət dairələrinin səriştəsiz və məsuliyyətsiz siyasi bəyanatlarında eşitmişik. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz akademiyada alimlərlə keçirdi. Bu, dahi Heydər Əliyevin akademiyaya həmişəki münasibəti idi. Daha sonra ona “Milli” statusu verdi, onu xalqımızın milli sərvəti adlandırdı, qorunub inkişaf etdirilməsinin zəruriliyini dəfələrlə ifadə etdi. Bu yanaşma həmin qurumun dövlətçilik sütunlarından biri olduğunun rəsmi təsdiqi idi. Cənab Prezident İlham Əliyev də həmişə bu quruma ehtiramla, xüsusi qayğı və diqqətlə yanaşıb, onu hər zaman hifz edib.

Bu gün bu AMEA-ya birbaşa bağlılığım olmasa da, onun təəssübünü çəkməyi özümə mənəvi borc hesab edirəm və düşünürəm ki, akademiya yaşamalıdır, onun Rəyasət Heyəti də olmalıdır. AMEA-nın Rəyasət Heyəti 80 illik tarixi ərzində həmişə Azərbaycan elminin simvolu, əlaqələndirici mərkəzi olub və olmalıdır da. Qurumu ləğv etmək, hər mənada o tarixi yaddaşı zədələmək mənasına gələ bilər. Elmin inkişaf istiqamətlərini müəyyən edən, fundamental tədqiqatları koordinasiya edən bir ali quruma ehtiyac hər zaman var. Baxmayaraq ki, elmin idarə edilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı doğru olaraq Elm və Təhsil Nazirliyi olaraq müəyyənləşdirilmişdir, amma oradakı məmurlar heç zaman fundamental elmin koordinasiyasını peşəkarlıqla həyata keçirə və elmlə bağlı ən ali qərarları təkbaşına verə bilməyəcəklər. Elm və Təhsil Nazirliyinin icraedici və inzibati funksiyaları geniş olsa da, fundamental elmin koordinasiyası məsələsi spesifik yanaşma tələb edir. Məmur təfəkkürü ilə alim təfəkkürü arasında hər zaman fərq olub və olacaq. Elmin avtonomluğunu və akademik azadlığını təmin edən Akademiyanı sadəcə bir ofis kimi deyil, bir milli yaddaş məkanı, beyin mərkəzi kimi saxlamaq, Elm və Təhsil Nazirliyinin isə bu elmi bazanın praktik tətbiqi və təhsillə inteqrasiyası ilə məşğul olması ən sağlam model kimi görünür".

İlqar Orucovun fikrincə, təmkin, ağıl və müdriklik ləğv etmək üzərində deyil, daha çevik, daha peşəkar, daha səmərəli etmək üzərində düşünməlidir:

"Populist bəyanatlardan uzaq durub, 80 illik ənənəni müasir dünyanın müasir ağıllı idarəetmə prinsipləri ilə birləşdirmək olar. Rəyasət Heyəti strateji qərarlar verən, dünya elmi ilə inteqrasiyanı təmin edən bir elmi elita şurası statusunda funksionallığını davam etdirməlidir.

AMEA-nın yaşaması həm mənəvi borc, həm də strateji zərurətdir. Məsələ sadəcə bir qurumun qorunması deyil, Azərbaycanın milli intellektual brendinin müasirləşərək gələcək nəsillərə ötürülməsidir. Bu baxış bucağı altından nəzər salmaq dövlətçilik maraqları ilə elmi ənənələrin vəhdətini təmin etməyə kifayət edər".

Aytəkin TOFİQQIZI

Chosen
23
redaktor.az

1Sources