EN

Musa Quliyev: Azərbaycanın turizm potensialı hələ tam istifadə olunmur

BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi yaxın illərdə 450 mindən çox yeni iş yerinin açılmasını dəstəkləyə bilər.

Teleqraf xəbər verir ki, bunu deputat Musa Quliyev bu gün Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

O qeyd edib ki, hazırda bu sektorda 80 minə yaxın insan çalışsa da, bu rəqəmin dəfələrlə artması perspektivi var: "Turizm 50-dən çox sahəni birləşdirir. Bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir. ​Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox azdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir".

"Dünyadakı 800 palçıq vulkanının 300-ü Azərbaycandadır. Naftalan və Naxçıvan Duzdağ kompleksi nadir təbii müalicə ocaqları olmaqla yanaşı, sağlamlıq turizmi üçün unikal məkanlardır. Atəşgah məbədi və Yanardağ qoruğu Odlar Yurdunun simvolu olmaqla bərabər, qədim tarixə malik ziyarətgah olaraq cəlbedici turizm məkanıdır. Bəşər tarixinin ən qədim insan məskəni və zəngin mədəniyyət məbədlərindən olan Azıx mağarası və Qobustan abidələri turistik əhəmiyyətinə görə də nadir nümunələrdəndir. ​Turizmin infrastrukturu ölkəmizdə ilbəil genişlənir, böyüyür, müasirləşir. Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 800-ə yaxındır. Paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Quba və Naftalan həm daxili, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərdir", - deyə deputat əlavə edib.

Chosen
4
teleqraf.com

1Sources