EN

“İctimai nəqliyyatda güzəştlər keyfiyyət və maliyyə mexanizmi ilə paralel tətbiq olunmalıdır” - QHT sədri

"Güzəştlər tətbiq olunarkən daşıyıcılara dəyən zərərin dövlət tərəfindən necə və hansı meyarlarla ödənəcəyi dəqiq olmalıdır. Əks halda, özəl daşıyıcılar xidmət səviyyəsini aşağı sala bilər. İkincisi, texniki infrastruktur. Güzəştlərin tətbiqi avtomatik olaraq sərnişin axınını artıracaq. Əgər xətlərdə avtobus sayı kifayət qədər olmasa, bu, ciddi sıxlıqlara səbəb olar. Üçüncüsü isə, əlbəttə ki, ünvanlılıq. Güzəştli kartların yalnız həmin şəxslər tərəfindən istifadəsinə nəzarət edən rəqəmsal sistem mükəmməl işləməlidir ki, sui-istifadələr yaranmasın. Çünki biz bu cür hallarla dəfələrlə qarşılaşmışıq.Əlilliyi olan şəxslərin  adlarından və onlara aid vəsaitlərdən istifadə olunmasının şahidi olmuşuq".

Bu fikirləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a bildirib. Onun sözlərinə görə, əgər dövlət bu güzəştləri sadəcə "fərman" olaraq verib maliyyə yükünü daşıyıcıların üzərinə qoysa, keyfiyyət kəskin aşağı düşəcək və köhnə avtobuslar, gecikən intervallar qaçılmaz olacaq. Çünki, gəliri azalan daşıyıcı texniki xidmətə, komforta və təhlükəsizliyə daha az vəsait ayıra bilər. Amma əgər güzəştlər dövlət tərəfindən balanslı şəkildə maliyyələşdirilərsə, əksinə, bu addım ictimai nəqliyyatın əlçatanlığını artırar və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına real töhfə verər:

"Lakin biz təklif edirik ki, bu güzəştlər keyfiyyət standartları ilə paralel tətbiq olunsun. Məsələn, dövlət güzəştli sərnişin daşıyan şirkətdən həm də avtobusların əlçatanlığını (pandusların işlək vəziyyətdə olması, audio-vizual məlumatlandırma sistemləri) tələb etməlidir. Düzgün idarə olunarsa, bu addım əksinə, nəqliyyat sektorunda rəqabəti və xidmət mədəniyyətini artıra bilər. Çünki keyfiyyətli nəqliyyat hər bir vətəndaşın, xüsusilə də həssas qrupların fundamental hüququdur".

QHT sədri bildirib ki,  Ombudsmanın məruzəsində irəli sürülən təkliflərin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müzakirəsi və aidiyyəti icra qurumları ilə birlikdə kompleks mexanizmlərin hazırlanması zəruridir. Bu məsələ sosial xərc deyil, insan hüquqlarına yönəlmiş strateji investisiya kimi qiymətləndirilməlidir:

"Sonda qeyd edim ki, əlilliyi olan şəxslərlə bilavasitə çalışan bir vətəndaş cəmiyyəti institutu olaraq bildiririk ki, əlilliyi olan şəxslər üçün ictimai nəqliyyat sadəcə hərəkət vasitəsi deyil bu, onların təhsil, səhiyyə, məşğulluq və sosial həyata çıxış imkanının açarıdır. Ona görə də bu məsələ sosial xərclər kimi yox, insan hüquqlarına investisiya kimi qiymətləndirilməlidir. Mən bu təşəbbüsü dəstəkləyirəm, amma onun real, işlək və davamlı mexanizmlə həyata keçirilməsinin tərəfdarıyam".

 

Pərvanə Fərhadqızı

Chosen
32
qht.az

1Sources