Azərbaycanın Rusiya istehsalı olan hərbi sistemlərdən imtina edib-etməyəcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Müdafiə Nazirliyinin Silahlanma rəisi və Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini, general-polkovnik Yuri Qrexovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya gözlənilməz səfəri olub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Rusiya nümayəndə heyəti müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə ilə görüş keçirib. Görüş zamanı Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Heydər Oğuz bildirib ki, son illər Azərbaycan ordusunda silahlanmanın şaxələndirilməsi prosesi açıq şəkildə müşahidə olunur.
Onun sözlərinə görə, rəsmi Bakı uzun müddət əsasən Rusiya istehsalı olan hərbi texnika və sistemlərdən istifadə etsə də, xüsusilə Vətən müharibəsindən sonra Türkiyə, İsrail, Pakistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Ekspert qeyd edib ki, Azərbaycanın tam şəkildə Rusiya silahlarından imtina etməsi qısa müddətdə real görünmür:
“Ordunun inventarında olan sistemlərin böyük hissəsi sovet və Rusiya istehsalıdır. Bu texnikanın birdən-birə sıradan çıxarılması həm maliyyə, həm də texniki baxımdan məqsədəuyğun deyil. Lakin yeni alınan silah və avadanlıqlarda alternativ mənbələrə üstünlük verilməsi artıq müşahidə olunur”.

Heydər Oğuzun fikrincə, Rusiya nümayəndə heyətinin səfəri də məhz bu kontekstdə dəyərləndirilməlidir:
“O hesab edir ki, Moskva Azərbaycan bazarındakı mövqelərini qorumağa çalışır. Regionda geosiyasi balans dəyişir. Rusiya üçün Cənubi Qafqazda hərbi-texniki əməkdaşlıq alət kimi əhəmiyyətlidir.
Azərbaycan isə balanslı siyasət yürüdərək həm Qərb, həm Türkiyə, həm də digər tərəfdaşlarla əlaqələri paralel şəkildə inkişaf etdirir”.
Ekspert əlavə edib ki, Azərbaycan üçün əsas prioritet ordunun müasir standartlara uyğunlaşdırılması və operativ imkanların artırılmasıdır:
“Burada əsas meyar silahın hansı ölkədə istehsal olunması deyil, onun effektivliyi və döyüş qabiliyyətinə verdiyi töhfədir. Buna görə də yaxın perspektivdə Rusiya sistemlərindən tam imtina yox, daha çox diversifikasiya siyasətinin davam edəcəyi gözləniləndir”.
Tunar
NOCOMMENT.az