EN

"Böyük Qayıdış Azərbaycanın yeni inkişaf mərhələsinin təməlidir" - ŞƏRH EDİLDİ

“Böyük Qayıdış” konsepsiyası Azərbaycanın post-münaqişə mərhələsində həyata keçirdiyi ən fundamental və tarixi dövlət proqramlarından biridir. Bu proses yalnız fiziki köçün təşkili deyil, həm də uzun illər işğal altında qalmış ərazilərin sosial, iqtisadi və institusional baxımdan yenidən qurulmasını nəzərdə tutan kompleks strategiyadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, xüsusilə İlham Əliyev tərəfindən irəli sürülən bu siyasət dövlətin suverenlik və ərazi bütövlüyünün praktiki müstəvidə möhkəmləndirilməsi kimi dəyərləndirilməlidir: “Böyük Qayıdış” təhlükəsizlik, infrastruktur və sosial təminat məsələlərinin paralel həllini tələb edən çoxşaxəli bir modeldir. İşğaldan azad edilmiş ərazilərdə mina təmizlənməsi, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası, müasir yol, enerji və kommunikasiya xətlərinin çəkilməsi bu siyasətin sistemli xarakter daşıdığını göstərir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri təkcə bərpa deyil, eyni zamanda yeni inkişaf modelinin tətbiqidir. Sosial aspektdən yanaşdıqda, məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı tarixi ədalətin bərpası ilə yanaşı, dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsinə xidmət edir. Onilliklərlə davam edən məcburi köçkünlük statusunun aradan qaldırılması sosial inteqrasiyanın və milli birliyin gücləndirilməsi baxımından mühüm amildir. Dövlət tərəfindən yaşayış evlərinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası göstərir ki, məqsəd sadəcə əhalini köçürmək deyil, dayanıqlı və ləyaqətli yaşayış mühiti formalaşdırmaqdır. İqtisadi baxımdan isə “Böyük Qayıdış” yeni iqtisadi zonaların formalaşdırılması, kənd təsərrüfatının, turizmin, yaşıl enerjinin və logistikanın inkişafı üçün geniş imkanlar yaradır. Azad olunmuş ərazilərin zəngin təbii resursları və coğrafi mövqeyi ölkənin ümumi iqtisadi potensialını artırır. Bu proses qeyri-neft sektorunun inkişafına əlavə impuls verir və regionların iqtisadi balansını daha da gücləndirir.

Geosiyasi müstəvidə “Böyük Qayıdış” Azərbaycanın regionda yeni reallıqlar yaratdığını nümayiş etdirir. Bərpa və yenidənqurma proseslərinin sürətlə həyata keçirilməsi beynəlxalq ictimaiyyətə ölkənin institusional və maliyyə imkanlarını göstərir. Eyni zamanda bu siyasət Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi üçün real zəmin formalaşdırır. Çünki dayanıqlı inkişaf və iqtisadi inteqrasiya münaqişə risklərini azaldan əsas faktorlardandır. “Böyük Qayıdış” yalnız humanitar təşəbbüs deyil, həm də dövlətin strateji planlaşdırma qabiliyyətinin göstəricisidir. Bu proses Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsasını qoyur və post-münaqişə dövründə güclü, dayanıqlı və modern dövlət modelinin formalaşdırılmasına xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
6
1
sia.az

2Sources