EN

Hesablama Palatası: Dövlət satınalmalarında süni intellektdən istifadə edilə bilər

Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə dövlət satınalmalarında payı yüksək olan büdcə təşkilatlarının və publik hüquqi şəxslərin əməkdaşları üçün “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib.

"APA-Economics" palataya istinadən xəbər verir ki, seminarda təşkilatçı qurumların rəhbərliyi, eləcə də müxtəlif dövlət orqanlarının və müəssisələrinin nümayəndələri iştirak ediblər.

Seminarın məqsədi sahə üzrə mütəxəssislərin potensialının artırılması ilə dövlət satınalmaları sahəsində mümkün nöqsanların qarşısının alınması üçün preventiv yanaşmaların və effektiv nəzarət mexanizmlərinin təqdim edilməsi olub.

Tədbir zamanı Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı dövlət satınalmalarında açıq və rəqabətli mühitin formalaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də satınalma proseslərinin daha səmərəli təşkili baxımından audit nəticələrinin önəmi barədə məlumat verilib. Həmçinin audit orqanının tövsiyələrinə əsaslanaraq təkmil hüquqi çərçivənin tətbiqini dəstəkləyən institusional strukturların, əməliyyat qabiliyyətlərinin və bazar şəraitinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, Hesablama Palatasının sədri, satınalmaların səmərəliliyi və qənaətliliyi üçün gələcəkdə ehtimal olunan qiymətin hesablanması zamanı süni intellektin imkanlarından istifadə ilə bağlı təklif də irəli sürüb.

Seminar çərçivəsində təşkilatçı qurumların əməkdaşlarının təqdimatları keçirilib. Təqdimatlar zamanı dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün formalaşdırılması, şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun hazırlanması, təchizatçıların təkliflərinin qiymətləndirilməsi, onların satınalmadan kənarlaşdırılması halları, habelə satınalma müqaviləsinin tərtibi qaydaları izah olunub. Qeyd edilib ki, aparılmış auditlərin nəticələri dövlət satınalmaları sahəsində daxili nəzarət mexanizmlərinin gücləndirilməsinin, risklərin vaxtında müəyyən edilərək aradan qaldırılmasının və hüquqi aktların tələblərinə riayət olunmasının vacibliyini göstərir.

Seminarda satınalma proseslərinin həyata keçirilməsi zamanı müşahidə edilən əsas çətinliklər diqqətə çatdırılıb, praktiki nümunələr üzərindən müzakirələr aparılıb. Seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Chosen
12
5
apa.az

6Sources