EN

“Elmin Oyanışı”

Son günlər Azərbaycan Milli Elmlər Akademiyası-da keçirilən iclas zamanı yayılan görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. İclas zalında bəzi alimlərin yuxuya getməsi ictimai rəydə narahatlıq doğurdu və sosial şəbəkələrdə “elmin özü yatır” kimi sərt ifadələr səsləndirildi.

Bəzən bir görüntü böyük bir dəyişimin başlanğıcı olur. Problem görüntüdə deyil, sistemdədir. Əgər haradasa durğunluq hiss olunursa, bu artıq struktur islahatlarına ehtiyacın göstəricisidir. Bu hadisə bir çoxlarımız üçün acı görünə bilər, amma o, eyni zamanda bir siqnaldır, yenilənməyə ehtiyac var.

Elm daim dinamika tələb edir. Dünyada elmi mühit sürətlə dəyişir – rəqəmsallaşma, süni intellekt, multidissiplinar tədqiqatlar artıq əsas istiqamətə çevrilib. Bu tempə uyğunlaşmaq üçün isə yalnız ənənə ilə deyil, enerji və çevikliklə də silahlanmaq lazımdır. Və belə demək mümkünsə nəsillərin harmoniyası – qarşıdurma deyil, tamamlanma

Burada əsas məsələ yaş deyil, yanaşmadır. Təcrübəli alimlərimizin illərlə topladığı bilik və məktəb danılmaz dəyərdir. Lakin paralel olaraq gənc tədqiqatçıların enerjisi, texnologiyaya uyğunluğu və beynəlxalq şəbəkələrə çıxışı elmi mühitə yeni nəfəs gətirə bilər.

Bəzən vaxtı gələndə gənclərə yer vermək, onlara yol göstərmək və məsuliyyəti paylaşmaq ən böyük müdriklikdir. Bu, geri çəkilmək deyil — bu, gələcəyi qurmaqdır. Bu hadisə cəmiyyətin elmə biganə olmadığını göstərdi. Əgər cəmiyyət reaksiya verirsə, deməli elm hələ də ictimai şüurun mərkəzindədir. Bu isə müsbət göstəricidir. “Yatış” kimi təqdim olunan görüntü əslində bir oyanışa səbəb oldu. Elmin idarə olunması mexanizmləri,        Gənclərin elmə cəlbi , elmi institutların effektivliyi, islahat və yenilənmə çağırışları gücləndi. Bunlar isə inkişafın başlanğıc nöqtələridir.

Nəzərə almalıyıq ki, elm kabinetlərdə deyil, beyinlərdə yaşayır. Elm yalnız vəzifə deyil, məsuliyyətdir. Əgər siz çalışır, araşdırır, beynəlxalq arenada ölkənizi təmsil edir və yeni bilik yaradırsınızsa – elm məhz sizsiniz.

 

Səbuhi Abdullayev,

Elm və təhsil üzrə mütəxəssis

Chosen
3
azedu.az

1Sources