EN

MTK-ların tikdiyi bəzi binalarda nöqsanlar var

Azərbaycanda bir sıra MTK-ların inşa etdiyi hündürmərtəbəli binaların keyfiyyəti qənaətbəxş hesab olunmur. Xüsusilə televiziyalarda, eləcə də sosial şəbəkələrdə geniş reklam olunan, “premium”, “residence”, “tower” kimi pafoslu adlarla təqdim edilən layihələr arasında ciddi problemlər müşahidə olunur. Bəs keyfiyyətsiz tikintinin əsas səbəbi nədir - ucuz material, nəzarətsizlik, yoxsa qeyri-peşəkar kadrlar? Bu cür problemlər necə həllini tapmalıdır?Tikinti eksperti, memar Muxtar Ərturan Metbuat.az-a açıqlamasında bildirib ki, bu cür MTK-ların bir qisminin fəaliyyəti əsasən vizual effektə və marketinqə yönəldir, nəticədə isə ortaya çıxan məhsul gözləntiləri doğrultmur: “Təəssüf ki, vətəndaşlar da çox vaxt binanın zahiri görünüşünə, cəlbedici şüarlara – “rahat həyat”, “yaşam tərzi”, “yüksək status” kimi ifadələrə aldanaraq seçim edirlər. Halbuki bu pafoslu təqdimat əksər hallarda keyfiyyətsiz tikililərin üzərinə geyindirilmiş bir “kostyum”dan başqa bir şey deyil. Bu “kostyum” kənara çəkildikdə isə mənzərə heç də ürəkaçan olmur, standartlara cavab verməyən, sakinlər üçün potensial təhlükə yaradan problemlər üzə çıxır. Təbii ki, bütün binalar haqqında bu fikri söyləmək düzgün olmaz. Lakin təəssüf doğuran məqam odur ki, belə hallara az rast gəlinmir. Problemlərdən biri də yaşayış komplekslərində istifadə olunan şüşələrlə bağlıdır. Həmin binaların fasadında temperli, yəni xüsusi üsulla möhkəmləndirilmiş (bişmiş) şüşələrdən istifadə edilmir. Halbuki beynəlxalq təcrübəyə, Avropa və dünya standartlarına nəzər yetirdikdə görürük ki, hündürmərtəbəli binaların şüşə fasadları yalnız estetik məqsəd daşımamalıdır. Əksinə, estetik görünüş ikinci planda olmalı, əsas diqqət təhlükəsizlik, yanğına davamlılıq, termoizolyasiya və enerji səmərəliliyinə yönəlməlidir. Şüşələr və fasad sistemləri həm istilik itkisini minimuma endirməli, həm də quraşdırılarkən müvafiq texniki standartlara ciddi şəkildə əməl olunmalıdır. Əks halda, külək, yağış, qar, günəş şüalarının təsiri və digər fiziki faktorlar nəticəsində konstruksiyaların qoparaq insanlara xəsarət yetirmə riski artır”. M.Ərturan qeyd edib ki, bəzi binalarda temperli şüşələrdən istifadə edilir, bu isə iri şüşə parçalarının küləyin və ya hər hansı fiziki təsirin nəticəsində qoparaq aşağı düşməsi ehtimalını yüksəldir. Belə bir hal isə yüzlərlə, bəlkə də minlərlə sakinin həyatı üçün ciddi təhlükə deməkdir: “Bu məsələni ictimailəşdirməkdə məqsəd aidiyyəti qurumların diqqətini problemin üzərinə yönəltməkdir. Söhbət tək bir binadan deyil, artıq insanların yaşadığı bütöv bir yaşayış kompleksindən gedir. Burada onlarla deyil, çox sayda ailə yaşayır və potensial risk hər kəs üçün keçərlidir. Məqsəd kimisə ittiham etmək deyil, mümkün faciənin qarşısını vaxtında almaqdır. Gələcəkdə hər hansı xoşagəlməz hadisə baş verdikdə “məlumatımız yox idi” deyilməməsi üçün məsələ indidən araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Xatırladaq ki, bu yaxınlarda Nərimanov rayonunda fasad örtüyünün sökülməsi nəticəsində bir sıra vətəndaşın əmlakına ziyan dəymişdi. Lakin şüşə elementlərin qopması halında yarana biləcək fəsadlar daha ağır və faciəvi ola bilər. Bu baxımdan, vaxtında görüləcək tədbirlər mümkün risklərin qarşısını ala və insanların həyatını təhlükədən qoruya bilər”. Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
3
metbuat.az

1Sources