EN

“Azərkosmos” su təhlükəsizliyi sahəsində peyk texnologiyalarının rolunu vurğulayıb

“Azərkosmos” (Azərbaycan Kosmik Agentliyi) Böyük Britaniya Azərbaycan Ticarət Palatasının (BCCA) 24 fevral 2026-cı il tarixində təşkil etdiyi “Azərbaycanda Su Təhlükəsizliyi: Qanunvericilik, Risklər və Məsuliyyətli Biznes Yanaşması” mövzusunda dəyirmi masada iştirak edib.

“Azərkosmos”un Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbir Azərbaycanda su qıtlığı üzrə mövcud tendensiyalar və risklər barədə məlumatlılığın artırılması, su ilə bağlı hüquqi və tənzimləyici çərçivənin müzakirəsi, eləcə də bu sahədə biznes üçün yaranan çağırışlar və mümkün həll yollarının müəyyənləşdirilməsi məqsədini daşıyıb.

Tədbirdə Azərbaycan Kosmik Agentliyini Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov təmsil edib. O, “Su ehtiyatlarının və iqlim dinamikasının peyk əsaslı monitorinqi” mövzusunda təqdimatla çıxış edərək peyk texnologiyalarının su ehtiyatlarının monitorinqi və iqlim proseslərinin təhlilində yaratdığı imkanlar barədə məlumat verib.

Qeyd olunub ki, Yer müşahidə peyklərindən əldə edilən məlumatlar su hövzələrinin səviyyəsinin izlənməsi, qar örtüyü və buzlaqlarda dəyişikliklərin monitorinqi, quraqlıq risklərinin qiymətləndirilməsi və kənd təsərrüfatında su resurslarının səmərəli idarə olunması kimi istiqamətlərdə mühüm rol oynayır. Bu məlumatlar dövlət qurumlarının qərarvermə proseslərinə analitik dəstək göstərməklə yanaşı, özəl sektor üçün risklərin idarə olunması və planlaşdırma baxımından əlavə imkanlar yaradır.

Bildirilib ki, milli səviyyədə məlumatların sistemləşdirilməsi məqsədilə “Azərkosmos” tərəfindən yaradılmış www.climatereport.az platforması peyk göstəricilərini interaktiv xəritələr, qrafiklər və analitik panellər vasitəsilə təqdim edir. Platforma dövlət qurumları və mütəxəssislər üçün vahid analitik mühit formalaşdıraraq su ehtiyatlarının azalması, quraqlıq və səhralaşma risklərinin məkan üzrə qiymətləndirilməsini təmin edir.

Tədbir dövlət qurumları, biznes nümayəndələri və ekspertlər arasında açıq dialoq platforması yaradaraq məsuliyyətli inkişaf və dayanıqlı resurs idarəçiliyi istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb.

Chosen
21
2
poliqon.az

3Sources