EN

Deputat: Turizmin daha da inkişaf etdirilməsini istəyiriksə, o zaman...

"Müasir dövrdə turizm sahəsi təkcə istirahət və xidmət sektoru kimi deyil, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi, regionların balanslı inkişafı, məşğulluğun artırılması və ölkələrin beynəlxalq imicinin formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanda da  turizmin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən olunmuşdur".

Ölkə.az xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov bu gün Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi tərəfindən strateji planlaşdırma, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, regionların turizm potensialının sistemli şəkildə qiymətləndirilməsi və tanıdılması istiqamətində mühüm addımlar atılır. "Turizm istiqamətlərinin idarə olunması üzrə yeni modellərin tətbiqi, xidmət keyfiyyətinin artırılmasına yönəlmiş standartların hazırlanması və sektor iştirakçıları arasında koordinasiyanın gücləndirilməsi bu sahədə idarəetmənin daha səmərəli və nəticəyönümlü qurulduğunu göstərir.

Bu siyasi iradənin məntiqi davamı olaraq turizm sektoruna dövlət dəstəyi ardıcıl şəkildə gücləndirilir. Regionlarda yol və nəqliyyat infrastrukturunun yenilənməsi, turizm zonalarının yaradılması, hava limanlarının tikintisi, sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi bu sahənin davamlı inkişafına xidmət edir. Xüsusilə regionların turizm potensialının üzə çıxarılması və yerli təşəbbüslərin təşviqi dövlət siyasətində mühüm yer tutur.

Rəsmi statistik göstəricilər Azərbaycan turizminin müsbət dinamika üzrə inkişaf etdiyini aydın şəkildə göstərir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı 2 570 000 nəfər təşkil etmişdir. Eyni dövrdə Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri 2 109 900 nəfər olmuşdur. Bu göstəricilər turizm sektorunun pandemiyadan sonra bərpa olunaraq sabit inkişaf mərhələsinə daxil olduğunu və beynəlxalq turizm dövriyyəsində Azərbaycanın mövqeyinin möhkəmləndiyini göstərir",- o qeyd edib. 

O əlavə edib ki, özəl sektor tərəfindən qiymətlərin optimallaşdırılması və xidmət keyfiyyətinin paralel artırılması, ISO standartlarının tətbiqi Azərbaycanın daha geniş turist kütləsi üçün əlçatanlığını gücləndirə bilər.

"Turizm sektorunun inkişafı məşğulluğun artırılmasına birbaşa təsir göstərir. Bu sahə ölkə üzrə minlərlə iş yeri yaradır və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Peşəkar kadr hazırlığı, turizm təhsili müəssisələrinin gücləndirilməsi, təlim proqramlarının genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi xidmət keyfiyyətinin yüksəldilməsinin əsas şərtlərindən hesab olunur. Regionlarda turizm yönümlü məşğulluğun artırılması əhalinin rifahına mühüm töhfə verir.

Xüsusi olaraq qeyd olunmalıdır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın turizm xəritəsində yeni perspektivlər açır. Bu ərazilər zəngin tarixi-mədəni irsə, unikal təbii resurslara və böyük potensiala malikdir. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yol və kommunikasiya infrastrukturunun yaradılması bu bölgələrin gələcəkdə aparıcı turizm mərkəzlərinə çevriləcəyini göstərir.

Turizmin inkişafında aviasiya infrastrukturu mühüm rol oynayır. Yeni hava limanlarının istifadəyə verilməsi, uçuş istiqamətlərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ölkəmizin turizm əlçatanlığını artırmışdır. Bununla belə, əsas hava limanlarında tətbiq olunan hava limanı yığımlarının yüksək olması və aviabiletlərin bahalılığı turist axınının artım tempinə maneə törədən amillərdən biri kimi qalır. Hava limanı rüsumlarının optimallaşdırılması, aşağıbüdcəli aviaşirkətlərin daha geniş cəlb edilməsi və regional hava limanlarının aktiv istifadəsi turizm axınının artmasına mühüm töhfə verə bilər.

Bu prosesdə dəmir yolu nəqliyyatının inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Müasir standartlara cavab verən dəmir yolu infrastrukturu ölkə daxilində regionlararası əlaqələri gücləndirməklə yanaşı, yerli və xarici turistlər üçün təhlükəsiz, rahat və əlçatan səyahət imkanları yaradır. Sürətli və komfortlu qatarlar turistlərin müxtəlif bölgələrə daha qısa müddətdə çatmasını təmin edir. Eyni zamanda, dəmir yolu nəqliyyatının inkişafı regionlarda xidmət sektorunun aktivləşməsinə və yeni iş yerlərinin açılmasına kömək edir. Beynəlxalq dəmir yolu marşrutlarının inkişafı və mövcud potensialın qorunub saxlanılması isə ölkəmizin gələcəkdə tranzit imkanlarının genişlənməsinə, xarici turist axınının artmasına və milli iqtisadiyyata uzunmüddətli əlavə dəyər qazandırılmasına mühüm zəmin yaradır.

Turizm sektoru minlərlə insan üçün məşğulluq mənbəyi olmaqla yanaşı, regionlarda sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biridir. Yeni yerləşmə vasitələrinin, o cümlədən otellərin, qonaq evlərinin və hostellərin açılması yerli əhalinin işlə təmin olunmasına mühüm töhfə verir. Bu baxımdan hostel və qonaq evləri üçün vahid standartların tətbiqi zəruri hesab olunur. Xidmət keyfiyyətinin normativ əsaslarla tənzimlənməsi həm turist məmnunluğunu artırır, həm də bazarda sağlam rəqabət mühitini formalaşdırır.
“Turizm haqqında” Qanunun qəbulu bu sahənin hüquqi tənzimlənməsində yeni mərhələnin əsasını qoymuşdur. Bununla belə, praktiki tətbiq göstərir ki, bəzi müddəaların işlək mexanizmlərlə dəstəklənməsinə ehtiyac vardır.

Xüsusilə tur-operator və turagent münasibətləri qanunvericilikdə nəzərdə tutulsa da, bu münasibətlərin icrasına real nəzarət mexanizmi ilə tənzimlənməsi vacibdir. Tur-operatorun müştəriyə birbaşa satış etməməsi təmin olunmalı və eyni zamanda tur zamanı baş verə biləcək hər hansı hadisə ilə bağlı məsuliyyətin tur-operatorun üzərində olması daha aydın şəkildə təsbit edilməlidir. Bununla yanaşı, turagentlərin tur-operator fəaliyyəti ilə məşğul olmaması, onların tur-operator tərəfindən hazırlanmış turizm məhsullarının satışını həyata keçirməsi məqsədəuyğundur.

Bu yanaşma turizm sektorunda sağlam rəqabətin qorunmasına və məsuliyyət bölgüsünə xidmət edəcəkdir".

Mürtəza

Chosen
2
olke.az

1Sources