EN

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

AMEA rəyasət heyətində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

APA xəbər verir ki, tədbir iştirakçıları AMEA Rəyasət Heyətinin foyesində Birinci Türkoloji Qurultaya həsr olunmuş məlumat bazası, virtual sərgi, eləcə də AMEA-da yubileylə bağlı nəşr olunmuş kitablarla tanış olublar.

Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti,akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb, bu mötəbər tədbir münasibətilə qonaqları Akademiyada görməkdən məmnunluğunu ifadə edib.

Akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı ildə AMEA-da məhz bu tarixi zalda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə olub. Qurultayda türk xalqlarının dili, tarixi, ədəbiyyatı, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı gələcəyə yönəlmiş mühüm qərarlar qəbul edilib, Türk dünyasının tanınmış alim və ziyalıları bir araya gəlib.

Sonra çıxış edən Türkiyənin Yunus Emre İnstitutunun prezidenti, professor Abdurrahman Aliy Birinci Türkoloji Qurultayı ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış mühüm hadisə kimi dəyərləndirib. O, Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyaların müasir şəraitdə uğurla gerçəkləşdiyini söyləyib.

Daha sonra Birinci Türkoloji Qurultaya həsr olunan film nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək XX əsrin əvvəllərinin türk xalqları üçün mürəkkəb və taleyüklü bir mərhələ kimi yadda qaldığını deyib. Bildirib ki, Birinci Türkoloji Qurultay böyük intellektual platforma kimi çıxış edərək, dil, əlifba, maarifçilik və mədəni irs məsələlərini sistemli şəkildə gündəmə gətirib.

Daha sonra Türkiyə Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam, Türkiyə Milli Təhsil nazirinin müavini dos. Celile Ören Ökten, AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Türkiyənin ölkəmizdəki səfiri prof. Birol Akgün, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyə millət vəkili, AK Partiya sədr müavini, Türk Dövlətləri ilə əlaqələr üzrə başqan, prof. Dr. Kürşat Zorlu, Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumunun prezidenti, prof. Dərya Örs, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Dil Qurumunun rəhbəri, prof. Osman Mert, Xalq şairi Sabir Rüstəmxanlı, Türk Mədəniyyətini Araşdırma İnstitutunun direktoru, prof. Ahmet Bican Ercilasun və digərləri çıxış ediblər.

Daha sonra tədbir öz işini panel iclaslarla davam etdirib.

Beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gəlmiş tanınmış elm adamlarının məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans fevralın 28-də öz işini yekunlaşdıracaq.

Chosen
11
1
apa.az

2Sources