Şamaxı, 27 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb. Bununla belə, ərazilərdə monitorinqlər davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra aidiyyəti qurumlarla əlaqə saxlanılıb və hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bu gün saat 15:52-də Şamaxı rayonunda maqnitudası 4,7 olan zəlzələ qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 12 kilometr olub.