EN

"Qudalar agentliyi"nin yeni xidməti: Qurbağalar dalaşanda ayırırıq... - Video

Ağcabədi rayonunda kanallara nəzarət üçün təhkim olunduğu bildirilən qadın əməkdaşlar iş şəraitindən narazı olduqlarını bildiriblər...

Poliqon Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

İddialara görə, kanalda su olmadığı halda belə, əməkdaşlardan səhər saat 09:00-dan axşam saat 18:00-dək kanal kənarında dayanmaq və hər iki saatdan bir videogörüntü çəkərək aidiyyəti quruma göndərmək tələb olunur.

"Vəzifəm hidrotexniki qurğulara nəzarətdir, əvəzində zibilə, qamışlara baxırıq, qurbağalar dalaşanda ayırırıq", - deyə qadın əməkdaşlardan biri gileylənir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumatda videoda yer alan şəxslərin qurumun əməkdaşları olduqları təsdiqlənib.

Qeyd olunub ki, görüntünü çəkən şəxs də ADSEA-nın əməkdaşı olub və işə gəlmədiyi üçün işdən azad edilib.

Qurumdan verilən məlumata görə, videoda görünən qadınlar hidrotexnika mühəndisidirlər və onların əsas vəzifələri kanallarda suyun səviyyəsinə nəzarət etməkdir. Bildirilib ki, rayonlarda bu cür ştatlar mövcuddur və əməkdaşlar suyun səviyyəsini, həmçinin suyun verilməsini izləməlidirlər:

"Əməkdaşların kilometrlərlə məsafə qət edərək kanallar boyunca gəzməsi tələb olunmur, onlar adətən yaşadıqları əraziyə yaxın sahələr üzrə müşahidəçi kimi təyin edilirlər. Sözügedən əməkdaşlar iş görməkdən imtina etdikləri üçün qəsdən kanal kənarında dayanaraq video çəkiblər. Məqsədləri isə işə gəlmədən əməkhaqqı almağa nail olmaq olmaqdır".

Qurumun məlumatında o da vurğulanıb ki, heç bir əməkdaşa gün ərzində kanal kənarında dayanaraq mütəmadi videogörüntü göndərmək tapşırığı verilməyib.

"Əsas tələb onların məsul olduqları ərazilərdə kanalların vəziyyətinə nəzarət etmək, mümkün problemlər barədə məlumat verməkdir. Əməkdaşlar işləmək istəmədikləri halda, qanunvericiliyə uyğun olaraq ərizə ilə işdən ayrılmalıdırlar. Əks halda isə üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər", - deyə məlumatda qeyd olunub.

Poliqon.info

Chosen
20
2
poliqon.info

3Sources