EN

Yeni yaşayış məntəqələrində yaşıllıq sahələri minimum 40 faiz təşkil etməlidir – MÜSAHİBƏ

Bakı, 27 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Şəhərsalma yaşayış məntəqələrinin planlaşdırılması, inşası və inkişafı prosesidir. Bu fəaliyyət iqtisadi, sosial, ekoloji və mühəndis-texniki vəziyyəti nəzərə alaraq, optimal yaşayış mühiti yaratmaq üçün binaların, infrastrukturun, su, qaz və digər kommunikasiyaların səmərəli yerləşdirilməsini əhatə edir. Təbii ki, hər bir layihə və yenidənqurma işi ətraf mühitə təsirsiz ötüşmür.

Bəs, şəhərsalma zamanı ətraf mühitə təsir necə qiymətləndirilir, layihələr həyata keçirilərkən diqqət edilməsi vacib olan məqamlar hansılardır?

AZƏRTAC-ın bununla bağlı suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov cavablandırıb.

- Azərbaycanda şəhərsalma zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi necə aparılır?

- Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi Azərbaycan Respublikasının “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” qanunları və digər normativ-hüquqi aktlara uyğun şəkildə həyata keçirilir. Qanunvericiliyə əsasən, şəhərsalma fəaliyyəti sahəsində ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi yalnız Ərazi planlaşdırma sənədləri üzrə layihənin başlanğıc mərhələsində həyata keçirilir. Ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi aşağıdakı mərhələləri əhatə edir:

- Layihə təşəbbüsünün təqdim edilməsi və ilkin ekoloji qiymətləndirmə;

- Layihənin ətraf mühitə mümkün təsirlərinin müəyyən edilməsi (hava, su, torpaq, biomüxtəliflik, landşaft, tullantıların idarə olunması və s.);

- Alternativ variantların təhlili;

- İctimai dinləmələrin təşkili və ictimaiyyətin rəyinin öyrənilməsi.

Sonda digər qurumların rəyi ilə yanaşı, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən müsbət ekoloji rəyin verilməsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti layihələrinin icrasına start verilir.

- Şəhərsalma layihələri hazırlanarkən hansı ekoloji normalar mütləq şəkildə diqqətdə saxlanılmalıdır?

- Şəhərsalma layihələri hazırlanarkən aşağıdakı ekoloji normalar və tələblər mütləq nəzərə alınmalıdır:

- Atmosfer havasının mühafizəsi və yol verilən tullantı hədlərinə riayət olunması;

- Səs-küy və vibrasiya normalarının gözlənilməsi;

- Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması;

- Torpaq qatının və yaşıllıq sahələrinin qorunması;

- Məişət və tikinti tullantılarının düzgün idarə olunması;

- Sanitariya-mühafizə zonalarının müəyyən edilməsi;

- Yaşıllaşdırma normalarına riayət olunması;

- Bioloji müxtəlifliyin qorunması.

Həmin normalar müvafiq dövlət standartları və sanitariya qaydaları ilə tənzimlənir.

- Bəs mövcud yaşıllıqların qorunması və yeni yaşıllıqların salınması necə tənzimlənir?

- Mövcud yaşıllıqların qorunması və yeni yaşıllıq sahələrinin yaradılması “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu, “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, həmçinin digər müvafiq qanunvericilik aktları və şəhərsalma normaları ilə tənzimlənir. Layihələndirmə zamanı mövcud ağac və yaşıllıqların inventarlaşdırılması aparılır, zəruri hallarda köçürülmə və ya kompensasiya mexanizmləri tətbiq edilir, layihə ərazisində normativlərə uyğun yaşıllıq sahəsi nəzərdə tutulur, park, bağ və istirahət zonalarının salınması planlaşdırılır. Ərazi planlaşdırılması sənədlərinə əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq sahələri yeni ərazilərdə minimum 40 faiz, yenidən layihələndirilən məhəllələrdə isə minimum 25 faiz təşkil etməlidir. Eyni zamanda, irihəcmli layihələrdə landşaft memarlığı həlləri və ekoloji tarazlığın qorunması əsas prinsiplərdən biri kimi qəbul edilir.

Chosen
14
2
azertag.az

3Sources