
Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov qonaqlara akademiyanın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və inkişaf planları barədə məlumat verib. Bildirilib ki, "AI Academy" Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq ölkədə yüksəkixtisaslı mütəxəssis hazırlığının sistemli şəkildə təşkili, dövlət və özəl sektor üçün tətbiqyönümlü bacarıqların inkişaf etdirilməsi və innovasiya mühitinin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir.

Qonaqlara akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlim modulları təqdim olunub, tədris prosesinin real layihələrə əsaslanan model üzrə qurulduğu diqqətə çatdırılıb. Bu yanaşmanın süni intellekt texnologiyalarının yalnız nəzəri bilik səviyyəsində deyil, konkret iqtisadi və institusional tətbiqlər vasitəsilə dəyər yaratmasına xidmət etdiyi bildirilib.

Görüş zamanı süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də bu istiqamətdə birgə təşəbbüslərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
AzVision.az