EN

Gənc startapçı xidmət axtarışını asanlaşdıracaq platforma yaradıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 27 fevral, Günel Türksoy, foto Səfiyar Məcnun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və menecment ixtisası üzrə müəllimi Rasim Həkimov “Servantis” adlı yeni startap layihəsi hazırlayıb. Layihə xidmət göstərənlərlə xidmət axtaranları vahid və təhlükəsiz platformada bir araya gətirməyi hədəfləyir.

Bu barədə AZƏRTAC-a açıqlama verən R.Həkimov bildirib ki, “Servantis” sözü “peşəkar xidmət göstərən” mənasını ifadə edir: “Layihənin əsas məqsədi istifadəçilərə operativ, rahat və coğrafi baxımdan ən yaxın xidməti tapmaq imkanı yaradan müasir axtarış sistemi formalaşdırmaqdır. Platformada xidmət göstərən şəxslər qeydiyyatdan keçərək fəaliyyət istiqamətlərini təqdim edəcək, xidmət axtaranlar isə yerləşdikləri ərazi üzrə mövcud təklifləri birbaşa görə biləcəklər”.

Onun sözlərinə görə, layihənin əsas üstünlüyü sürətli və yaxın xidmətin tapılmasının asanlaşdırılmasıdır: “Məsələn, təcili ustaya ehtiyac yarandıqda evdə su borusunun partlaması kimi hallarda istifadəçi sistem vasitəsilə ən yaxın və yüksək reytinqə malik mütəxəssisi qısa müddətdə müəyyən edə biləcək. Hazırda internet üzərindən xidmət axtarışı zamanı keyfiyyətin qiymətləndirilməsi, etibarlılıq və ödəniş təhlükəsizliyi ilə bağlı müəyyən çətinliklər mövcuddur. Bir çox hallarda istifadəçilər ustanın peşəkarlıq səviyyəsini və xidmət keyfiyyətini əvvəlcədən dəqiq müəyyənləşdirə bilmirlər. Bu isə etibar probleminə və əlavə risklərə səbəb olur. “Servantis” platforması isə şəffaf reytinq sistemi, istifadəçi rəyləri və təhlükəsiz mexanizmlər vasitəsilə bu problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyur. Layihə keyfiyyətli xidmətə ən sürətli və rahat çıxışı təmin etməklə yanaşı, bazarda etibarlı mühit formalaşdırmağı hədəfləyir. Hazırda startap test mərhələsindədir. Layihə üzərində təkmilləşdirmə işləri aparılır və yaxın gələcəkdə platformanın bazara təqdim olunması planlaşdırılır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib. Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda, tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
azertag.az

2Sources