EN

Uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır - ekspert

Uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır - ekspert

Bu gün Prezident İlham Əliyevin imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması haqqında” Sərəncam rəqəmsal ekosistemimizdə, xüsusən də 20 yaşı olan sosial media mühitimizdə yeni dövrün başlanğıcı hesab oluna bilər.

AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sözügedən sərəncamla bağlı fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, sənəddə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi və normativ aktların hazırlanması tapşırığı verilib: "İndiyə qədər Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti daha çox "formal bir prosedur" idi. Sosial şəbəkələr öz daxili qaydalarında "minimum 13 yaş" yazsa da, qeydiyyat zamanı doğum tarixini dəyişmək kifayət idi. Uşaqlar öz yaşlarını özləri təyin edirdi və bu, onların zərərli kontentlərlə qarşılaşmasının əsas səbəbi idi. İndi isə görünən odur ki, dövlət bu boşluğu bağlamağa iddialıdır. Düşünürəm ki, uşaqların rəqəmsal mühitdə qorunması, həm də dünyada gedən proseslər baxımından rəqəmsal suverenliyin təmin edilməsi baxımından doğru və məntiqli yanaşmadır".

Bəs bu texniki olaraq necə mümkün olacaq? Texnoloji identifikasiya: Hansı yol seçiləcək? O.Gündüzün sözlərinə görə, yaşın yoxlanılması üçün dünyada artıq bir neçə effektiv, lakin özünəməxsus çətinlikləri olan modellər var: "Birinci yol süni İntellekt əsaslı yaş təxminidir. Platformalar istifadəçinin üz cizgilərini, davranışlarını və danışıq tərzini analiz edərək yaşını təxmin edən modellərdən istifadə edə bilər. Bu yol da məxfilik baxımından suallar, risklər yaradır.

İkinci yol dövlətə məxsus identifikasiya sistemi ilə inteqrasiyadır. Yəni sosial resurslar local identifikasiya sistemlərinə inteqarsiya imkanı yaratmalıdrılar. Bu, daha ağlabatan yoldur, lakin qlobal şəbəkələrin, dünyanı idarə edənlərin yerli dövlət bazaları ilə məlumat mübadiləsinə razı olub-olmaması da güman ki, müzakirə mövzususu ola biləcək.

Eyni zamanda identifikasiya üçün şəbəkəyə daxil olan avadanlıqlarda valideyn nəzarəti, "Parental control"un aktivləşdirilməsi tələbi də variantlardan biri ola bilər

Bir daha vurğulamaq istərdim ki , Azərbaycan bazarı qlobal platformalar üçün çox böyük gəlir mənbəyi deyil. Bizim bazardan onlara elə də böyük pullar getmir. Əgər tənzimləmələr orchards onların standart biznes modellərini ciddi şəkildə pozarsa, platformalar texniki əməkdaşlıqdan boyun qaçıra və ya hətta bəzi xidmətlərini məhdudlaşdıra bilər.

Həm də başqa rsiklər də qaçılmaz ola bilər. Platformalar konservativ əsaslı əməkdaşlıqdan imtina edərsə hökumətin də cavab olaraq sərt bloklaması uşaqların VPN istifadəsini kütləviləşdirə bilər. Bu isə rəsmi nəzarəti tamamilə itirmək deməkdir".

Ekspertin fikrincə, bu məsələdə ifrat tənzimləmə uşaqların rəqəmsal bacarıqlarını zəiflədə bilər, yaradıcılıq və təşəbbüskarlıq imkanları azala bilər və digər ölkələrdəki həmyaşıdlarla rəqabəti də zəifləyə bilər: "Beləliklə, düşünürəm ki, bu qaydaları reallaşdırmaq üçün elə Sərəncamda da Prezidetin tapşırığına uyğun olaraq bütün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələr keçirilib ortaq, Azərbaycan maraqlarına cavab verən yol tapılmalıdır.

Və əlbəttə, bu məsələlərdə maariflənmə, cəmiyyətin bütün təbəqələrinin birləşib uşaqların rəqəmsal təhlükəsizliyinə töhfə verməsi ən doğru yoldur".

Chosen
23
1
afn.az

2Sources