EN

Minimum əməkhaqqının məbləğinə hər il yenidən baxılacaq

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Əmək Məcəlləsində" dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.

Qeyd edək ki, son olaraq minimum əməkhaqqı məsələsinə 2025-ci ilin yanvarın 1-də baxılıb. Həmin vaxt minimum əməkhaqqı 400 manat müəyyən edilib.

Son illər beynəlxalq təşkilatların və komissiyaların qiymətləndirmələrində ölkələrin əmək bazarının çevikliyi, sosial müdafiə mexanizmlərinin adekvatlığı və gəlir siyasətinin institusional əsasları xüsusi indikator kimi ölçülür. Azərbaycan üzrə reytinq göstəriciləri də məhz bu istiqamətdə siyasətin daha çevik və dövri qiymətləndirmə modelinə keçməsini zəruri edirdi. Qanunvericiliyə edilən dəyişiklik minimum əməkhaqqının hər il avtomatik artırılması deyil, ildə azı bir dəfə yenidən qiymətləndirilməsi mexanizmini təsbit edir. Bu isə o deməkdir ki, qərarlar iqtisadi dinamika, inflyasiya, əmək bazarındakı dəyişikliklər və fiskal imkanlar nəzərə alınmaqla qəbul olunacaq.

Mütəxəssislərin fikrincə, bu mexanizm qiymətləndirmə prosesidir. Yəni minimum əməkhaqqı artada bilər, artmaya da bilər, lakin mütləq şəkildə yenidən baxılacaq, təhlil olunacaq və qiymətləndiriləcək. Konkret təkliflər təqdim ediləcək, göstəricilər əsasında qərar qəbul olunacaq və yekun məbləğ müəyyən ediləcək. Amma hazırkı şəraitdə böyük ehtimalla, ildə ən azı bir dəfə artımın mümkün və real ssenari olduğunu demək olar.

İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanları deyil, vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqı alanları da əhatə edir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir: "Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövri olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əmək haqqından az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur".

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bir sıra faktorlar 2026-cı ildə minimum əməkhaqqının artırılması istiqamətində müəyyən çağırışlar formalaşdırıb: "Bunlardan birincisi, Əmək Məcəlləsinə edilən dəyişiklikdir. Ən azı ildə bir dəfə minimum əməkhaqqı səviyyəsinə baxılmalıdır. Bu o deməkdir ki, cari ildə hökumət həmin istiqamətdə müvafiq təkliflə çıxış etməlidir. İnflyasiyanın 2025-ci ilin əvvəlindən etibarən yüksək templə davam etdiyini də nəzərə almaq lazımdır. Keçən il 5,6 faizlik inflyasiya qeydə alınıb. Ərzaq məhsullarında isə bu göstərici 7 faiz səviyyəsində oldu. Bu tempin 2026-cı ildə də davam edəcəyi gözlənilir. Mərkəzi Bank cari ildə 5,4 faiz səviyyəsində inflyasiya proqnozlaşdırır".

İqtisadçının fikrincə, indiki şərtlər daxilində minimum əməkhaqqı ən azı 600 manat civarında olmalıdır: "Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması istiqamətində hədəfləri var. Bu şərtlər daxilində orta aylıq əməkhaqqı 1100 manat olduğundan, minimum əmək haqqı da 660 manata çatdırılmalıdır. Başqa bir tərəfdən, ölkədə 10 milyon əhalinin olması fonunda 5 milyon 200 min məşğul şəxs var. Yəni 2 nəfərə bir məşğul şəxs düşür. Bu isə o deməkdir ki, bir nəfərin gəliri ən azından 2 nəfərin minimum xərclərini ödəməlidir. Ehtiyac meyarının 300 manat olduğunu nəzərə alsaq və birin ikiyə nisbəti tətbiq olunarsa, bu halda minimum əmək haqqı indiki şərtlər daxilində 600 manata çatdırılmalıdır".

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, minimum əməkhaqqının məbləği ölkədə inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınaraq müəyyənləşəcək. Artım əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verəcək, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edəcək. Bu baxımdan, minimum əməkhaqqının növbəti artımından sonra yaşayış minimumu arasında rəqəm də təxminən 30-40 faiz yüksəlmiş olacaq. Eləcə də minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbət göstəricisinin də yüksəlməsinə imkan verəcək.

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, minimum əmək haqqının məbləğinə 6 aydan bir yenidən baxılması müsbət tendensiya formalaşdırır. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir: "Əsas məna ondan ibarətdir ki, minimum əmək haqqı artıq uzun müddət dəyişməz qalmayacaq, iqtisadi vəziyyətə uyğun olaraq ildə ən azı bir dəfə qiymətləndiriləcək. Bunun müsbət tərəfi odur ki, qiymətlər artdıqca və infilyasiya yüksəldikcə aşağı maaş alan insanların gəliri köhnə səviyyədə qalmayacaq. Əgər yaşayış xərcləri artarsa, minimum əmək haqqının da artırılması mümkün olacaq. Bu isə aztəminatlı işçilərin alıcılıq qabiliyyətinin qorunmasına kömək edə bilər".

A.Nəsirli qeyd edib ki, işçilər üçün daha sabit və proqnozlaşdırıla bilən bir sistem formalaşa bilər. "Yəni əsas dəyişiklik ondan ibarətdir ki, minimum əmək haqqı daha çevik şəkildə tənzimlənəcək və iqtisadi vəziyyətə uyğunlaşdırılacaq".

Xatırladaq ki, minimum əmək haqqı "Yaşayış minimumu haqqında" Qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
525.az

1Sources