EN

Üzeyir və Ceyhun Hacıbəylilər Solmaz Rüstəmova Tohidi yazır

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Solmaz Rüstəmova-TOHİDİTarix elmləri doktoru, professor

(Əvvəli ötən saylarımızda)

Ceyhun Hacıbəylinin siyasi mühacirət həyatı yaşadığı Parisdən Vətənə, Bakıya qayıtması məsələsi Üzeyir Hacıbəyovun 1925-ci il məktublarında artıq tam qətiyyətlə qoyulur və yalnız ailəsi deyil, yerli hakimiyyət nümayəndələri də bu məsələdə çox maraqlı görünürlər: "Kağızını bir para yoldaşlara göstərdim. Çox xoşlarına gəldi. Hamısı sənin gəlməyinin tərəfdarıdırlar"; "İşlərin tövri böylə göstərir ki, sizlər buraya qayıtmalısınız. Burada olan bütün yoldaşlar və həmçinin sair tanışlar hamısı böylə məsləhət görürlər ki, siz buraya gələsiniz". 

Bu arada Ceyhun bəyin xanımı, Zöhrənin qardaşı, Sankt-Peterburq Mülki Mühəndislik İnstitutunun məzunu, Moskva və Petroqradda müxtəlif vəzifələrdə işləyən Musa Hacıqasımovun da Azərbaycana gəlməsi və dərhal yüksək vəzifələrə təyin edilməsi Üzeyir bəyə böyük ümidlər verir: "Onun da burada olması yaxşıdır".

5 ilə yaxın müddətdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Ali Xalq Təsərrüfatı Şurasının sədri, Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri kimi vəzifələr daşıyan Musa Hacıqasımov bacısının ailəsinin Vətənə qayıtması üçün görünür ki, həqiqətən bir sıra əməli addımlar atır: "Musa buradakı yoldaşlar ilə danışıbdır, bu günlərdə Moskvaya gedəcəkdir ki, mərkəz ilə dəxi danışıb sizin üçün buraya gəlmək izni alsın. Sən buraya gələn kimi yaxşı qulluq sahibi olarsan". Üzeyir bəyin məktubundan bu da anlaşılır ki, Ceyhun bəylə bağlı onun qaynının daha irəli gedən planları var: "Musanın bir fikri də budur ki, sənin üçün orada yaxşı qulluq düzəltsin. Bu xüsusda sizə kağız yazacaqdır və sizinlə məsləhət edəcəkdir. Bizcə, hər ikisi yaxşı olar".

Ceyhunun məsələsinin həlli üçün Üzeyir bəy hətta özünün xaricə təhsil almağa getməsi məsələsini də təxirə salmağa razıdır: "Maarif Komissarlığı mənim musiqi xidmətlərimin əhəmiyyətini diplomlu professorların xidmətindən daha əziz görməklə bərabər, mənim ali musiqi təhsili alıb da daha kamil olmağım tərəfdarıdır. Zatən mənim əlimdə bu gün diplom olsaydı, bir çox dedi-qodular aralardan götürülərdi... Fəqət mən hələ ki, Maarif Komissarlığını tələsdirmək istəmiyorum, çünki əvvəla, sizin məsələ həll olunacağa qədər buradan sizə kömək etməliyəm..."

Üzeyir bəyi bu məsələnin tezliklə həllinə sövq edən bir səbəb də var. Gəncliyindən əsəbi olan Ceyhun bəyin kəskinləşən əhval-ruhiyyəsi haqda görünür ki, Bakıya başqa ünvanlardan, o cümlədən Zöhrədən də məlumatlar gəlir və Üzeyir bəy qardaşına artıq nəsihət yox, töhmət dolu sətirlər yazır: "... işlər böylə olduqdan sonra sənin əsəbilik etməyə bundan sonra heç bir haqqın yoxdur və bir də bu əsəbiliyi bir kərə kənara tullamağın vaxtı çoxdan yetişibdir... toxtaqlıq və mərdanəlik əvəzinə əsəbilik edirsənsə, Zöhrəni karıxdırıb öz analıq vəzifəsinə xələl yetirirsən... başını həmişə bir iş ilə məşğul et ki, malxulyaya məhəl qalmasın..." 

Üzeyir Hacıbəyov, 1930-cu illərdə.

Bu zaman Üzeyir bəy Ceyhunu qəbul edəcəyi ciddi qərar qarşısında daxili gərginlik keçirməyə sövq edən səbəblərə də toxunur: "Və bir də ora qəzetələrinin və ya ağız danışıqlarının bizim haqqımızda söylədikləri və yazdıqları axmaq yalan və mübaliğəli sözlərinə heç bir əhəmiyyət vermə. Biz çox yaxşı dolanırıq və heç bir şeydən şikayət etməyə ehtiyacımız yoxdur".

Lakin bir neçə aydan sonrakı məktubdan aydın olur ki, başı dövlət işlərinə qarışmış Musa Hacıqasımovun Ceyhun üçün xaricdə iş tapmaq fikrinin "sözdən işə" keçməsinə xeyli vaxt lazım olacaq, odur ki, bu iş yenidən yalnız Üzeyir bəyin üzərində qalır və görüşdüyü "bütün yoldaşlar və həmçinin sair tanışların hamısının"  məsləhətini - "siz buraya gələsiniz" -   dərhal qardaşına çatdırır.

Bu məktubunda Üzeyir bəy ilk dəfə həmin "yoldaşlardan" birinin adını çəkir və məlum olur ki, Ceyhunun Bakıya qayıtmasına və yüksək vəzifəyə təyin olunmasına zəmanət verən adam AK (b)P MK katibi Əliheydər Qarayevdir: "... bu günlərdə yoldaşlardan Əliheydər ilə görüşüb işi bu qərara qoyduq ki, biz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə müraciət edək ki, sizin buraya gəlməginizə izn və viza versinlər. İzni alan kimi sizə məlum edərik, o halda siz də gələrsiniz. Əliheydər yoldaş söz verir ki, siz gələn kimi yaxşı qulluq sahibi olarsan və bizə qarşı göstərilən hörmət sənə dəxi göstərilər. Əliheydər yoldaşın bu sözü bizdən və səndən ötrü böyük bir sübutdur. Çünki onun bir kərə söz verməyi kifayətdir".

Üzeyir bəy bu dəfə işin alınacağına çox əmindir və Ceyhunu Vətənə qayıtmaq üçün az qala dilə tutur, bu zaman tək qardaşının deyil, ölkəsinin də qazanacağını vurğulayır: "Daha bir o qədər qürbətdə qaldınız bəsdir, indi də Vətənə qayıdıb bir iş sahibi olmaq lazımdır ki, həm uşaqlarınız barəsindən arxayın olarsınız, həm də Azərbaycana bir mənfəət yetirəsən. Və bir də buranın yaşayışı bu saat çox gözəldir, hər kəs öz işində-gücündə, ələlxüsus biz ki, günlərimizi həqiqət çox yaxşı keçiririk".

Bu məktubun 1925-ci ilin oktyabrında, Azərbaycanda həqiqətən ictimai-siyasi mühitin sabitləşdiyi, müxtəlif sahələrdə böyük quruculuq işləri getdiyi, 20-ci illərin əvvəllərində siyasi ittihamlarla həbs olunmuş bir sıra məhbusların, o cümlədən ədəbiyyat, mədəniyyət xadimlərinin azadlığa buraxıldığı və işlə təmin edildiyi, nəhayət, bütün İttifaq miqyasında  mühacirlərin xaricdən vətənə qayıtması prosesinə rəvac verildiyi bir vaxtda yazıldığı nəzərə alınmalıdır. Təsadüfi deyil ki, Üzeyir bəy və hər məktubda adlarını sadaladığı ailə üzvləri, xüsusilə anası Ceyhunun və ailəsinin Bakıya qayıtmasını ürəkdən arzulayır, qardaşının bu səfərini təşkil etmək üçün bütün məsələləri yoluna qoymağa çalışır: "...Gələndə də Moskva tərəfilə gələrsiniz ki, daha yaxşı yoldur... bu günlərdə izn və viza alıb sizə göndərəcəyik ki, əlbəttə, durmayıb gələsiniz, o vaxt nə sayaq gəlməyin tövrünü dəxi müfəssəl sənə yazıb bildirəcəyik və yol xərci barəsində dəxi tədbirlər görüləcəkdir... yəqin bilin ki, məsləhət böylədir, yəni gəlməkliyiniz vacibdir".

Üzeyir bəyin bu təklifləri və qənaəti 1926-cı ilin I yarısında da öz qüvvəsində qalır və belə görünür ki, razılıq hələ Ceyhun tərəfindən verilməyib, buna da onun qardaşına məktubunda müəyyən səbəblər gətirilib. Çünki Üzeyir bəy inadla: "Sənə keçən il yazmışdım və genə təkrar yazıram ki, sənin buraya gəlməginə heç kəsin bir sözü yoxdur. Hökumət izn verəndən sonra nə üçün gəlməmək? Halbuki izn ilə gələnlərin hamısı burada rahat oturub, qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov, Vəkilov və sairələri".

Bu məktubdan o da aydın olur ki, izn üçün Ceyhun Hacıbəyli özü Fransadakı Sovet səfirliyi vasitəsilə Azərbaycan hökumətinə müraciət etməlidir: "İzn almaq yolu dəxi necə ki, əvvəldə sənə yazmışdım böylədir. Sən bizim Parisdəki polpredstvoya Azərbaycan Şura hökuməti namına olaraq ərizə verirsən ki, sənə buraya gəlməyə izn verilsin. Sənin ərizənə görə polpredstvo buradan və Moskvadan soruşur ki, bu xüsusda məmaniət varmı, ya yoxmu? Sonra onun cavabı sənə bildirilir və izn olduğu halda sənin üçün yol açıqdır".

Ceyhun bəy görünür ki, Azərbaycan hökumətinə özü müraciət etmək istəmir və Üzeyir bəyin məktubunun məzmunundan belə çıxır ki, qardaşı mümkün olan iki yoldan digərini seçib. Yəni Üzeyir bəyin özünün Bakıda bu işi hazırlamasının -  məsul idarələr qarşısında məsələ qaldırması, Moskvada bu işə baxılıb izn alındıqdan sonra Paris nümayəndəliyinə göndərilməsi və oradan da imtina olmazsa Ceyhun bəyə icazə verilməsi - tərəfdarıdır. Ceyhun bəyin məktubları əldə olmadığından onun bu məsələdə hansı tərəddüdlər keçirdiyini söyləmək çətindir, amma Üzeyir bəyin məktubundakı bəzi cümlələrin sətiraltı mənasından aydın olur ki, Ceyhun bəyi narahat edən məqam onun Cümhuriyyət dövrü rəsmi siyasi statusudur. Üzeyir bəy məhz bu məsələnin üstündən "necə keçməyi" ona "başa salır": "Mən bir kərə də olsun eşitməmişəm ki, izn verilmək-lə buraya gələn adamlara sonra bir əziyyət olsun və halonke əvvəllərdə təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə sidq dil ilə qulluq edirlər. Sən ki, məlum olduğu üzrə təqsirsizsən, özün də ki, Parisdə student olaraq yaşayırdın, nəinki mühacir. Və firəng dili bildiyinə görə səni texnik katib etmişdilər. Qərəz ki, Azərbaycandakı məsul yoldaşlar sənin kim və nəçi, və nə məsləkli adam olduğunu gözəlcəsinə bilirlər və təəccüb edirlər ki, sən indiyə kimi buraya gəlmirsən".

Üzeyir Hacıbəyov özünün təşkil etdiyi Xalq çalğı alətləri ansamblının üzvləri arasında. 

Beləliklə, məsələ yavaş-yavaş aydınlaşmağa başlayır. Mümkündür ki, Ceyhun bəyin xaricdəki həmkarları da bu qayıtmaq məsələsinə bir qədər şübhə ilə yanaşıblar. Belə ki, bəzi tələbələr və Azərbaycan Cümhuriyyətinin İstanbulda səfiri olmuş Yusif Vəzirov (Çəmənzəminli) istisna olmaqla digər keçmiş hökumət rəsmilərinin - siyasi mühacirlərin Vətənə dönmələri faktlarına elə də təsadüf edilmir. Yusif Vəzirovun özünün də Vətənə qayıtmazdan əvvəl "Müsavat" partiyası ilə açıq münaqişəyə girməsi və  "ifşaedici" məktubu onun həmin "izni" necə aldığına dair xeyli suallar doğurur.

Üzeyir bəy, təbii ki, öz məktublarında bu barədə açıq yazmır. Ceyhun Hacıbəylinin Paris Sülh Konfransında Azərbaycan Nümayəndə heyətinin rəsmi üzvü kimi fəaliyyətinin sadəcə "student" - tələbə, yaxud fransız dilini bilən "texniki katib" kimi Bakı və hətta Moskva rəhbərliyi tərəfindən qəbul edilə biləcəyini görünür ki, mümkün sayır və qardaşını xaricdəki "reaksion mətbuatın" Azərbaycan haqqında "fəna yazdıqlarına" inanmamağa çağırır: "Bizimkilər və biz özümüz səni inandıra bilərik ki, heç vaxt böylə asudə və rahətcəsinə yaşamamışdıq. Bu saat buraların əhvalı çox gözəldir, qoçubazlıqla məşğul olan Bakıdan heç bir əsər də qalmayıbdır, hər kəs rahətcəsinə öz işinə məşğuldur. Və işlər də o qədər maraqlıdır ki, il gəlib dolandığı heç nəzərə də gəlmiyor. İnşallah, bu may gələndə özün görərsən və təəccüb edərsən".

Lakin Ceyhun Hacıbəyli nə 1926-cı ilin mayında, nə də sonrakı aylar və illərdə Vətənə qayıtmır. 

1926-cı il  Üzeyir bəyin özünün də ən böyük arzusunun -  təhsil almaq üçün xaricə getmək məsələsinin reallaşacağına böyük ümidlər verən zaman kəsiyidir. O, bu yolda inadla çalışır və inadını mühüm edən amilləri dilə gətirir: "Məni ikmali-təhsilə məcbur edən özümün arzumdan əlavə, içərisində yaşadığımız şəraitdir ki, axırda Azərbaycanda musiqi təhsili işləri başında bir nəfər də olsa azərbaycanlı durmalıdır ki, o surətlə Maarif Komissarlığı öz musiqi təlimi proqramını daha asanlıqla yeridə bilər".

Lakin bu "məcburiyyətin" daha bir tərəfi də vardır ki, görünür Üzeyir bəyə xüsusilə əzab verir: "... mənim yoldaşlarım hamısı öz yarımçıq qalmış təhsillərini indi ikmalə yetirib biri direktor, biri incinar və sairə olduqları halda mənim bu xüsusda geridə qalmağım mənə çox ağır gəlir və bir də əlimdə diplom olmamaq işlərimə mane olur".

Üzeyir bəyin bu ümid və hətta inamı heç də əsassız deyildir. 1926-cı ildə Üzeyir Hacıbəyovun ali təhsil üçün xaricə getmək məsələsi həqiqətən dövlət səviyyəsində bir neçə dəfə müzakirə olunur. Bu mövzu ilə bağlı rəsmi sənədlərə müraciət etmədən onun öz məktublarından da məsələnin müsbət həllə doğru getdiyi aydın görünür: "Mənim ali təhsil almaq fikrim Maarif Komissarlığı tərəfindən hüsni-qəbula keçdi və bu xüsusda Maarif Komissarlığı kollegiyası tərəfindən qərar çıxdı ki, mən ali təhsilimi bitirmək üçün iki il müddətinə komandirovka olmaq üzrə Almaniyaya gedim. Mənimlə bərabər üç nəfər doktor dəxi göndərilir. Kənari bir məmaniət olmasa iyunun birində yola düşməliyik". 

Üzeyir Hacıbəyov özünün təşkil etdiyi xora dirijorluq edərkən (1930-cu illər). 

Maarif Komissarlığının Üzeyir bəyi bu və digər məsələlərdə tam dəstəklədiyi məlumdur.  Ölkədə milli kadrlar, xüsusilə musiqi sahəsində, yox dərəcəsindədir və Üzeyir bəylə bağlı gözləntilərini rəhbərlik heç də gizlətmir və onun özü ilə də açıq bölüşür: "Şübhəsizdir ki, mən təhsildən qayıdandan sonra Maarif Komissarlığı, hökumət Ali Konservatoriyasının idarəsini mənə tapşı-racaqdır, çünki bunca illər göstərdi ki, başqaları bu işi bacarmıyorlar və bu xüsusda Azərbaycana bir mənfəət gətirə bilmiyorlar. Maarif Komissarı yoldaş Mustafa Quliyev mənim işləməyimi çox təqdir edir, odur ki, ali təhsilimi bitirməyə cani-dildən razı olub, məni təbrik etdi. Başqa komissar yoldaşlar dəxi müvafiqət göstərdilər". 

Lakin Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 15 mart 1926-cı il tarixli müsbət qərarı hələ "başqa mərkəzlərdə" - yəni yuxarı instansiyalarda həll və təsdiq olunmalı idi.

Ceyhuna yazılan və əldə olan məktublardan çıxış edilərsə bu işin uzanmasını "texniki səbəb" kimi görən və "ona görə bir qədər dəxi səbr lazımdır" - deyə bəlkə də Ceyhundan daha çox özünü sakitləşdirən Üzeyir bəyin iyun ayı üçün Almaniyaya ezamiyyətə gedə bilməyəcəyi onun 29 iyun 1926-cı il tarixli məktubundan artıq aydındır: "Hal-hazırda mənim təhsil məsələmin son qərarı hələ açıqdır, çünki yoldaşlardan bir neçəsi ki, bu məsələni həll etməlidirlər, məzuniyyətdən qayıtmayıbdırlar, onlar qayıdan kimi özüm dəxi görüşüb, ümidvaram ki, həllinə müvəffəq ola bilim. Hər halda tələsməgə o qədər ehtiyac yoxdur, hələ vaxt vardır, mən sentyabrda da gedə bilərəm".

Son nəticədə Üzeyir bəy nəinki 1926-cı ilin sentyabrında, heç sonrakı aylarda və illərdə də ali təhsil almaq üçün Almaniyaya, ümumiyyətlə hər hansı xarici məmləkətə gedə bilmir. Rəsmi sənədlərdən məlumdur ki, 1926-cı il 29 mart tarixində Az. KP MK-nın Rəyasət Heyətinin iclasında "xarici ezamiyyətlər" məsələsi müzakirə olunarkən həmin  "üç cərrah"ın  (Mustafa Topçubaşov, Mustafa Hacıqasımov və Mirəsədulla Mirqasımov) elmi məqsədlərlə, tələbə Bülbülün isə təhsilini artırmaq üçün xaricə ezam olunmaları müsbət həll olunduğu halda yalnız Üzeyir Hacıbəyovun Almaniyaya ezamiyyətə getmək haqqında Az.KP MK-nın Katibliyinin 2 gün əvvəl qəbul etdiyi qərar ləğv olunub.

Bu "ləğv"in, yəni birmənalı olaraq Üzeyir bəyin xaricə buraxılmamasının arxasında, şübhəsiz ki, ciddi səbəblər vardı. Və bu səbəb ilk növbədə Ceyhun Hacıbəyli, onun Parisdə siyasi mühacir həyatı ilə bağlı idi. 1920-ci illərdə Parisdəki Azərbaycan nümayəndə heyəti, başda Ə.M.Topçubaşov olmaqla Azərbaycanda Cümhuriyyətin işğal olunduğu faktından çıxış edərək dünyanın aparıcı Qərb dövlətlərinin Sovet bolşevik hökumətinə qarşı sərt barışmaz mövqeyi fonunda Azərbaycan məsələsini bir çox beynəlxalq konfranslarda gündəmə gətirmək üçün geniş fəaliyyət göstərirdi. Üzeyir bəy, təbii ki, Ceyhunun daxil olduğu qurumun bu istiqamətdə gördüyü işlərdən xəbərsiz idi. Lakin o, 1926-cı ilin martının sonlarında özünün xaricə ezamiyyət məsələsinə ən yüksək səviyyədə -  respublika partiya rəhbərliyi tərəfindən artıq mənfi  cavab verildiyindən xəbərsiz ola bilməzdi. Bu halda, iyun ayının sonlarında yenidən bu mövzuya qayıtması, "bu məsələni həll edə biləcək" hansı "yoldaşlarınsa" məzuniyyətdən qayıtmasını gözləməsi və Ceyhuna Bakıda çıxan "Maarif və mədəniyyət" jurnalına məqalələr yazmaq təklifi ilə yanaşı -  "Əlavə heç bir kəs ilə mübahisələrə girməmək şərtilə və ya yalnız ədəbi və fənni mübahisələrlə kifayətlənib dokladlar etsən, daha yaxşı olar" -   tövsiyəsi hansı ümidlərlə bağlı idi?

İstənilən halda sonrakı bir neçə məktubunda Üzeyir bəy bu məsələyə qayıtmayaraq yalnız Bakıdakı vəziyyətdən, konservatoriyada verdiyi dərslərdən, "işlərinin çoxluğundan" heç bir yeni əsər yazmadığından, ailə üzvlərinin, qohumların səhhəti və məşğuliyyətindən söhbətlər açır, Ceyhuna mütəmadi olaraq göndərdiyi maddi yardım haqda hesabat verir. 1927-ci il 26 fevral tarixli məktubunda gələn teatr mövsümündə "Leyli və Məcnun" operasının 20 illiyinə hazırlaşmaq istədiyini bildirən Üzeyir bəy prorektoru olduğu konservatoriyada bir neçə professorun ona rektor olmaq təklifini qəbul etmədiyini, Maarif komissarlığı işə qarışdıqdan sonra da bu etirazını "ali təhsilimi bitirməyincə rektor olmağa razı degiləm" - kimi əsaslandırdığını vurğulayır. Onun bu qətiyyəti qarşısında "Komissar yoldaş" onu "tələsdirməyə" lüzum görməsə də: "hərçənd burası yəqindir ki, bir-iki ildən sonra Üzeyir bəy rektor olacaqdır" - fikrini bildirir.

Bütün bu və digər məqamların sətiraltı mənaları Üzeyir bəyin musiqi sahəsində gördüyü çox geniş işlər müqabilində konservatoriyanın qeyri millətlərdən olan peşəkar professor-müəllim kollektivi qarşısında məhz tam ali təhsili olmadığı üçün az qala "natamamlıq kompleksi" hissi keçirdiyini, digər tərəfdən bütün danılmaz istedadı, elmi-tədqiqat işləri, təşkilatçılıq bacarığı və nüfuzu ilə daim ikinci rollarda qalmasından əzab çəkdiyini əks etdirirdi. Təsadüfi deyil ki, Ruhulla Axundovun yeni maarif komissarı təyin edilməsi Üzeyir bəyin təhsillə bağlı ümidlərinə bir daha rəvac verir.

Ceyhun Hacıbəyli ailəsi ilə birlikdə Fransada (1920-ci illər) 

Ceyhuna yazdığı 25 aprel 1927-ci il tarixli məktubu bu baxımdan çox diqqətəlayiqdir və əlavə olaraq yeni "yoldaş komissarın" da xaricdə kifayət qədər sərbəst dolandığını göstərir: "indi bizim Maarif Komissarımız səninlə Parisdə görüşmüş olan yoldaş Ruhulla Axundovdur. Hal-hazırda hələ Moskvadadır, işlərə şuru etməyibdir. Moskvadan qayıtdıqdan sonra onunla görüşüb, danışacağam və mənim ali təhsilim haqqında fikrini soracağam".

Başqa bir məktubunda Üzeyir bəy özünün bu məsələni dönə-dönə gündəmə gətirməsinin artıq məlum səbəblərini bir daha xatırladır: "Mən genə də öz rektorluq qulluğumda baqi, varam. Fəqət ali təhsilim olmamaq məsələm hər dəfə məni məyus edir və bəzən işlərimə də zərəri olur. Ona görə bu qış Moskvaya gedib, Azərbaycan musiqisinin əsasları haqqında böyük bir məruzə oxuduqdan sonra, ali təhsilim üçün Almaniyaya göndərilməm məsələsini təkid edəcəgəm və ümidvaram ki, bu səfər müvəffəq olaram, çünki Maarif Komissarlığı dəxi bu fikrimə şərikdir".

Lakin görünür ki, yeni komissar da daha dərin maneələrə və səbəblərə söykənən bu məsələni həll etməyə qadir deyil, amma həqiqətən yüksək qiymətləndirdiyi Üzeyir bəyə kömək etmək istəyir, ona ali təhsilini Leninqradda, ya Moskvada başa vurmağı təklif edir və bu işə  lazımi qədər maddi vəsait ayırmağa da hazır olduğunu bildirir. Lakin Üzeyir bəy razılaşmır: "Fəqət mən ali təhsilimi Almaniyada almaq fikrində olduğumu söylədim". İki il əvvəl Maarif Komissarlığının məhz belə bir qərar qəbul etdiyini əsas gətirməsi Üzeyir bəyin o vaxt aldığı rədd cavabının ona nə qədər dərin təsir qoyduğunu bir daha nümayiş etdirir. Yeni komissarın və onun müavininin "elə isə bir qədər gözləmək lazım gələcəkdır" - kimi cavabını da Üzeyir bəy "razılıqla" qəbul edir: "Mən dəxi hələ ki, səbr edib gözləyirəm və ümidvaram ki, bu xüsusda mənə köməklik yetirərlər".

Əslində bu söhbəti Üzeyir bəyin ali təhsil almaq barədə 15 ildən artıq çəkən təşəbbüs və səylərinin son real cəhdləri hesab etmək olar. Çünki bütün sonrakı illər Ceyhunla yazışmasında Üzeyir bəy ən müxtəlif mövzulardan, konservatoriyada və ümumən musiqi sahəsindəki işlərdən,   anasından tutmuş az qala bütün qohumlardan, böyüyən qardaş-bacı uşaqlarından və nəvələrindən, o cümlədən Zülfüqar Hacıbəyovun oğulları Niyazi və Çingizdən söz açır. Nəhayət özünün gündəlik vəzifələri ilə yanaşı yaradıcılıq planlarını da bölüşür, 1929-cu ildə yazıldığı təxmin edilən məktubda "Gave-yi ahəngər", 1933-cü ilə aid məktubda isə  artıq "Koroğlu" adlı operalar üzərində işlədiyini bildirir. Maraqlıdır ki, yarımçıq qoyduğu "Gave-yi ahəngər" operası haqda yazarkən Üzeyir bəy bir daha - "Onu qurtardıqdan sonra hökumətdən izn alıb mən də zaqranisaya komandirovkaya gedəcəyəm" - deyə hələ də ürəyində qalan arzusunu dilə gətirir. Və neçə il sonra, 1933-cü ilə aidliyi ehtimal edilən və az qala qardaşına hesabat sayıla biləcək  məktubunda yenə də bu məsələyə qayıdır: "Mənim işlərim dəxi çox yaxşı gedir. Firqəçi yoldaşlarımız və hökumət əhli mənim fəaliyyətimdən dedikcə razı olub, mənə lazımınca hörmət edirlər. Konservatoriyada yaxşı kadrolar hazırladım. Radio nəzdində not ilə çalan şərq alətlərindən orkestro təskil etdim. "Koroğlu" adında yeni üsul opera yazıram, elmi əsərlər yazmaqla məşğul oluram. Bu işləri qurtardıqdan sonra əcnəbi məmalikə komandirovkaya getmək hazırlığında olacağam".

Ceyhun Hacıbəyli böyük oğlu Ceyhun (Ceyçik) ilə (1938-ci il). 

Beləliklə, işləyib çalışmasına hər cür şərait yaratdığı və bunun müqabilində istedad, zəhmət və yaradıcılığından geniş bəhrələndiyi sovet hökuməti qiymətini yaxşı bildiyi bir Sənətkarın ən ülvi bir arzusunu - Avropa musiqi məkanında, pərəstişkarı olduğu Vaqnerin vətəni Almaniyada musiqi təhsilini başa çatdırmasını - nəinki reallaşdırır, Üzeyir Hacıbəyovun ən qısa müddətə və öz xərcinə belə ölkədən çıxmasına da müxtəlif bəhanələrlə qadağa qoyaraq, onun bu istəyinin də qarşısına sədd çəkir. Sovet dövlətinin bu məsələdə ehtiyatlanmasına səbəblər vardımı? 

Təbii ki, vardı! Üzeyir bəy xaricə oxumağa, yaxud hər hansı başqa səbəblə kiçik müddətə qardaşının yanına getsəydi, qayıtmaya da bilərdi!

Üzeyir bəyin belə bir əməl tutacağı necə, ehtimal oluna bilərdimi? Təbii ki, yox!

1918-ci il qanlı mart hadisələrindən, Bakıda ilk dəfə sovet hakimiyyəti qurulduqdan sonra Üzeyir bəy öz sənət yoldaşları ilə bərabər, həqiqətən ölkədən çıxmış və bir müddət keçmiş ailəsini də İrana gətizdirmiş, Azərbaycana yalnız Bakı azad ediləndən xeyli sonra, 1918-ci il oktyabrında qayıtmışdı. Lakin 1920-ci ilin Aprel işğalı ilə başlanan bütün real təhlükələrə, dünənki dost və məsləkdaşları - Cümhuriyyət xadimlərinin acı aqibətinə, hətta əziz müəllimi Firudin bəy Köçərlinin də yeni hakimiyyət tərəfindən güllələnməsinə baxmayaraq,  Üzeyir bəy görünür ki, özü və əsasən qadın və uşaqlardan ibarət böyük ailəsi üçün ölkədən çıxmaq imkanı axtarmamış, yəqin ki, bunu mümkün saymamış və ya lazım bilməmişdir. Odur ki, hadisələrin gedişini gözləmək və bundan sonrakı bütün həyatını ən sevdiyi işə - musiqiyə həsr etmək qərarını vermişdir.

İşğalçı Qızıl Ordu ilə bərabər  Bakıya gəlmiş və dərhal işə başlamış bolşevik dövlətinin amansız "cəza maşını" da hansı niyyətlərləsə Üzeyir bəyə toxunmamışdır. Bu qarışıq və hər an dəyişilən şəraitdə Üzeyir Hacıbəyli ilə sovet rejimi arasında sanki dilə gətirilməyən və gözə görünməyən qarşılıqlı bir "sazişin" bağlandığını düşünmək olar. Bu "sazişlə" Üzeyir bəy özü və yaxınları üçün ən əvvəl yaşamaq və azadlıqda qalmaq haqqı əldə etmiş olurdu. Sovet hakimiyyəti də Üzeyir bəyə bu  imkanları yaratmaq müqabilində  məşhur bəstəkarın və xadimin adını, nüfuzunu, istedad və bacarığını öz dövlət və ideologiyası maraqlarında istifadə edirdi.

Ceyhun bəylə yazışmasından aydın göründüyü kimi, ən əvvəl Azərbaycana və xalqına xidmət kimi qiymətləndirdiyi fəaliyyəti ilə Üzeyir bəy həm də yeni hökumətin etimadını qazanmağa çalışmış, bu etimaddan sovet dövrü iki ən böyük arzusuna yetişmək - özünün Almaniyada ali təhsil alması və qardaşının Vətənə qayıtması - üçün faydalanmağa cəhd etmişdir.

Məktublarında istər öz təhsilinin davamı ilə bağlı ifadə etdiyi nikbinlik, istərsə Ceyhuna ünvanlanan: "Sən işlərini qurtarandan sonra yığışıb buraya gələrsiniz, onda görüşərik. Hələlik səbr etmək lazımdır"; "Bu işlər bizi çox nigaran edir. Ümidvaram ki, axırımız yaxşı olar və yenə görüşərik, bir az səbr və səbat lazımdır" - kimi tövsiyələr Üzeyir bəyin özünün nə qədər səbirli və ümidli olduğunu göstərməklə bərabər bütün bu sətirləri yazarkən nələr çəkdiyini, hansı hisslər keçirdiyini təsəvvür etməyə də imkan verir. İşlərin gedişinin doğurduğu nigarançılıq və xüsusilə "axırımız yaxşı olar" kimi ifadələr Üzeyir bəyin bu "ümidlərində" heç də sadəlövh olmadığını göstərirdi.       

Son nəticədə, Sovet dövləti bir yaradıcı insanın qazana biləcəyi şöhrətin ən uca pillələrinə qaldırdığı  və özünün yetişdirdiyi "Sovet ziyalısı" kimi təqdim etdiyi Üzeyir Hacıbəylinin məhz bu iki, ən şiddətli arzusunu ürəyində qoyur.          

Bütün gözləntilərinə baxmayaraq, 1926-cı ildən sonra Üzeyir bəyin xaricdə təhsili ilə bağlı rəsmi surətdə heç bir müzakirə və qərarlara təsadüf olunmur. 1920-ci illərin sonu - 30-cu illərin əvvəllərində Üzeyir bəyin Ceyhuna yazdığı məktublarda ikinci məsələ də tədricən öz əvvəlki aktuallığını itirir. Burada ehtimal etmək olar ki, Ceyhun bəy özü də Vətənə qayıtmaq qərarını verməyib. Yaxud 1920-ci illərin ortalarında, sovet hökumətinin əvvəlcə özünün təşviq etdiyi mühacirlərin ölkəyə qayıtması prosesinin kütləvi hal aldığı dönəmdə onun qarşısını kəsmək üçün gördüyü tədbirlər, hər bir mühacir müraciətinin diqqətlə öyrənilməsi də Ceyhun Hacıbəylinin Azərbaycana dönməsini mümkün etməyib. Beləliklə, Üzeyir bəyin özünə az qala övlad bildiyi kiçik qardaşı ilə görüşmək ümidi həyatının sonuna qədər doğrulmur.

1930-cu illərdə ölkədə Stalin rejiminin getdikcə sərtləşməsi xariclə şəxsi-ailəvi əlaqələrə də öz təsirini qoyur. Bütün bu illər ərzində Parisə, qardaşına maddi yardım göndərən Üzeyir bəy tədricən nəinki bu imkandan, ümumiyyətlə qardaşı ilə hər hansı təmasdan çəkinməli olur.

Üzeyir Hacıbəyovun Ceyhun Hacıbəyliyə həqiqətən son sayıla bilən məktubu isə artıq tamamilə qeyri-adi, gözlənilməz, faciəvi bir dönəmdə yazılacaq və yəqin ki, onun həyatında qələmə aldığı ən ağır məktub olacaq...

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
525.az

1Sources