EN

Təşəkkürlər, Qarabağ FK! So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Həcər Paşayeva, yazar:

- "Yazıq" alimlərin yatmış şəklini paylaşanların, rəylərdə ağzına gələni yazanların çoxunu aradım, demək, bədbəxtlərin çoxu adi cümlə qurmağı, fikrini aydın ifadə etməyi bacarmır. Səhifəsi tiktok materialı ilə dolu, baxan da yoxdur. Ay "çıqqılı", sən bir o adamları tanı, araşdır, gör kimlə özünü bir tərəziyə qoyursan. İnsanımız bir-birinə qənim kəsilib elə bil. Səbəbin kökünü düşünən yoxdur. Ölkəni nifrət püskürən, paxıl və qısqanc, hədyan düşünüb yazanlar bürüyüb. Adam çıxıb getmək istiyir. Bu nə mühit, nə ölkə, nə gündür axı. Bir ürəkaçan işiniz yoxmu?! Az lağlağı edin. Allah da buyurub, lağlağı edənin yanından öt, keç. Mütləq ən pisini dadacaqsınız.

Səlahəddin Xəlil, fəlsəfə professoru:

- Bir zamanlar -

ərəbcə danışanı dindar, ilahiyyatçı zənn edir, - yuxarı başa çəkirdilər.

Sovet dövründə -

rusca bilənlər sanki sovet ideologiyasını daha yaxşı təmsil edir deyə, yuxarı başa çəkilirdilər.

Qloballaşma dövründə -

ingiliscə təhsil alanlar sanki elm və mədəniyyəti də mənimsəmiş kimi, yuxarı başa çəkilirlər.

Sahila Yaya, jurnalist:

- Zalda yatan varsa, iki səbəbdən ola bilər - ya kürsüdəki maraqsızdı, ya dinləyən yorğun. İnsan çox oxuyanda beyni yorulur və yatmaq istəyir. Akademikinə 600 manat məvacib veriləndə susan xalq məlum şəkillərə gülə bilməz.

Bu şəkilləri yayan mətbu orqanlara da ayrı ayıb olsun. Alimləri lağ obyekti etməklə əlinizə nə keçəcək? Topluma nə mesaj ötürürsüz? Bir az geniş düşünün. Ofisinizə şirinlik göndərən müğənni və aparıcıları heç belə həvəslə aşağılamırsız.

İradə Aytel, jurnalist:

- Qəzənfər Paşayevin fotosunu paylaşaraq arvadına söz keçirə bilməyib, klaviatura qəhrəmanı olanlara meydan açılıb. Ömründə bir yaralı barmaq sarımayan bədbəxtlər illərini Azərbaycan ədəbiyyatına, Azərbaycan elminə verən Q.Paşayevi lağa qoyur. Ay yazıqlar, siz nəsillikcə sağ ikən ölüsünüz, ancaq onlar, o müdriklər öləndə də yaşayacaqlar. Daş atanda bir baxın görün hara atırsınız.

P.S. Alimlərə lağ edənlər zaurların, elgizlərin fanatlarıdır. Gör nə günə qalmışıq ki, Kəmalə Günəşlinin kruquna balet edənlər Azərbaycan alimini lağa qoyur.

Nadir Yalçın, jurnalist:

- Can-can, necə də sözünüdeyən və ədalətli, fikrində qəti və amansızsınız. Əhsən! Sizin bu qətiyyətinizi görəndə gözüm yaşarır, Vallah!

Ay "hurrrey"çilər, nə olub?.. "Qafqazinfo" həmişəki kimi maraqlı, kreativ, səs-küy yarada biləcək material təqdim edib. Fotoların müəllifi Pərvin Zeynal da peşəkardır, yenə də alındırıb. Yəni indi yazdıqalrımın media qurumu ilə əlaqəsi yoxdur, onların işi faktı təqdim etməkdir. Bu belə.

AMEA-da ümumi yığıncaq zamanı mürgüləyən alimlərin şəkillərini paylaşıb yazılan fikirləri, şərhləri oxuyuram. Və gülürəm. Gülürəm ona görə ki, bəziləri heç alt qonşusuna sözünü deyə bilmir, gəlib, burda qəpik-quruşla ömrünü yazı-pozuya həsr edən, kirayədə yaşaya-yaşaya öləziyən lampa işığı ilə araşdırma aparan alimə əlli cür lağ edir.

O gün feysbukda uzun illərdir AMEA-da çalışan tanınmış alimlərdən biri maaş cədvəlini paylaşıb. 760 manat əməkhaqqı alır. 100 manat elmi dərəcəsinə, 120 manat da elmi adına görə maaşına əlavə edilir. 980 manat yekun puldan vergi və digər xırda-xuruş ödənişləri çıxandan sonra yerdə 794 manat pul qalır. İndi mənə deyin, 794 manat alan alim yatmasın, nə etsin?! O paylaşıma, cəmi, 38 "like", 8 şərh gəlmişdi.

Mürügüləyənlərə şəbədə qoşanlar nə vaxt bu naəlac elm adamının güzəranı ilə bağlı ürək yanğısını dilə gətirdi ki, indi də ondan ayıq-sayıqlıq tələb edir?!

Öz babanız, nənəniz AMEA-nın yığıncağında mürgü döyənlər sırasında olsaydı, tez ört-basdır etməyə çalışardınız. Yaşlı adamlardı. Alimin cavanı, qocası olmaz. Yaşlaşan alimə necə demək olar ki, get otur evdə? Tarixən yaşlı elm adamları fəaliyyətdə olub.

Şəkli yayılanlardan biri Tehran Əlişanoğludur. Məsələn, kim deyə bilər ki, o işləmir? Nə çap edilir, alır, oxuyur, fikrini bölüşür, ən yeni ədəbiyyatla da tanış olur... Məsələn deyirəm. Biri bu.

Soyuqdur, yazı-pozu da çox. Tapşırıq tapşırıq dalıncadır. İndi də düşüblər dilin üstünə. Məruzəçilər də, yəqin, maraqsız danışır. Necə olmalı idi ki?!

Bir az səmimi olun, heç nə demirəm.

Fazil Mustafa, millət vəkili:

- Qapıçının 11 metrlik cərimə zərbəsindən qaytardığı topa daha sürətli ingilisdən tez çatan, ingilislərin qapısını hər iki məkanda fəth edən və sonadək ən soyuqqanlı oynayan zəki və cəsur azərbaycanlı! Halal olsun sənə!

Fərid Pərdəşünas, texnobloger:

- Bu möhtəşəm futbol mövsümü üçün təşəkkürlər, "Qarabağ" FK.

Elşad Paşasoy, jurnalist:

- "Qarabağ" FK öncəki oyuna Şamaxıda qarlı, Qubada palçıqlı meydançada oynamasa, həmçinin Bakıda rəqibi bərbad ot örtüyü olan stadionda qəbul etməsəydi, nəticə başqa olardı. "Qarabağ" rəqib meydanında həm də ona görə yaxşı oynayır ki, şair demişkən, "meydan meydan olur xeyri-şəriylə". Heç olmasa, ot örtüyünə məsul olanlar da ölkə adına çalışsınlar... "Qarabağ" kimi!

Uşaqlar oynamadılar, döyüşdülər!

Qulu Məhərrəmli, professor:

- Sovet dönəmində adı Azərbaycan futbolunun rəmzi kimi çəkilən, "Neftçi"nin və SSRİ yığmasının əfsanəvi hücumçusu Anatoli Banişevskinin doğum (23.02) günüdür.

A.Banişevski yaddaşımızda yüksək texnikalı oyunu, vurduğu gözəl qolları və Azərbaycana sədaqəti ilə qalıb. Sevgi ilə yad edirik...

lll

Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibənin 4 ili tamam olur. Putin Kiyevi 3 günə tutmağı planlaşdırırdı, amma rus ordusu hələlik Donbas ərazisində vurnuxur. 1 milyon 200 min canlı qüvvə, minlərlə texnika itkisi versə də, Rusiya bu 4 illik müharibədə heç bir məqsədinə nail olmayıb.

Düzdür, Moskva hər gün Kiyevi, Odessanı və başqa şəhərləri raketlərlə vurur, bombalayır, dinc əhalidən də qisas alır, amma özü də Ukraynanın dron və raket hücumlarına məruz qalır.

V.Putin ölkə daxilində "hər şey plan üzrə gedir" kimi gülünc təbliğat aparsa da, artıq məsələnin müharibə yolu ilə həllinin mümkün olmadığını dərk edib. Onun hazırkı şəraitdə diplomatiyada (Donbasdan başqa) nə isə udacağı da şübhə altındadır...

Məhsəti Musa, jurnalist:

- Yas məclislərində ehsanın sadələşdirilməsi və ya ümumiyyətlə olmaması ilə bağlı bir sıra addımlar atılır. Sizcə, buna dəstək olaraq insanların öncədən vəsiyyət etməsi də bir rol oynaya bilərmi? Yəni qoca, cavan fərqi yoxdur. Məsələn, mən indidən deyirəm ki, nə zaman dünyamı dəyişsəm, ehsan verilməsin. Həmçinin,40, il, Qara bayram və s... Sizcə, yaxınlar buna əməl edər? Və ya siz özünüz bu vəsiyyətlərə əməl edərsiniz? Yoxsa "camaat nə deyər"dən yaxa qurtara bilməzsiniz?

Cəmila Babayeva, jurnalist:

- Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi bərpa edilir. Gözə və qulağa xoş gələn, amma qeyri-dəqiq, daha doğrusu, həqiqətdən uzaq bu başlıqlı xəbər və süjetlər düz 2 il öncə geniş yayılmışdı. Muzeyin bərpası aparılmırdı, onun yerləşdiyi qəzalı binanın təməlində bərkitmə işləri həyata keçirilirdi. Bildirilmişdi ki, işlər 2024-cü ilin avqust ayına qədər davam edəcək və 2 aydan sonra, yəni payızda mədəniyyət ocağının təmir-bərpası mərhələsinə başlamaq olar.

Fundamentin möhkəmləndirilməsi prosesini müşahidə edərkən böyük ümid yaranmışdı ki, muzey tezliklə və nəhayət abad vəziyyətə gətiriləcək.

Amma təəssüflər ki, ümid boşuna imiş. Tbilisidəki mədəni irsimizin ən dəyərli nümunələrindən biri olan Mirzə Cəlil ocağının bugünkü mənzərəsi: ev-muzeyinə aid otaqların pəncərələrində fanera lövhələr, biri artıq yarımçıq vəziyyətdə və qarşısında zibil qalıqları.

Mirzə Cəlil ocağına bağışlanmaz laqeydliyimiz davam edir. Bu münasibətin ən doğru və ən yaxşı təsvirini elə Mirzə Cəlilin özü özünəməxsus ironiyası ilə təsvir edə bilərdi.

Bu ilin aprelin 7-də görkəmli ədibimizin təsisçisi və redaktoru olduğu "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasından 120 il ötəcək. Həmin tarixədək vaxtilə "Qeyrət" mətbəəsinin yerləşdiyi ev-muzeyinin bərpa olunaraq açılacağına ümidlənmək də əbəsdir.

Məntiqlə 2 il öncə "Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi bərpa edilir" başlıqlı xəbər yayanlar indi "bərpadan sonra yaradılmış şərait"i işıqlandırmalı deyillər?

Elçin Zahiroğlu, jurnalist:

- Daşkəndin əsas simvollarından biri Teymurilər Tarixi Dövlət Muzeyidir. Burada 5000-dən çox eksponat var. İldə təxminən 2 milyon ziyarətçi qəbul edən 3 mərtəbəli bu tarixi məkana daxil olan kimi səni nəhəng Quran qarşılayır. Kitabın üzərindən asılan 500 şamdanı olan 2 ton ağırlığında çilçıraq mistik bir aura yaradır və nəhəng bir imperiyanın yaddaşıyla baş-başa qalırsan.

Divarlarda Əmir Teymurun şəcərəsi - soy ağacı, onun fəth etdiyi ərazilərin böyük xəritəsi asılıb: adlar, illər, fatehlər... Bütöv bir dövrün taleyinə tamaşa edirsən.

Şüşə vitrinlərdə saray geyimləri sərgilənir. Ağır parçalardan tikilmiş xalatlar, daha çox mavi və qəhvəyi rənglərin çox xoş çalarlarından istifadə edilmiş zərif naxışlı örtüklər, qızılı saplarla işlənmiş libaslar dövrün dəbdəbəsini nümayiş etdirir.

Sonra silahlar qarşılayır səni: qılınclar, nizələr, döyüş dəbilqələri...

Təsirli guşələrdən biri əlyazmalar bölməsidir. Qədim kitablar, kalliqrafiya nümunələri, miniatürlərlə bəzədilmiş səhifələr göstərir ki, Teymurilər dövləti təkcə qılıncla yox, həm də elm, din və sənətlə böyüyüb.

Nailə İslamzadə, Əməkdar artist:

- Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq,  istedadı, səsi olmayan müğənniləri dəvət edirlər. Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır ki, daha çox qalmaqal yaransın. Mən 43 ildir televiziyada çalışmışam, indiki durum heç vaxt olmayıb. Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu, artıq əyləncə yox, estetik deqradasiyadır.

Həmişə demişəm, indi də deyirəm, televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində itkidir.

Ölkədə maariflənməyə məsul olan hər kəs, xüsusən media rəhbərləri, bunun məsuliyyətini ciddi düşünməlidir.

Bəzən, tamaşaçılar, 30-40 il əvvəl çəkilmiş verilişlərin videosunu heyranlıqla izləyirlər. Bəs indi bəzi kanallar 30-40 il sonra nə yaratmışdıq, nə ilə yadda qaldıq-deyəcəklər?

Cəmiyyətin zövqü təsadüfi formalaşmır; onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar. Ekran gələcəyin güzgüsüdür - orada nə göstəririksə, sabah onu yaşayacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
113
525.az

1Sources