EN

Cenevrə danışıqları və Vaşinqtonun sərt şərtləri: yeni nüvə böhranının astanasında?

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“ABŞ-ın nüfuzlu nəşri olan The Wall Street Journal yazır ki, Cenevrədə keçirilən danışıqlarda United States İran qarşısında olduqca sərt və prinsipial şərtlər irəli sürüb. Məlumata görə, Vaşinqton Tehrandan İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinin tamamilə məhv edilməsini, zənginləşdirilmiş uranın ABŞ-yə köçürülməsini, Tehran Tədqiqat Reaktoru istisna olmaqla uranın zənginləşdirilməsinin dayandırılmasını və yeni sazişin qeyri-müəyyən (faktiki olaraq qeyri-məhdud) müddətə bağlanmasını tələb edir. Eyni zamanda, ilkin mərhələdə sanksiyaların yalnız minimal şəkildə yumşaldılması, tam aradan qaldırılmasının isə İranın uzunmüddətli öhdəliklərinə bağlı olması nəzərdə tutulur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloqun sözlərinə görə, bu şərtlər beynəlxalq münasibətlər sistemində yeni geosiyasi dinamikanın formalaşdığını göstərir və region üçün mühüm suallar doğurur. Siyasi şərhçinin fikrincə, Vaşinqtonun irəli sürdüyü tələblər faktiki olaraq İranın nüvə proqramının strateji əsaslarının sökülməsi anlamına gəlir: “Nüvə obyektlərinin tamamilə məhv edilməsi və zənginləşdirilmiş uranın ölkədən çıxarılması İran üçün yalnız texniki deyil, həm də siyasi və ideoloji məsələdir. Rəsmi Tehran uzun illərdir ki, nüvə proqramını milli suverenliyin və texnoloji inkişafın simvolu kimi təqdim edir.

Belə bir şəraitdə ABŞ-ın şərtlərinin qısa müddətdə və qeyd-şərtsiz qəbul olunması real görünmür. İran rəhbərliyi üçün bu, daxili ictimai rəydə zəiflik kimi qiymətləndirilə bilər. Digər tərəfdən, ölkənin ağır iqtisadi vəziyyəti, milli valyutanın dəyər itirməsi, inflyasiyanın yüksəlməsi və xarici investisiyaların azalması Tehranı kompromisə getməyə vadar edə bilər. Lakin danışıqların psixoloji və diplomatik tərəfi də var. ABŞ-ın maksimumist mövqeyi danışıqlar masasında təzyiq aləti kimi istifadə oluna bilər. Əgər tərəflər aralıq kompromis mexanizmi tapmasa, bu şərtlər yeni gərginlik mərhələsinə keçidi sürətləndirə bilər. Xüsusilə, qeyri-müəyyən müddətli saziş tələbi İran tərəfindən suverenlik məhdudiyyəti kimi qəbul oluna bilər.

Fordo, Nətənz və İsfahan kimi obyektlərin ləğvi Yaxın Şərqdə strateji balansın dəyişməsinə səbəb ola bilər. İranın nüvə potensialının zəiflədilməsi ilk növbədə İsrail və Körfəz ölkələri tərəfindən müsbət qarşılanar. Bu addım regionda mümkün silahlanma yarışının qarşısını qismən ala bilər”.

Nicat İsmayılov

Politoloq Nicat İsmayılov qeyd edib ki, İranın hərbi-strateji çəkisinin azalması onu alternativ təhlükəsizlik mexanizmlərinə o cümlədən raket proqramının genişləndirilməsinə və ya regional müttəfiqlərlə əməkdaşlığın artırılmasına sövq edə bilər: “Bu da balansın bir sahədə zəifləməsi, digər sahədə isə güclənməsi ilə nəticələnə bilər. Əgər razılaşma birtərəfli üstünlük yaradırsa, regionda güc boşluğu formalaşa bilər. Tarix göstərir ki, Yaxın Şərqdə güc balansının kəskin dəyişməsi sabitlikdən daha çox qeyri-müəyyənlik yaradır. Ona görə də nüvə obyektlərinin tamamilə məhv edilməsi yalnız texniki məsələ deyil, geniş təhlükəsizlik arxitekturasının yenidən qurulması deməkdir.

ABŞ-ın təklif etdiyi modelə görə, ilkin mərhələdə sanksiyalar minimal səviyyədə yumşaldılacaq və onların tam aradan qaldırılması İranın öhdəliklərə uzunmüddətli əməl etməsindən asılı olacaq. Bu yanaşma Vaşinqtonun əvvəlki təcrübələrdən nəticə çıxardığını göstərir yəni əvvəlcə geniş güzəştlər, sonra isə nəzarətin zəifləməsi modelindən imtina edilir.

İran iqtisadiyyatı üçün minimal yumşalma qısa müddətli psixoloji effekt yarada bilər. Milli valyutanın sabitləşməsi, məhdud maliyyə axınının bərpası və müəyyən ticarət kanallarının açılması mümkündür. Lakin enerji ixracına və bank sektoruna tətbiq olunan əsas sanksiyalar qalarsa, real və davamlı iqtisadi dirçəliş gözləmək çətin olacaq.

Əgər mərhələli mexanizm şəffaf və qarşılıqlı etimada əsaslanan şəkildə qurularsa, İran üçün uzunmüddətli iqtisadi sabitlik perspektivi yarana bilər. Əks halda, qeyri-müəyyənlik xarici investorları çəkindirəcək və iqtisadi artım məhdud qalacaq”.

“Cenevrə danışıqları göstərir ki, ABŞ İranla bağlı daha sərt və uzunmüddətli mexanizm qurmaq niyyətindədir. Təklif olunan şərtlər Tehran üçün ciddi strateji seçim deməkdir: ya nüvə proqramının əsas elementlərindən imtina edərək iqtisadi nəfəs əldə etmək, ya da müqavimət kursunu davam etdirərək yeni sanksiya və təcrid mərhələsinə hazır olmaq.

Bu prosesin nəticəsi yalnız iki ölkənin münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərqin təhlükəsizlik sisteminə təsir göstərəcək. Əgər tərəflər qarşılıqlı güzəşt modelinə nail olsalar, regionda nisbi sabitlik mərhələsi başlaya bilər. Əks halda isə danışıqların uğursuzluğu yeni siyasi və hərbi gərginlik riskini artıracaq”-deyə politoloq bildirib.

“Hazırkı mərhələdə əsas sual budur. Maksimum təzyiq strategiyası diplomatik nəticə verəcəkmi, yoxsa tərəflər arasında etimad böhranını daha da dərinləşdirəcək? Bu sualın cavabı yaxın aylarda beynəlxalq siyasətin əsas gündəm mövzularından biri olacaq”-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
bizimyol.info

1Sources