EN

Qəhrəman oğulun qəhrəman anası

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid anaları ilə görüşlərinin birində belə bir fikir səsləndirmişdi: "Şəhid anaları qəhrəman analardır!"

Belələrindən biri - Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun anası Emma Şükürovadır.  Onunla söhbət əsnasında öyrənirik ki, 1956-cı ildə Sumqayıt şəhərində anadan olub. 16 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurub. 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib. Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə fəaliyyətə başlayıb.  Bu təhsil ocağında 45 ilə yaxın riyaziyyat müəllimi işləyib. Həyat yoldaşı Mehman Şükürov da pedaqoq olub və  50 il müəllim kimi çalışıb.

Emma xanım söyləyir  ki, böyük oğlu Arzu Almaniyada bizneslə məşğuldur. İkincisi Anar isə 1977-ci il yanvarın 20-də anadan olub. 1983-cü ildə Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 6-cı sinfədək orada oxuyub. Sonra Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin riyaziyyat təmayüllü sinfində təhsilini davam etdirib. Hazırda həmin məktəb onun adını daşıyır.

Anar Vətənə bağlı uşaq idi. Ata yurdu Qarabağın düşmən tapdağı altında qalmasına dözə bilmirdi. Bu barədə atası ilə tez-tez söhbət edər, qisas alınacağı günə ümid bəsləyərdi. Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində qrup və tabor komandiri idi. Sonra xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında davam etdirib. Ehtiyatda olan polkovnik-leytenant Anar Şükürov İkinci Qarabağ savaşında göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

Emma ana  sözünə davam edərək oğlu ilə bağlı xatirələrini dilə gətirdi: "Mənim üzərimdə əziyyətin çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm, ancaq gün gələcək, sənə oğul fəxarəti yaşadacağam - deyirdi. Əhdinə xilaf çıxmadı Anarım. Lakin hər qapı açılanda boylanıram ki, bəlkə gələn Anardır. Elə bilirəm ki, döyüşdədir, gələcək… Ürəyimdə təsəlli tapıram ki, övladım Vətən uğrunda həlak olub. Mənə deyirdi ki, bir ovuc torpaq uğrunda ölmək şərəfdir". Emma ana onu da bildirdi ki, Anarın nə qədər arzuları, diləkləri olub. Qızının da adını Dilək qoymuşdu. Həyat yoldaşı Şəmsiyyəni özü sevib-seçmişdi.

Qəhrəman oğulun qəhrəman anası təkcə öz oğlundan söhbət açmırdı. O, bütün şəhidləri övladı hesab edir. Belə anaların qayğısına qalmaq isə bizim şərəf borcumuzdur.  

İlhamə MƏHƏMMƏDQIZI,

Sumqayıt şəhər sakini

1Sources