Boliviyada ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "C-130 Hercules" təyyarəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 28 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Marsela Flores "Unitel" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, zərərçəkənlərin əksəriyyətinin vəziyyəti ağırdır.
Qəza zamanı yeddi heyət üzvünün sağ qaldığı açıqlanıb. Bir nəfərin isə itkin düşdüyü qeyd olunur.
Yayılan məlumatlara görə, təyyarə eniş zamanı uçuş zolağından çıxaraq, hava limanı yaxınlığındakı magistral yolda nəqliyyat vasitələri ilə toqquşub.
Xəbərdə bildirilir ki, təyyarə nağd pulla yüklü olub. El-Alto şəhərində baş verən qəza zamanı yüz minlərlə boliviano əsginası (yerli valyuta) yerə dağılıb. Təhlükəsizlik qüvvələri yerdən pulları yığan insanları qovmaq üçün su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıblar.
Qəzanın dəqiq səbəbi araşdırılır.