EN

Evlərimiz təhlükədədir

Ev tikmək üçün torpaq sahəsi alanda sevindik ki, rahat bir ev tikərik, kiçik də olsa, həyətimiz olar, ağac əkib kölgəsində dincələrik. Amma sən saydığını say, gör fələk nə sayır. 

Abşeron rayonu Masazır qəsəbəsi Asif Həsənov küçəsində ev tikdik, amma ağac əkib kölgəsində bir stəkan çay içə bilmədik. Min bir əziyyətlə tikib başa gətirdiyimiz evimizdə rahat yaşaya bilmirik. Çünki yaxınlıqdakı gölün suyu artaraq evlərə qədər gəlib çatıb, hər tərəf zibillə doludur, sanki yaşayış ərazisi yox, tullantı poliqonudur. Yağış yağan kimi gölün suyu daha da çoxalaraq ətrafa yayılır, nə piyada, nə də maşınla gediş-gəliş mümkün olur, həyətlər, evlərin zirzəmiləri də su ilə dolur. Uzunboğaz çəkmələrsiz ərazidə hərəkət edə bilmirik.  Evlərin divarları yarıya qədər nəm çəkir. Uşaqlarımız tez-tez xəstələnirlər. Bəzi sakinlər nəmişliyin ucbatından evlərini tərk edərək başqa ərazilərə köçüb kirayədə yaşayırlar. Su içində qalmış hasarların və hətta evlərimizin uçmaq təhlükəsi var.  Zibilliyin əhatəsində, suyun içində nə edəcəyimizi, vəziyyətdən necə çıxacağımızı, problemi hansı yolla həll edəcəyimizi bilmirik. 

Yaranmış vəziyyətlə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Sizin qəzet vasitəsilə səsimizi bu işə məsul olan strukturlara çatdırmağı, bizə kömək göstərilməsini xahiş edirik.  

Arif QULİYEV, Elşən CƏFƏROV, Rəşad MƏLİKOV, Hicran HƏSƏNƏLİYEVA,

Masazır qəsəbəsi A.Həsənov küçəsinin sakinləri

1Sources