EN

Üç dost dövlətin müttəfiqlik nümunəsi

Bakı, Tbilisi və Ankara iqtisadi əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirib

Fevralın 26-da Gürcüstanın Kaxeti bölgəsinin Telavi şəhərində Gürcüstan-Azərbaycan-Türkiyə VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes-forumu keçirilib. Gürcüstanın Ticarət və Sənaye Palatası, Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər 3 ölkənin iqtisadiyyat nazirləri, 300-ə yaxın iri şirkətin təmsilçisi iştirak edib. Forumun məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək, investisiya təşviqini gücləndirmək, ticarət dövriyyələrini artırmaq, regional əməkdaşlığı genişləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək olub.

Üçtərəfli Biznes-forum Azərbaycan, Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığın mühüm platforması hesab edilir və müştərək iqtisadi inteqrasiyanın inkişafında mühüm rol oynayır. Bu cür yüksəksəviyyəli görüşün keçirilməsi mühüm siyasi və regional əhəmiyyət daşıyır. Üç dost dövlətin bu nümunəvi formatı, eyni zamanda, siyasi-iqtisadi, humanitar müttəfiqliyin gündəliyini formalaşdırır, perspektiv fəaliyyət gündəliyini tərtib etmək baxımından strateji yol xəritəsi hesab olunur.

Üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyə və inkişafa töhfə verir

Tədbirdə üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib, ikitərəfli və üçtərəfli ticarət münasibətləri barədə məlumat verilib. Biznes-forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarovun vurğuladığı kimi Azərbaycan Türkiyə və Gürcüstanla çox müsbət zəngin iqtisadi, ticarət, qarşılıqlı sərmayə əlaqələrinə malikdir. Üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin və dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə, enerji, nəqliyyat-logistika və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Bu işbirliyi formatı çərçivəsində reallaşdırılan layihələr regionun enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb. Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb. Enerji resurslarından effektiv istifadə, Orta Dəhlizin potensialının reallaşdırılması, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsi, ölkələrimizin ixrac imkanlarının artırılması və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmi diqqətə çatdırılıb. Bildirilib ki, təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir.

Azərbaycan sərmayə və kapital təşviqlərində də regional təşəbbüskarlığı ilə fərqlənir. Ölkəmiz həm Türkiyə, həm də Gürcüstan iqtisadiyyatına davamlı sərmayələr qoyub və bu göstərici üzrə aparıcı sıradadır. Azərbaycan qardaş Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq, Gürcüstan iqtisadiyyatına isə 4 milyard dollara yaxın sərmayə yatırıb. İnvestisiyalar əsasən enerji, nəqliyyat və əlaqəli infrastruktur sahələrini əhatə edir. Təkcə SOCAR-ın Türkiyədəki sərmayeləri 15 milyard, Gürcüstandakı investisiyaları isə 2 milyard dolları ötüb. Azərbaycan uzun illərdir ki, Cənubi Qafqazın lider investoru kimi Gürcüstan iqtisadiyyatının kapital təchizatında aparıcı yer alır.

Ticarət və investisiyalar sahəsində səmərələşdirici təkliflər

Türkiyənin ticarət naziri Ömer Bolat bildirib ki, Azərbaycan və Türkiyə bir çox iri layihələri uğurla reallaşdırıblar: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), STAR Rafineriyası kimi böyük layihələr həyata keçirilib. Naxçıvan istiqamətində dəmir yolu və qaz xətləri çəkilib. Gürcüstan da bütün bu layihələrdə daim tərəfdaş və iştirakçı ölkə olub.

Nazir qeyd edib ki, Cənubi Qafqazın geostrateji mövqeyi sayəsində nəqliyyat və logistika marşrutları böyük əhəmiyyət qazanır. Azərbaycan, Türkiyə və Gürcüstan Avrasiyanın nəqliyyat xəritəsində böyük potensiala malik Orta Dəhlizin də əsas iştirakçılarıdır. Bu dəhliz regionu Avropa və Asiya arasında mühüm tranzit mərkəzinə çevirir. Eyni zamanda, Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizi layihəsində də iştirak edir.

Ö.Bolat hazırda müştərək iqtisadi platforma çərçivəsində ticarət, investisiyalar, enerji, nəqliyyat, xidmətlər, liman və avia əməliyyatları, informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığın artırılması üçün stimullaşdırıcı və səmərələşdirici təkliflər hazırlandığını vurğulayıb. Həmçinin institusional sahələrdə qanunvericlikdə optimallaşdırma və güzəştlərin tətbiqi istisna olunmur. Məqsəd həmin sahələrdə bisnes nümayəndələri arasında mövcud maneələri aradan qaldırmaqdır. Ticarət və investisiyalar sahəsindəki problemlərin həlli ölkələr arasında daha sıx iqtisadi inteqrasiyanı təmin edəcək.

Yeni müştərək müəssisələrin yaradılması təşəbbüsləri

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirikaşvili isə bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu hər üç ölkə arasında iqtisadi, ticari əlaqələrin genişlənməsində böyük rol oynayacaq, Avropa və Asiya ilə də əlaqələrin şaxələnməsinə imkan verəcək. Əminəm ki, forum dövlətlərimiz arasındakı mövcud əlaqələri, həmçinin dostluğumuzu və tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) İdarə Heyətinin sədri Nəriman Qurbanov bildirib ki, hazırda Gürcüstanda 1500-dən çox Azərbaycan kapitallı müəssisə fəaliyyət göstərir ki, onların böyük bir qismi müştərək müəssisələrdir. Eləcə də Azərbaycanda Gürcüstan kapitalı ilə fəaliyyət göstərən müəssisələrin sayı artmaqdadır. Bu qarşılıqlı işbirliyi münasibətlərin daha da genişlənməsinə, yeni müəssisələrin yaranmasına, sərmayə qoyuluşu həcminin artmasına geniş imkanlar yaradır.

N.Qurbanov Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının daha geniş imkanlar yaradacağına əminliyini ifadə edib. Bildirib ki, bu əməkdaşlıq formatı regionun iqtisadi inkişafı ilə yanaşı, sülh və sabitliyin, təhlükəsizliyin daha da artmasına səbəb olacaq.

Ermənistanın da üçtərəfli platformaya qoşulması mümkün ola bilər

Hazırda 3 ölkə arasında enerji, nəqliyyat dəhlizləri, qarşılıqlı sərmayə, turizm və bir sıra digər sahələrdə əldə edilmiş uğurlar növbəti mərhələdə yeni sahələrin əlavə edilməsi üçün çox gözəl imkan və fürsət yaradır. Orta Dəhlizin səmərəliliyinin daha da artırılması, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan üzərindən Zəngəzur dəhlizinin həyata keçirilməsi, Zəngəzur-Qars və Naxçıvan-Qars dəmir yolu layihələrinin reallaşdırılması müsbət rol oynayacaq, ümumilikdə Orta Dəhlizin, eləcə də Cənubi Qafqazın tranzit və regional ticarətdə rolunu daha da artıracaq.

Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akatın qeyd etdiyi kimi  Azərbaycan və Ermənistanla sülh sazişinin imzalanması istiqamətində səylərin artması və qarşılıqlı iqtisadi təmasların güclənməsi regionda daha geniş rifah formatının yaranmasına ümidləri artırır. ABŞ Vitse-prezidentinin bu yaxınlarda Ermənistan və Azərbaycana səfəri region üçün çox önəmli hadisə olmaqla, iqtisadi-ticari əməkdaşlıq coğrafiyasını formalaşdırmağa təkan verib və Azərbaycan-Gürcüstan-Türkiyə iqtisadi platformasına gələcəkdə Ermənistanın da qoşulması mümkün ola bilər. ABŞ Qafqaz və Mərkəzi Asiyada investisiyalarını artırmaq niyyətindədir və bütün bunlar sülh prosesinə töhfə verə biləcək mühüm inkişaf layihələrinə hesablanıb. Bu isə Ermənistanın da regional inteqrasiya zəncirinə qoşulmasını tezləşdirə bilər.

Forum çərçivəsində keçirilən “Biznes liderlərinin perspektivləri” mövzusunda panel müzakirəsində ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, həmçinin yeni tərəfdaşlıqların qurulması imkanları haqqında fikir mübadiləsi aparılıb. Üç ölkənin biznes nümayəndələri yeni imkanlar çərçivəsində birgə layihələrin icrası üçün öz niyyət və planlarını təqdim ediblər.

E.CƏFƏRLİ

Chosen
16
1
yeniazerbaycan.com

2Sources