İsrail və ABŞ-nin İrana qarşı zərbələrinin ikinci dalğasının başlaması ilə bağlı yayılan məlumatlar regionda hərbi-siyasi gərginliyin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir.
ABŞ rəsmisinin “New York Times”a bildirdiyinə görə, Yaxın Şərqdəki bazalardan və təyyarədaşıyan gəmilərdən qalxan Amerika hücum təyyarələri İran ərazisinə onlarla zərbə endirir. İsrail rəsmiləri isə hədəfin İranın əsas hakimiyyət strukturları olduğunu açıqlayıb.
Bu isə prosesin təkcə hərbi obyektlərlə məhdudlaşmadığını, eyni zamanda strateji qərarvermə mərkəzlərinə yönəldiyini göstərir və qarşıdurmanın miqyasının genişlənməsi ehtimalını artırır.
Mövzu ilə bağlı NOCOMMENT.az -a açıqlama verən siyasi şərhçi Heydər Oğuz hesab edir ki, ikinci dalğa zərbələr artıq lokal toqquşma deyil, planlı və mərhələli hərbi təzyiq strategiyasının tərkib hissəsidir:
“Əgər doğrudan da İranın əsas hakimiyyət və komanda-idarəetmə strukturları hədəf seçilibsə, bu, sırf taktiki addım deyil, həm də psixoloji və siyasi mesajdır. Belə hücumların məqsədi Tehranın qərarvermə mexanizmini sarsıtmaq, onu ya sərt cavaba təhrik etmək, ya da danışıqlara məcbur etməkdir”.

Heydər Oğuzun sözlərinə görə, İranın reaksiyası qarşıdakı mərhələnin xarakterini müəyyən edəcək:
“Əgər Tehran birbaşa və genişmiqyaslı cavab verərsə, bölgə tammiqyaslı müharibə riski ilə üz-üzə qala bilər. Əgər cavab proksi qüvvələr və ya asimmetrik üsullarla verilərsə, bu halda uzunmüddətli və qeyri-sabit qarşıdurma modeli formalaşa bilər.
Belə ssenari enerji bazarlarında ciddi dalğalanmalara, Hörmüz boğazında təhlükəsizlik risklərinin artmasına və region ölkələrinin hərbi hazırlıq səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Proseslərin nəzarətdən çıxmaması tərəflərin strateji hesablamalarından və diplomatik kanalların açıq saxlanılmasından asılı olacaq. Əks halda eskalasiya zəncirvari və daha geniş coğrafiyanı əhatə edən qarşıdurmaya çevrilə bilər”.
Tunar
NOCOMMENT.az