EN

Cenevrə danışıqlarının nəticəsini artıq görürük: Müharibə çoxdan elan edilmişdi

“Ötən gün Cenevrədə keçirilən danışıqların nəticəsiz qalması müharibənin başlanmasına gətirib çıxardı”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Məhəmməd Əsədullazadə ABŞ və İsrailin İrana hücumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, hər iki tərəf uzun müddət idi ki, müharibəyə hazırlıq aparırdı:

“ABŞ birbaşa İranın kapitulyasiyasını tələb edirdi. Vaşinqton bu zərbələri endirməklə, İran hakimiyyətindən ciddi tələbləri yenidən masaya qoyacaq. Hazırda İranın razılaşması mümkün görünmür. Bunun nəticəsi olaraq, İranın İsrailə raketlərlə və dronlarla cavab verməsi ehtimalı yüksəkdir. Həmçinin ABŞ-nin regiondakı hərbi bazalarına da hücum riski mövcuddur. ABŞ isə İranı təslim olmağa məcbur etmək niyyətindədir. Bu qədər hərbi gücü İran ətrafına toplayan ABŞ, təbii ki, geri çəkilməyəcəkdi. Düşünürəm ki, müharibə uzun müddət davam edəcək və bunun regiona dərin təsirləri olacaq”.

Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, hazırkı qarşıdurmanın yalnız hərbi aspekti deyil, həm də diplomatik, siyasi və iqtisadi tərəfləri mövcuddur:

“İranın cavabı regionda strateji balansı dəyişdirə bilər. Neft və qaz bazarlarında qiymət artımı, hərbi əməliyyatlara müdaxilə edən regional oyunçuların aktivləşməsi, Qərb və Asiya ölkələrinin reaksiyası, həmçinin humanitar böhran potensialı realdır. ABŞ və İsrailin məqsədi, İranın nüvə proqramına dair tələblərini maksimum şəkildə həyata keçirməkdir, amma bu, həm də diplomatiya ilə hələlik tənzimlənə biləcək məsələdir. Hərbi əməliyyatların intensivləşməsi region üçün riskləri artırır, xüsusən də Yaxın Şərqdəki müttəfiqlərin vəziyyətinə ciddi təsir göstərəcək.

Münaqişənin genişlənməsinin qarşısını yalnız beynəlxalq diplomatiya, vasitəçilik və tərəflərin geri çəkilməyə hazır olması ala bilər. Əgər region oyunçuları və beynəlxalq vasitəçilər vaxtında müdaxilə etməsələr, bu müharibə təkcə İrana və ABŞ-a deyil, bütün Yaxın Şərqə yayılacaq. İndiki mərhələdə hər iki tərəfin məqsədi yalnız üstünlüyü qorumaq deyil, həm də rəqibi maksimum zəiflətməkdir. Lakin bunun humanitar, iqtisadi və siyasi nəticələri çox geniş olacaq və uzun müddət regionu təsir altında saxlayacaq”.

Atilla Rzasoy

NOCOMMENT.az

Chosen
86
50
nocomment.az

10Sources