EN

Bakı toplantısı TDT nin gələcək trayektoriyasını müəyyən edən əsas siyasi hadisələrdən biri olacaq

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin növbəti iclası keçiriləcək. 2–3 aprel tarixlərinə planlaşdırılan toplantı təşkilat çərçivəsində siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İclasda TDT-nin Baş katibinin də iştirakı nəzərdə tutulur və gündəlikdə bir sıra strateji məsələlərin müzakirəsi gözlənilir.Toplantı çərçivəsində üzv ölkələr arasında ticarət, nəqliyyat, enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olacaq. Regional və qlobal çağırışlar fonunda ortaq mövqelərin formalaşdırılması və koordinasiyanın gücləndirilməsi də əsas müzakirə mövzularındandır. Bakı görüşü təşkilatın institusional inkişafı və qəbul olunacaq qərarların icra mexanizmlərinin təkmilləşdirilməsi baxımından da önəmli mərhələ kimi qiymətləndirilir.Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, Bakıda keçiriləcək bu toplantı formal iclasdan daha artıq məna daşıyır:“Bu görüş təşkilatın gələcək istiqamətini müəyyənləşdirə biləcək addımdır. Türk Dövlətləri Təşkilatı son illər sürətlə institusional formaya düşməyə çalışır. Əvvəllər daha çox mədəni yaxınlıq və ortaq tarix üzərində qurulan əməkdaşlıq indi real siyasi və iqtisadi sahələrə keçir. Bu isə artıq başqa mərhələdir. Hökumət başçıları və vitse-prezidentlər səviyyəsində keçirilən iclaslar sadə protokol xarakterli olmur. Bu səviyyədə görüşlər konkret qərarların hazırlanması və icra mexanizmlərinin razılaşdırılması deməkdir. Əgər qəbul olunacaq sənədlər iqtisadi inteqrasiyanı dərinləşdirərsə, bu, praktiki birlik mərhələsinə keçid siqnalı olacaq. Xüsusilə nəqliyyat dəhlizləri, enerji layihələri və ticarət dövriyyəsinin artırılması ilə bağlı konkret mexanizmlər yaradılsa, təşkilat daha funksional modelə keçmiş olacaq. Bu, artıq sadəcə niyyət bəyanatı deyil, real koordinasiya deməkdir”.Onun sözlərinə görə, digər vacib məsələ siyasi mövqelərin uzlaşdırılmasıdır:“Əgər regional və qlobal məsələlərdə ortaq bəyanatlar və vahid mövqe ortaya qoyularsa, bu, siyasi inteqrasiyanın dərinləşdiyini göstərəcək. Bu gün dünyada güc balansı dəyişir. Regional birliklər daha çox önə çıxır. Belə şəraitdə türk dövlətlərinin koordinasiyalı addımları onların beynəlxalq çəkisini artıra bilər. Əgər toplantı nəticəsində daimi strukturların səlahiyyətləri genişləndirilərsə və qərarların icrasına nəzarət mexanizmi gücləndirilərsə, bu artıq institusional mərhələyə keçid demək olacaq. Yəni məsələ ondadır ki, təşkilat simvolik birlikdən real siyasi və iqtisadi platformaya çevrilə biləcəkmi? Bakı görüşü buna aydınlıq gətirəcək. Əgər qərarlar konkret və icra yönümlü olarsa, demək olar ki, TDT yeni mərhələyə qədəm qoyur. Əks halda proses hələlik ehtiyatlı və mərhələli şəkildə davam edəcək. Bu baxımdan Bakı toplantısı təşkilatın gələcək trayektoriyasını müəyyən edən əsas siyasi hadisələrdən biri kimi qiymətləndirilə bilər”.Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Bakı toplantısında qəbul olunacaq qərarlar TDT çərçivəsində iqtisadi inteqrasiyanın daha da dərinləşdiyini və təşkilatın artıq praktik əməkdaşlıq mərhələsinə keçdiyini göstərəcək:“Bu mərhələ əvvəlki illərlə müqayisədə daha konkret mexanizmlərin formalaşdırılması ilə seçilə bilər. İclas zamanı üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması əsas prioritetlərdən biri olacaq. Gömrük prosedurlarının sadələşdirilməsi və logistika xərclərinin azaldılması istiqamətində yeni təşəbbüslər müzakirə oluna bilər. Eyni zamanda, qarşılıqlı investisiyaların təşviqi üçün vahid platformaların yaradılması gündəmdə olacaq. Üzv ölkələr arasında birgə investisiya fondlarının formalaşdırılması məsələsi də diqqət mərkəzində ola bilər. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə bərpaolunan enerji layihələrinin reallaşdırılması vacib istiqamət kimi qiymətləndirilir. Elektrik enerjisinin ötürülməsi və regional enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə koordinasiya imkanları nəzərdən keçirilə bilər”.O qeyd edib ki, nəqliyyat və logistika sahəsində Orta Dəhlizin potensialının artırılması da əsas mövzulardan biri olacaq:“Bu çərçivədə multimodal daşımaların inkişafı və tranzit imkanlarının genişləndirilməsi planlaşdırılır. Rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi də müzakirə ediləcək istiqamətlər sırasındadır. Elektron ticarət platformalarının inteqrasiyası və rəqəmsal xidmətlərin qarşılıqlı tanınması iqtisadi əlaqələri daha da sürətləndirə bilər. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində birgə proqramların həyata keçirilməsi imkanları da diqqətə alınacaq. Sənaye kooperasiyası və istehsal zəncirlərinin formalaşdırılması üzv ölkələrin iqtisadi dayanıqlığını artıra bilər. Kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün ortaq mexanizmlərin yaradılması planlaşdırılır. Turizm sektorunda vahid marşrutların və ortaq brend strategiyasının təşviqi də əməkdaşlığın mühüm hissəsinə çevrilə bilər. Bütün bu addımlar təşkilat daxilində iqtisadi koordinasiyanın gücləndirilməsinə xidmət edəcək. Qərarların icra mexanizmlərinin müəyyənləşdirilməsi isə prosesin effektivliyini təmin edəcək əsas amillərdən biri olacaq. Bakı toplantısı TDT-ni daha sistemli, institusional və nəticəyönümlü iqtisadi əməkdaşlıq platformasına çevirmək baxımından mühüm mərhələ kimi qiymətləndirilir”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
demokrat.az

1Sources