Buxarest, 28 fevral, AZƏRTAC
Yarıkeçiricilər müasir elektron sənayenin əsas elementlərindən biri hesab olunur. Mikroprosessorlar, çiplər, avtomobil elektronikası, rabitə sistemləri və süni intellekt həlləri bu texnologiya olmadan mümkün deyil. Son illərdə qlobal səviyyədə yarıkeçiricilərə tələbatın artması ölkələri bu sahəyə böyük investisiyalar yönəltməyə vadar edib.
AZƏRTAC xəbər verir ki, Rumıniya da strateji əhəmiyyət daşıyan yarıkeçiricilər texnologiyası sahəsinə investisiyalarla qlobal texnoloji yarışa qoşulur. Yerli mətbuatın yaydığı məlumata görə, Kluj-Napoka şəhərində bu sahə üzrə innovasiya klasterinin yaradılması planlaşdırılır.
Məlumata əsasən, təşəbbüs yarıkeçirici komponentlərin istehsalını, tədqiqat və inkişaf infrastrukturunun formalaşdırılmasını, eləcə də sənaye və akademik sektor arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Layihə çərçivəsində yüksək texnologiyalı laboratoriyaların qurulması və ixtisaslaşmış mütəxəssislərin hazırlanması da planlaşdırılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest