Mağazalardan alınan məhsulların geri qaytarılması məsələsi istehlakçılar arasında ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə də alışdan sonra müəyyən müddət keçdikdə bir çox vətəndaş məhsulu geri qaytarmaq hüququnun artıq qüvvədən düşdüyünü düşünür. Halbuki, qanunvericilik bəzi hallarda 14 günlük müddət bitdikdən sonra da alıcının hüquqlarını qoruyur və məhsulun geri qaytarılmasına imkan verir.
Bəs hansı hallarda 14 gün keçsə belə məhsulu geri qaytarmaq mümkündür?
Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında bildirib ki, bəzi hallarda bu müddətdən sonra da məhsulun geri qaytarılması qanunla mümkündür.

Turan Abdullazadə
“Vətəndaşlar arasında belə bir yanlış fikir formalaşıb ki, 14 gün keçdikdən sonra məhsulu geri qaytarmaq artıq mümkün deyil. Halbuki bu yalnız məhsul qüsursuz olduğu hallara aiddir.
Əgər alınmış malda qüsur və ya mühüm qüsur aşkar edilərsə, istehlakçı zəmanət müddəti ərzində məhsulun geri qaytarılmasını tələb edə bilər. Bu zaman geri qaytarılma proseduru qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilir”.
Turan Abdullazadə qeyd edib ki, məhsul sağlam və istifadəyə yararlı olduğu halda, alıcının sadəcə şəxsi istəyinə görə – yəni fikrini dəyişdiyi üçün malı geri qaytarması mümkün deyil.
“Lakin məhsulda istehsal qüsuru, saxtalaşdırma və ya istifadəni ciddi şəkildə məhdudlaşdıran problem aşkar olunarsa, istehlakçının hüquqları qorunur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı zəmanət müddəti ərzində qüsur aşkar etdikdə müqavilənin ləğvini və dəymiş zərərin ödənilməsini tələb edə bilər. Satıcı isə bu tələbi yerinə yetirməyə borcludur”.
Bundan əlavə, istehlakçı aşağıdakı variantlardan birini seçmək hüququna malikdir:
•məhsulun eyni keyfiyyətli başqa malla dəyişdirilməsi,
•satış qiymətinin uyğun məbləğdə azaldılması,
•başqa markalı məhsulla yenidən hesablaşma aparılması,
•məhsulun tam geri qaytarılması və ödənilmiş məbləğin geri alınması.
Ekspert bildirir ki, tərəflər qarşılıqlı razılıq əsasında ən uyğun həll variantını müəyyən edə bilərlər.
Müşviq Tofiqoğlu
KONKRET.az