EN

İran İraqda “Viktoriya” NATO bazasına zərbə endirib

Bağdad beynəlxalq hava limanı yaxınlığındakı hərbi obyektə kamikadze dronlarla hücum edildiyi bildirilir...

İran İraq ərazisində, Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən “Viktoriya” NATO bazasına zərbə endirib.

Poliqon xəbər verir ki, bu barədə IRIB məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində ABŞ-yə məxsus Palm Jet tipli təyyarə sıradan çıxarılıb, həmçinin uçuş-enmə zolağına ziyan dəyib.

Məlumata görə, hücum üç kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Bu barədə Sepah mətbuat xidməti açıqlama verib. Qurum bazanın hədəfə alınmasını planlaşdırılmış əməliyyatın tərkib hissəsi kimi təqdim edib.

Rəsmi Tehran əməliyyatı “Doğru vəd 4” adı altında həyata keçirdiyini bildirib. İran tərəfi bunu fevralın 28-də İsrail və ABŞ tərəfindən endirilmiş zərbələrə cavab addımı kimi qiymətləndirir. Açıqlamada vurğulanıb ki, İranın cavab tədbirləri yalnız İsrail ərazisi ilə məhdudlaşmır.

Məlumata əsasən, regionda ABŞ hərbi obyektlərinin yerləşdiyi ölkələr də potensial hədəf kimi göstərilir. Onların sırasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və İordaniya qeyd olunur.

Hazırda hadisə ilə bağlı əlavə rəsmi təsdiq və ya itkilər barədə geniş məlumat açıqlanmayıb. Regionda təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı və tərəflər arasında qarşılıqlı zərbələrin davam edə biləcəyi istisna edilmir.

Poliqon.info

Chosen
50
poliqon.info

1Sources