EN

Onların gəlişi "can verir": Azərbaycan futbolunda sürpriz atmosfer

Azərbaycan futbolunda tribunaların səssizliyi bəzən hesabdan daha böyük olan bir məqamdır. Bu dəfə həmin səs özünü həm nəticədə, həm də oyunun ritmində göstərdi.

"Sabah" ilə "Qarabağ" arasında keçirilən oyun təkcə 3:3 hesabı ilə deyil, tribunaların nəfəsi ilə yadda qaldı. Rəsmi rəqəm 10 mindən bir qədər çox olsa da, ikinci hissədə stadiona axın edən azarkeşlərlə birlikdə bu həddin keçildiyi hiss olunurdu. 

"Bayquşlar" ilk hissədə oyunu nəzarətə götürərək, 3:0 hesabı ilə üstünlük qazandı və liderliyini möhkəmləndirəcək kimi görünürdü. Amma futbolun gözəlliyi də bundadır – son fit səslənməyənə qədər heç nə bitmir. "Atlılar" ikinci hissədə tam fərqli enerji ilə meydana çıxdı. Bu enerji təkcə taktiki dəyişiklikdən doğmurdu. Tribunaların hər topda ayağa qalxması, hər hücumda səslərin yüksəlməsi oyunun ritmini dəyişdi. 3:3 – dramatik, mübarizəli və intriqalı sonluq.

Hər iki komandanın baş məşqçiləri də oyundan sonra azarkeşlərə təşəkkür etməyi unutmadı. Uzun müddətdir belə atmosferdə oyun keçmədiyini vurğulamaları təsadüfi deyildi. Çünki futbolçular üçün dolu tribunalar əlavə motivasiya, əlavə məsuliyyət və əlavə güc deməkdir.

Azərbaycan çempionatında illərdir danışılan əsas məsələlərdən biri maraq və azarkeş sayıdır. Amma bu oyun göstərdi ki, maraq var, sadəcə alovlandırmaq lazımdır.

Turnir cədvəlində "Sabah" birinci, "Qarabağ" isə ikincidir. Bu rəqabət meydandakı oyunda da özünü göstərir. Son turlarda liderlik uğrunda mübarizəyə tribunaların reaksiyası əlavə olunanda ortaya baxımlı futbol kimi məhsul çıxır.

Azarkeş gələndə oyun dəyişir. Futbolçu risk edir, məşqçi hücum planını genişləndirir, oyun tempi yüksəlir. Stadionun səsi futbolun ayrılmaz nəfəsinə çevrilir.

Eyni turda "Neftçi" ilə "Şamaxı" arasında keçirilən qarşılaşma da çempionatın niyə maraqlı olduğunu göstərdi. 2:2 hesabı, son dəqiqələrdə vurulan qol və mübahisəli hakim qərarları – bütün bunlar emosiyanı artıran amillərdir.

Mübahisə var, dram var, son saniyə həyəcanı var. Bu isə o deməkdir ki, Azərbaycan çempionatı darıxdırıcı deyil. Sadəcə onu stadiondan izləmək başqa hissdir.

Televiziya qarşısında baxmaq rahatdır. Amma stadionda olmaq oyunun içində olmaqdır. Hər pası, hər müdaxiləni, hər qolu birlikdə yaşamaqdır. "Sabah" – "Qarabağ" matçı sübut etdi ki, azarkeş gələndə futbol böyüyür.

Oyun azarkeşsiz yaxud azsaylı azarkeşlərlə 3:3 hesabı ilə bitsəydi stadionda belə atmosfer olmayacaqdı. Azərbaycan futboluna can verən də məhz onların gəlişidir. Stadionun ayrılmaz nəfəsi...

Miri
Azreform.info

Chosen
1
3
azreform.info

4Sources