EN

ING: Yaxın Şərqdə eskalasiya ən pis halda nefti 140 dollara kimi bahalaşdıra bilər

Yaxın Şərqdə artan hərbi gərginlik enerji bazarlarında ciddi qiymət artımı riski yaradıb.

APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"un əmtəə strategiyası üzrə rəhbəri Varren Patterson bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra neft bazarlarında qiymətlərin yüksəlməsi gözlənilir. Qiymət artımının davamlılığı isə hərbi əməliyyatların müddətindən və miqyasından asılı olacaq.

Analitik bildirib ki, ICE Brent markalı neftin qiyməti qısa müddətdə 80–90 ABŞ dolları/barel intervalına yüksələ bilər. Təchizatda ciddi və uzunmüddətli fasilələr yaranarsa, qiymətlər 100 dolları keçə və ən pis ssenaridə 140 dollar/barel səviyyəsinə çata bilər.

V. Patterson qeyd edib ki, İranın əsas neft ixrac nöqtəsi olan Xərq adası risk altındadır. Bu istiqamətdən gündə təxminən 1,5 milyon barel neft ixrac olunur və əsas alıcı Çindir.

Eyni zamanda, İsrail təhlükəsizlik səbəbilə Leviathan və Karish qaz yataqlarını müvəqqəti bağlayıb. Bundan başqa, İranın Hörmüz boğazını bağlamaqla bağlı açıqlaması qlobal enerji bazarlarında əlavə risk formalaşdırır. Qeyd olunur ki, bu boğazdan gündə təxminən 20 milyon barel neft və ildə 100 milyard kubmetrdən çox LNG daşınır ki, bu da qlobal LNG ticarətinin təxminən 20%-ni təşkil edir.

Analitik vurğulayıb ki, mümkün blokada Asiya ölkələri üçün xüsusilə həssasdır. Hörmüz boğazından keçən neftin 84%-i və LNG-nin 83%-i Asiya bazarlarına yönəlir və əsas alıcı Çindir.

V. Patterson hesab edir ki, ciddi təchizat kəsintiləri baş verərsə, hökumətlər strateji neft ehtiyatlarından (SPR) koordinasiyalı şəkildə istifadə edə bilər. ABŞ-ın strateji ehtiyatları hazırda təxminən 415 milyon barel təşkil edir. Bununla belə, ehtiyatlardan istifadə yalnız müvəqqəti rahatlama verə bilər.

OPEC+ ölkələri aprel ayı üçün gündəlik 206 min barel əlavə hasilat artımına qərar versə də, mümkün genişmiqyaslı təchizat pozuntuları fonunda bu həcm bazarı tam sabitləşdirmək üçün yetərli olmaya bilər.

Analitikə görə, qlobal LNG bazarında da risklər yüksəkdir. Qətər və BƏƏ-dən LNG axınında fasilələr yaranarsa, Avropa qaz qiymətləri (TTF) 80–100 avro səviyyəsinə qədər yüksələ bilər.

Chosen
97
1
apa.az

2Sources