EN

Faiq Qarayev: Həmişə qadın voleybolçularla işləmişəm və buna görə heç vaxt peşman olmamışam

Bakı, 2 mart, AZƏRTAC

Mən həmişə qadın voleybolçularla işləmişəm. Buna görə də heç vaxt peşman olmamışam.

AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət millinin baş məşqçisi Faiq Qarayev Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında deyib.

Mütəxəssis qadın voleybolçularla birlikdə yüksək nailiyyətlərə imza atdığını xatırladıb: “Biz bu uğurları birlikdə qazanmışıq. Dünya və Avropa səviyyəli turnirlərdə iştirak etmişik. Həm yerli, həm əcnəbi idmançılarla işləmək imkanım olub. Bu forumda isə gənc həmkarlarımız iştirak edir. Onlara deyə bilərəm ki, məşqçilər yalnız idmançıları hazırlamalı, onların şəxsi həyatına müdaxilə etməməlidir. Biz nə qədər təcrübəli olsaq da, xarici təlimlərdə iştirak etməyə və öyrənməyə davam edirik”.

O bildirib ki, qadınlarla işləyən məşqçilər bir çox məqamları nəzərə almalıdırlar: “Ulduz voleybolçular yetişdirmişik. Amma eyni zamanda ulduz ola biləcək 20-30 qızı itirmişik. Onlar ailəvi və ya digər səbəblərə görə idmandan uzaqlaşmağı seçiblər”.

F.Qarayev qeyd edib ki, idmançılarla yanaşı, məşqçilər də fiziki çalışma ilə məşğul olmalıdırlar: “Bu olmasa, nəticə qazanmaq çətindir. Digər önəmli nüans da odur ki, məşq prosesi çox maraqlı olmalıdır. Həm məşqçi, həm də idmançı məşqdən zövq almalıdır. Əks təqdirdə, idmançı məşqlərə gəlmək istəməyəcək, yayınmağa çalışacaq. Bu baxımdan məşqçinin özündən çox şey asılıdır. Bu, sadəcə voleybolda deyil, bütün idman növlərinə aiddir”.

Chosen
3
3
azertag.az

4Sources