ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
İranın Qətər və Dubayda mülki obyektləri hədəfə alması ilə bağlı yayılan məlumatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib. Körfəz bölgəsində təhlükəsizlik balansı yenidən sual altına düşüb, diplomatik kanallarda isə intensiv təmasların başladığı bildirilir. Xüsusilə enerji, nəqliyyat və maliyyə mərkəzləri baxımından strateji əhəmiyyət daşıyan bu ərazilərdə mümkün eskalasiyanın təsirləri geniş coğrafiyanı əhatə edə bilər. Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Demokrat.az-a bildirib ki, beynəlxalq hüquqa görə mülki əhalinin hədəf alınması qəti şəkildə qadağandır:"Bu prinsip dünyanın istənilən yerində – Dubayda, Qətərdə və ya başqa bir ölkədə eyni qaydada tətbiq olunur. Silahlı münaqişələr zamanı tərəflər beynəlxalq humanitar hüquqa, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə Protokollarına əməl etməlidirlər. Bu sənədlərin əsas prinsiplərindən biri fərqləndirmə prinsipidir. Bu prinsipə görə münaqişə tərəfləri mülki şəxslərlə döyüşçüləri, eləcə də mülki obyektlərlə hərbi obyektləri bir-birindən aydın şəkildə ayırmalıdır. Mülki şəxslər birbaşa hücum obyekti ola bilməz. Onlara qarşı qəsdən edilən hücumlar beynəlxalq hüququn ciddi pozuntusu sayılır".Hüquqşünas bildirib ki, digər mühüm prinsip proporsionallıq prinsipidir:"Hətta hərbi hədəf mövcud olduqda belə, əgər hücum nəticəsində gözlənilən mülki itkilər hərbi üstünlüklə müqayisədə həddindən artıqdırsa, belə hücum qanunsuz hesab olunur. Bundan əlavə, tərəflər mülki əhalini qorumaq üçün mümkün bütün ehtiyat tədbirlərini görməlidirlər.Mülki əhaliyə qarşı qəsdən hücumlar müharibə cinayəti kimi qiymətləndirilə bilər və bu cür əməllərə görə fərdi cinayət məsuliyyəti yarana bilər. Bu məsuliyyət həm milli məhkəmələrdə, həm də müəyyən hallarda Beynəlxalq Cinayət Məhkəməsində araşdırıla bilər. Nəticə etibarilə, beynəlxalq hüquq normalarına görə mülki əhalinin hədəf alınması qəbuledilməzdir və hüquqi baxımdan ciddi şəkildə qadağandır".O deyib ki, beynəlxalq humanitar hüquqa görə hərbi obyektlər legitim hədəf hesab oluna bilər:"Ancaq bu, "istənilən halda vurmaq olar” demək deyil. Hücumun qanuni sayılması üçün bir neçə ciddi şərt var. Əvvəla, obyekt həqiqətən hərbi obyekt olmalıdır. Beynəlxalq hüquqa görə hərbi obyekt dedikdə elə obyekt nəzərdə tutulur ki, onun təbiəti, yerləşməsi, məqsədi və ya istifadəsi hərbi fəaliyyətə real töhfə verir və onun məhv edilməsi konkret və aydın hərbi üstünlük yaradır. Məsələn, silah anbarı, hərbi baza, komanda mərkəzi kimi obyektlər buna daxil ola bilər. İkincisi, fərqləndirmə prinsipi qorunmalıdır. Hücum yalnız hərbi hədəfə yönəlməlidir, mülki şəxslər və mülki obyektlər birbaşa hədəf ola bilməz. Üçüncüsü, proporsionallıq prinsipi tətbiq olunur. Əgər hərbi obyekt sıx yaşayış məntəqəsində yerləşirsə və hücum nəticəsində gözlənilən mülki itkilər əldə ediləcək hərbi üstünlüklə müqayisədə həddindən artıqdırsa, belə hücum qanunsuz sayılır. Dördüncüsü, tərəflər ehtiyat tədbirləri görməlidirlər. Bu, mümkün qədər mülki itkilərin qarşısını almaq və ya minimuma endirmək üçün planlaşdırma və vasitə seçimi öhdəliyidir".Əlövsət Allahverdiyev qeyd edib ki, bəzi obyektlər, məsələn, xəstəxanalar, dini məkanlar, məktəblər xüsusi şəkildə qorunur."Onlar yalnız hərbi məqsədlə istifadə edildiyi sübut olunarsa və digər şərtlər ödənərsə legitim hədəfə çevrilə bilər. Qısaca, beynəlxalq hüquq hərbi obyektlərə hücuma prinsip etibarilə icazə verir, lakin bu icazə ciddi hüquqi çərçivə və məhdudiyyətlər daxilindədir. Bu çərçivə pozularsa, hücum beynəlxalq hüququn pozuntusu və hətta müharibə cinayəti kimi qiymətləndirilə bilər"- deyə o fikrini yekunlaşdırıb.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.