Paytaxtın bir sıra küçə və prospektlərində artıq “ağıllı işıqfor” sistemi tətbiq olunmağa başlayıb. Süni intellekt texnologiyası əsasında çalışan bu qurğular yol hərəkətinin real vaxt rejimində sıxlığını analiz edərək işıq siqnallarının müddətini avtomatik şəkildə tənzimləyir.
Pilot layihə çərçivəsində ümumilikdə 8 yol qovşağında yeni nəsil işıqforlar quraşdırılıb.
Yeni sistem ənənəvi işıqforlardan fərqli olaraq, xüsusilə pik saatlarda və yol-nəqliyyat hadisələri zamanı nəqliyyatın intensivliyinə uyğun şəkildə iş rejimini dəyişir. Bu isə avtomobil axınının daha səmərəli idarə olunmasına imkan yaradır.
Nəqliyyatın az olduğu vaxtlarda yaşıl işığın müddətinin artırılması sürücülərin vaxt itkisini minimuma endirir. Beynəlxalq təcrübə göstərir ki, adaptiv işıqfor sistemləri tıxacların həcmini 15-30 faizədək azaltmaq potensialına malikdir. Layihənin nəticələri müsbət olacağı təqdirdə, “ağıllı işıqfor”ların şəhərin digər ərazilərində də quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, sosial şəbəkələrdə bu işıqforların avtomobilləri cərimələdiyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Cərimələmə funksiyası kameralara məxsusdur, işıqforlar isə yalnız hərəkətin tənzimlənməsini həyata keçirir.
Bəs Bakıda yeni işıqforlar özünü doğruldacaqmı? Doğrudanmı hərəkətin təhlükəsizliyi artacaq və tıxaclar azalacaq?
Musavat.com-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, belə sistemlər şəhər üzrə nəqliyyat axınını analiz edir və işıqforların iş rejimini buna uyğun tənzimləyir: “Bizdə də nəqliyyatın digər növləri üzrə müəyyən rəqəmsal modellər mövcuddur. Lakin avtomobil axınını tam və dəqiq ölçən, onu rəqəmsal əkiz (digital twin) formatında idarə edən sistemin olub-olmaması barədə dəqiq məlumat yoxdur.
Dünyada artıq yeni texnologiyalar tətbiq olunur. İşıqforların fazaları rəqəmsal həllər vasitəsilə müəyyən edilir, nəqliyyat axını real vaxt rejimində analiz olunur və sistem fazaları avtomatik olaraq axına uyğun dəyişir. Bu yanaşmanın bizdə necə qarşılanacağı ilə bağlı dəqiq məlumat olmasa da, prinsip etibarilə maraqlı və müasir bir həll kimi görünür”.

Ekspert deyib ki, əgər sistem doğrudan da insan müdaxiləsi olmadan çevik şəkildə işləyəcəksə, bu, ümumi nəqliyyat axınına müsbət təsir göstərə bilər: “Lakin tıxac məsələsi təkcə işıqforla həll olunan problem deyil. Bu, kompleks tədbirlər planı tələb edir. Əsas sual budur: biz şəhərdə hansı nəqliyyat növü ilə və necə hərəkət edirik? Əgər əsas yük yalnız avtomobillərin üzərindədirsə, tıxac probleminin köklü həlli mümkün olmayacaq. Daha çox sərnişin daşıma qabiliyyətinə malik nəqliyyat növlərinə üstünlük verilməlidir.
Buraya dəmir yolu, metro, tramvay və digər kütləvi nəqliyyat vasitələri daxildir. Onların inteqrasiyası vacibdir. Qısa məsafələr üçün isə mikromobillik və velosiped infrastrukturu inkişaf etdirilməlidir. Bütün bu sistemlər vahid və sağlam kompleks kimi işlədikdə tıxaca real alternativ yarana bilər. İnsanlar seçim imkanına malik olmalıdır ki, sıxlıqdan yan keçərək daha rahat nəqliyyat növündən istifadə edə bilsinlər. Bununla yanaşı, piyada infrastrukturu da diqqət mərkəzində olmalıdır. Qısa və rahat piyada marşrutları formalaşdırılmalı, nizamlanan piyada keçidlərinin və işıqforların sayı artırılmalıdır. Siqnalların fazaları az mobillər də nəzərə alınmaqla qurulmalıdır ki, həm nəqliyyat, həm də piyadalar arasında ahəng təmin olunsun və insanlar yolu xaotik şəkildə keçməyə məcbur qalmasınlar. Piyada infrastrukturunun abadlaşdırılması və təhlükəsiz keçidlərin təşkili uzun illərə qalmamalıdır. Bu dəyişikliklər mərhələli şəkildə, lakin qısa müddətdə hiss olunmalıdır. Dövlət proqramında 2020–2030-cu illər üçün bu məsələlər nəzərdə tutulsa da, prosesin daha da sürətlənməsinə ehtiyac var”.
Göründüyü kimi, “Ağıllı işıqfor”lar müsbət və perspektivli addımdır. Ancaq tıxac probleminin həlli üçün təkbaşına kifayət etmir. Kompleks, inteqrə olunmuş və insan mərkəzli nəqliyyat siyasəti olmadan ciddi dəyişiklik gözləmək çətindir.
Şahanə Rəhimli
Musavat.com