Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-də nəşr olunan "Forbes" jurnalı bölgədə artan gərginlik fonunda Türkiyənin apardığı diplomatik fəaliyyəti təhlil edib.
“İranın liderliyi başsız qaldı — bundan sonrasını Türkiyə müəyyənləşdirəcək” başlıqlı məqalədə rəsmi Ankaranın son illərdə Ukrayna müharibəsi, Qəzza böhranı, Rusiya–ABŞ təmasları və İranın nüvə proqramı kimi məsələlərdə aktiv rol oynadığı vurğulanır. Bildirilir ki, Türkiyə tərəf seçmədən diplomatik kanalları açıq saxlamaq strategiyası ilə hərəkət edir.
Nəşr Prezident Rəcəb Tayyib Ərdoğanın hücumları “dərindən narahatedici” adlandırdığını xatırladır. Xarici işlər naziri Hakan Fidanın İran, İraq, Səudiyyə Ərəbistanı, Misir və İndoneziya ilə təmaslar qurduğu qeyd olunur. Jurnal Türkiyənin bu qarşıdurmada heç bir tərəfin yanında yer almadığını və prosesləri ayrıca mövqedən izlədiyini yazır.
Məqalədə 1639-cu ildə müəyyənləşdirilən Türkiyə–İran sərhədinin Yaxın Şərqin ən qədim davamlı idarə olunan sərhədi olduğu xatırladılır. İki ölkə arasındakı münasibətlərin yalnız siyasi etimada deyil, həm də institusional və tarixi infrastruktur bağlarına söykəndiyi bildirilir. Türkiyənin İrandakı türk mənşəli əhali ilə əlaqələrinin Ankaraya əlavə kommunikasiya imkanları yaratdığı vurğulanır.
Təhlildə Texas Universitetinin mütəxəssisinin fikirlərinə istinadən Türkiyə–İran rəqabətinin “varoluşsal xarakter daşımadığı”, Ankaranın regional baxımdan ifrata varmayan istənilən İran hökuməti ilə işləyə biləcəyi qeyd olunur.
Eyni zamanda yazıda Türkiyənin xarici siyasətində kürd məsələsinin mühüm yer tutduğu bildirilir. PKK-nın İran qolu kimi təqdim edilən PJAK-ın fəaliyyəti və İranda bəzi kürd qruplarının ortaq komanda strukturu yaratdığı iddia edilir. PKK-nın 2025-ci ilin mayında silahlı mübarizəni dayandırmaq qərarı aldığı, lakin PJAK-ın bu qərarı izləmədiyi vurğulanır.
"Forbes" Türkiyənin böhranlara yanaşmasını üç mərhələli model kimi təqdim edir: birinci mərhələ ictimai qınama, ikinci mərhələ arxa diplomatik kanalların işə salınması, üçüncü mərhələ isə iqtisadi mövqelənmədir. Ankaranın İranda hakimiyyətə gələ biləcək mümkün qüvvələrlə də təmasları açıq saxlayacağı qeyd olunur.
Nəşr İranla bağlı mümkün risklərə də diqqət çəkir. Bildirilir ki, İran Türkiyənin təbii qaz tələbatının təxminən 15–16 faizini qarşılayır və mövcud müqavilə 2026-cı ilin ortalarında başa çatır. Ehtimal olunan miqrasiya axınının və İrandakı azərbaycanlıların mövqeyinin regiondakı balanslara təsir göstərə biləcəyi vurğulanır.
Məqalə müəllifi yaxın 30 gün ərzində İranda baş verəcək proseslərin Türkiyənin bölgədəki mövqeyinə birbaşa təsir edəcəyini qeyd edərək, “uzun oyunun xeyli qısaldığını” yazır.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.