Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanan “Gəlinlərin savaşı” tamaşasının premyerası baş tutub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları Ümüd Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssamı Osman Salmanov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.
Komediya janrında səhnələşdirilən əsər ailə münasibətlərinə yumor prizmasından yanaşır. Səhnə işi üç ərköyün gəlinlə sülhsevər qayınana arasında yaşanan qarşıdurmanı əks etdirir. Gəlinlərin eqosu və sərt davranışları ailədə gərginlik yaratsa da, müdrik və təmkinli qayınana hadisələrin axarını dəyişərək ailədaxili harmoniyanı bərpa etməyə nail olur.
Aktual mövzunu əyləncəli və düşündürücü formada təqdim edən tamaşa premyera günü tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Rollarda Əməkdar artist Fəranə Musayeva, aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Emil Həmidov çıxış ediblər.