EN

Mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın atdığı addımlar yüksək məsuliyyət nümunəsidir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 mart, AZƏRTAC

Yaxın Şərqdə, xüsusilə də İranda hərbi eskalasiyanın mövcudluğu region dövlətlərini bu və ya digər formada baş verən proseslərə münasibət bildirməyə məcbur edir. Mövcud geosiyasi gərginlik şəraitində hər bir ölkənin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın həm ABŞ, həm də İsrail ilə yüksəksəviyyəli münasibətləri mövcuddur. Eyni zamanda, rəsmi Bakı bütün səviyyələrdə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən hər hansı dövlətə qarşı güc istifadəsinə heç vaxt icazə verilməyəcək. Bu prinsipial mövqe ölkəmizin balanslı və məsuliyyətli siyasət xəttinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir”. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirən əsas amillərdəndir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, bu təlatümlü geosiyasi şəraitdə regional ölkələrin mövqeyi xüsusilə ön plana çıxır. Azərbaycan gərginliyin ən yüksək səviyyəsində belə məsuliyyətli və balanslı yanaşma nümayiş etdirir. Bu yanaşma həm də aktiv diplomatik təmaslarla müşayiət olunur.

O deyib: “Azərbaycanın hazırkı əsas missiyalarından biri də humanitar dəhliz rolunu yerinə yetirməkdir. Mövcud vəziyyət fonunda İran ərazisində çoxlu sayda xarici ölkə vətəndaşının olduğu ehtimal edilir və bu insanlar ilk növbədə öz təhlükəsizliklərini təmin etmək üçün ölkəni tərk etməyə çalışırlar. Belə bir şəraitdə İranın qonşuları arasında ən etibarlı və təhlükəsiz keçid imkanlarından biri məhz Azərbaycana məxsusdur. Ölkəmizin coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu, sərhəd-keçid imkanları və operativ dövlət idarəçiliyi bu prosesi effektiv şəkildə təşkil etməyə şərait yaradır”.

C.Hüseynzadə qeyd edib ki, artıq Astara sərhəd-keçid məntəqəsi üzərindən həm Azərbaycan vətəndaşlarının, həm də müxtəlif ölkələri təmsil edən şəxslərin təhlükəsiz şəkildə ölkəmizə gətirilməsi bir daha göstərir ki, ölkəmizin məsələyə yalnız milli məsuliyyət prizmasından deyil, ümumi humanitar yanaşma çərçivəsindən yanaşır. İnsan həyatının və təhlükəsizliyinin qorunması dövlət siyasətimizin əsas prioritetlərindən biridir.

Humanitar dəhliz funksiyasının yerinə yetirilməsi Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərir. Müxtəlif ölkələrin vətəndaşlarının, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsiz şəkildə keçidinə şərait yaradılması ölkəmizin humanitar diplomatiya sahəsində etibarlı platforma olduğunu təsdiqləyir. Bu, eyni zamanda, regionda qarşılıqlı etimadın güclənməsinə xidmət edir.

“Azərbaycanın atdığı hazırkı addımlar BMT Nizamnaməsinin prinsipləri, beynəlxalq humanitar hüquq normaları, diplomatik münasibətləri tənzimləyən beynəlxalq qaydalar, eləcə də insan hüquqları üzrə universal öhdəliklər baxımından yüksək məsuliyyət nümunəsidir. Bu yanaşma dövlətimizin beynəlxalq hüquqa sadiqliyinin praktik ifadəsidir”, - deyə ekspert əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
azertag.az

2Sources