EN

Əhalinin NƏZƏRİNƏ: Sizi iş adı ilə aldadıblarsa, mütləq bu addımı atın…

Son günlər ictimai nəqliyyatda, avtobus dayanacaqlarında və insanların sıx olduğu ərazilərdə, eləcə də sosial şəbəkələrdə yayılan iş elanları ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşlar bildirirlər ki, bəzi şəxslər işə düzəltmək vədi ilə onlardan ödəniş tələb edir, müqavilə imzalatdırır, lakin sonradan verilən vədlər yerinə yetirilmir. Bəs, belə məqamda hüquqları pozulmuş vətəndaş hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı hüquqşünas Toğrul Məmmədov KONKRET.az-a açıqlamasında vətəndaşlara diqqətli olmağı tövsiyə edib.

Toğrul

“İlk növbədə insanlar hər hansı müqaviləyə imza atmazdan əvvəl sənədin məzmunu ilə tam şəkildə tanış olmalıdırlar.

İş tapmaq sevinci ilə tələsərək naməlum sənədlərə imza atmaq ciddi problemlərə səbəb ola bilər. Müqavilənin şərtləri diqqətlə oxunmalı, yalnız bundan sonra hər hansı ödəniş edilməlidir. Ödəniş zamanı mütləq qəbz saxlanılmalı, müqavilənin bir nüsxəsi isə vətəndaşın özündə qalmalıdır. Bu sənədlər gələcəkdə yarana biləcək mübahisələr zamanı sübut kimi mühüm rol oynayır”.

Onun sözlərinə görə, müqavilədə qarşı tərəfin rekvizitləri, ünvanı və bank hesabı kimi məlumatların düzgün göstərilməsi də vacibdir.

“Çünki sonradan hüquqi iddia qaldırmaq üçün məsul şəxsin müəyyən edilməsi əsas şərtlərdən biridir. Belə hallarda məsələ iki istiqamətdə qiymətləndirilir. Əgər vətəndaşdan aldatma yolu ilə pul alınırsa, bu, cinayət əməli dələduzluq kimi qiymətləndirilir və həmin şəxsi cinayət məsuliyyəti gözləyir. Əgər problem müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdırsa, bu zaman məsələ mülki mübahisə sayılır və vətəndaş məhkəməyə müraciət edərək ödənilən vəsaitin geri qaytarılmasını tələb edə bilər”.

Hüquqşünas sonda vətəndaşlara naməlum iş elanlarına inanaraq əvvəlcədən pul köçürməmələri və hər bir sənədi diqqətlə yoxlamaları barədə xəbərdarlıq edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
87
1
konkret.az

2Sources