London, 2 mart, AZƏRTAC
Londonun lüks kişi geyimi sektorunda fəaliyyət göstərən azərbaycanlı modelyer Ayla Cəbiyeva Böyük Britaniyada moda sahəsində uğurlu karyera qurub. Bakı şəhərində anadan olan və altı yaşında ailəsi ilə birlikdə Londona köçən Ayla Britaniya vətəndaşı olsa da, onun sözlərinə görə, qəlbi daim Azərbaycanla döyünür və vətənə hər səfəri bu bağlılığı daha da gücləndirir. AZƏRTAC gənc modelyerlə müsahibəni təqdim edir.
– Təhsiliniz və moda sahəsinə gəlişiniz necə başlayıb?
– London İncəsənət Universitetinin Moda Kollecində moda dizaynı və inkişafı ixtisası üzrə təhsil almışam, əlavə olaraq peşəkar təcrübə diplomu əldə etmişəm. Təhsil müddətində iki beynəlxalq təcrübə keçmişəm. Altı ay Londonda, məşhur “Savile Row” küçəsində yerləşən kişi geyim brendində təcrübə proqramı, altı ay isə İstanbulda lüks qadın geyim markasında çalışmışam. Universiteti birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişəm.
Məzun layihəm çərçivəsində “Soigné” adlı lüks qadın geyim brendini yaratmışam. Hazırda layihə müvəqqəti dayandırılıb, lakin gələcəkdə onu rəsmi şəkildə yenidən işə salmaq və inkişaf etdirmək niyyətindəyəm.
London¬dakı təhsilimi davam etdirərkən paralel olaraq Milli Səhiyyə Sistemində (NHS) çalışmışam. Məzun olduqdan qısa müddət sonra isə əlavə ixtisaslar əldə etmək məqsədilə bir-iki il ərzində əczaçılıq sahəsində iki əlavə kurs keçmişəm. Bu sahədə yeddi illik peşəkar təcrübəm də var. Xüsusilə tibbi sahədə biliklərə sahib olmaq ehtiyat plan kimi hər zaman önəmlidir. Bu mərhələni tamamladıqdan sonra yenidən moda sahəsinə qayıtmışam.
– Hazırda harada fəaliyyət göstərirsiniz?
– Hazırda Londonun “Mayfair” bölgəsində yerləşən məşhur “Savile Row” küçəsində fəaliyyət göstərən “Colhay’s” kişi geyim brendində baş modelyer, eyni zamanda marketinq və əməliyyatlar üzrə mütəxəssis kimi çalışıram. Bu küçə dünyada lüks kişi geyimi və fərdi sifariş əsasında tikilən kostyumların mərkəzi hesab olunur və əsrlərdir yüksək keyfiyyətli tikiş ənənəsi ilə tanınır.
Brendin gündəlik idarə olunmasında iştirak edirəm, məhsul dizaynı, marketinq, araşdırma və əməliyyat proseslərinə nəzarət edirəm. Həmçinin həftəlik bülletenlər və aylıq redaksiya məqalələri yazıram. İndiyədək iki tam kolleksiya dizayn etmişəm və onlar “Savile Row”da satışa çıxarılıb.
– Təhsil illərində Britaniyada Milli Səhiyyə Sistemində çalışmaq qərarı verməyinizə nə səbəb olmuşdu?
– Böyük Britaniyada tələbələrin oxuya-oxuya işləməsi çox yayılıb. Mən də həm təcrübə qazanmaq, həm də məsuliyyət hissini gücləndirmək üçün işləmək istədim. Əvvəlcə ancaq şənbə günü işləyirdim, lakin pandemiya dövründə tam ştatlı işə çevrildi və nəticədə yeddi illik peşəkar təcrübə qazandım. Bu dövr çox gərgin idi. Həftənin altı günü işləyir, axşamlar isə universitet tapşırıqları üzərində çalışırdım. Lakin bu təcrübə mənə böyük nizam-intizam və peşəkar bilik qazandırdı.
– NHS-də konkret olaraq hansı vəzifəni icra edirdiniz?
-Mən ixtisaslı əczaçılıq üzrə dispanser texnikiyəm və tibb, səhiyyə və dərman təminatı sahəsində ikiqat sertifikasiyaya malikəm. Vəzifələrimə pasiyentlərlə məsləhətləşmələrin aparılması, yüngül sağlamlıq problemlərinin ilkin qiymətləndirilməsi, qan təzyiqinin ölçülməsi, həmçinin zərurət olduqda antibiotik və ya dərmanların təcili təmin edilməsi daxildir. Dərmanlar, onların qarşılıqlı təsiri və müalicə üsulları üzrə güclü klinik biliklərim təhlükəsiz və effektiv pasiyent qayğısının təmin edilməsinə imkan verir. Qısacası, sahə üzrə demək olar ki, bütün istiqamətlərdə fəaliyyət göstərmişəm.
– İki mədəniyyət arasında böyümək sizə necə təsir edib?
-Düşünürəm ki, bu, mənim daxilində maraqlı mədəni qatların formalaşmasına səbəb olub. Azərbaycan köklərimdən gələn güclü ənənələri və dəyərləri daşıyıram, eyni zamanda belə beynəlxalq bir şəhərdə böyüdüyüm üçün qlobal düşüncə tərzinə sahibəm.
Böyüyərkən bəzən elə hiss edirdim ki, tam olaraq yalnız bir yerə aid deyiləm. Amma indi bunu güclü və gözəl bir xüsusiyyət kimi görürəm. Ailəm qardaşımı və məni elə tərbiyə edib ki, Londonda böyüsək də, Azərbaycan düşüncə tərzi ilə yetişmişik və haradan gəldiyimizi heç vaxt unutmamışıq.
– Azərbaycan kökləriniz yaradıcılığınıza təsir edirmi?
-Bəli, mütləq. Köklərim mənə özünəməxsus vizual baxış bucağı verir. Azərbaycan mədəniyyətindəki cəsarət, zəngin naxışlar, teksturalar və keyfiyyət anlayışı mənə böyük ilham verir.
Eyni zamanda bunu Londonda böyüyərkən mənimsədiyim minimalist və müasir təsirlərlə balanslaşdırıram. Məhz bu vəhdət mənim estetik üslubumu müəyyənləşdirir. Düşünürəm ki, yaratdığım dizaynlarda və ya yazdığım məqalələrdə hər zaman hansısa formada Azərbaycanla bağlılıq qurmağın yolunu tapıram.
– Britaniya moda sənayesində Azərbaycanı təmsil etmək sizin üçün nə dərəcədə önəmlidir?
-Çox böyük əhəmiyyət daşıyır. Azərbaycan bəzən qlobal yaradıcı sənayelərdə yetərincə təmsil olunmur, buna görə bu görünürlüğün bir hissəsi olmaq xüsusi hissdir.
Son illərdə Bakının necə sürətlə inkişaf etdiyini böyük maraqla izləyirəm. İstər musiqi, istər restoran sektoru, istər mədəniyyət, istərsə də moda sahəsində yeni dinamizm hiss olunur. Ən çox sevdiyim isə odur ki, Bakı inkişaf etdikcə biz azərbaycanlılar ənənələrimizi qorumağa və onlara dəyər verməyə davam edirik. Məhz bu tarazlıq mənə ilham verir. Azərbaycanlı kimliyimlə fəxr edirəm və Britaniya moda məkanında ölkəmi təmsil edə bilmək mənim üçün böyük imtiyazdır.
– Gələcək planlarınız nələrdir?
– Yaxın gələcəkdə öz brendim “Soigné”ni rəsmi şəkildə yenidən işə salmaq və böyütmək istəyirəm. Brend Londonda fəaliyyət göstərəcək, lakin uzunmüddətli məqsədim onu Bakıda da inkişaf etdirməkdir.
– Xaricdə yaradıcı sahədə uğur qazanmaq istəyən gənc azərbaycanlılara nə tövsiyə edərdiniz?
– Çox çalışmaq və özünə inamı itirməmək vacibdir. Rəqabətli mühitdə uğur qazanmaq üçün həm bacarıqları, həm də əlaqələri inkişaf etdirmək lazımdır. Ən əsası isə milli kimliyi qorumaqdır. Azərbaycanlı olmaq fərqlilik və üstünlükdür.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London