Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qax rayonunda 1995-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Elməddin Orxana xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin sentyabrın 28-də rayonun Qıpçaq kəndində baş verib. Elməddin həmin gün saat 23:00-da atasına məxsus “Uğur” marketin qarşısında olan “E-manat” ödəmə terminalının yanında dayanmış Orxana yaxınlaşaraq guya sonuncunun nalayiq söyüş söyməsini bəhanə edib, heç bir hüquqi və faktiki əsas olmadan sözlə mübahisə edib. Daha sonra mübahisənin davamı olaraq Orxanı marketin yanına aparıb. Marketin yanında Orxanın ayaqlarından əlləri ilə tutaraq yuxarı qaldırıb, sonra yerə, yəni asfalt betona çırpıb. Bununla da Orxana müxtəlif dərəcəli xəsarətlər yetirib. Elməddinin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2024-cü ilin sentyabrın 28-də, günorta saat 3-4 radələrində atasına məxsus iş yerində, yəni marketdə əyləşib: “Həmin vaxt Orxan marketə daxil olaraq bir şüşə nisyə pivə almaq istədiyini bildirdi. Mən isə Orxana nisyə pivə verə bilməyəcəyimi dedim. Orxan əvvəllər neçə dəfələrlə nisyə alver edib, onu boş qaytarmamışam. Lakin bu dəfə marketdə olan malları kodlaşdıraraq kompüter sisteminə yığdığımız üçün nisyə mal satışını ləğv etmişik. Orxan marketi tərk etdikdən təxminən 15 dəqiqə keçmiş mobil telefonuma yad nömrədən “məni hansısa alkaşla səhv salma, sən artıq göylə gedirsən” məzmunlu mesaj gəldi. Mən SMS-in kim tərəfindən yazıldığını müəyyən etmək üçün həmin nömrəyə zəng etdim. Zəngə cavab verən şəxsdən kim olduğunu soruşduqda Orxan olduğunu dedi. Orxandan nə üçün belə mesaj yazdığını soruşdum. O, düz dediyini bildirərərək, nalayiq ifadə işlətdi və telefonu söndürdü”. Təqsirləndirilən şəxs qeyd edib ki, 44 günlük müharibədə iştirak etdiyi zaman başından kontuziya alıb:“Bu səbəbdən əsəblərimi cilovlaya bilmədim. Həmin günü axşam vaxtı saat 23:00-da marketdə kassada əyləşən zaman qapının yaxınılığında qoyulmuş ödəmə terminalının qarşısında bir nəfərin dayandığını və uca səslə söyüş söydüyünün gördüm. Həmin vaxtı marketdə müştərilər olub, çölə çıxdıqda həmin şəxsin Orxan olduğunu gördüm. Orxandan nə üçün söyüş söydüyünü soruşduqda aramızda mübahisə yarandı. Orxan həmin vaxtı sərxoş vəziyyətdə olub. Mən Orxanı toxuna-toxuna marketdən uzaqlaşdırdım. Həmin vaxtı marketə mənə malları yığmağa köməklik etmək məqsədi ilə gəlmiş döyüş yoldaşım Hüseyn də Orxanı aralaşdırmaqda köməklik göstərdi. Orxan sonra getdi. Bu hadisədən 2-3 gün sonra Qax Rayon Polis Şöbəsinə dəvət olundum. Mənə Orxana xəsarət yetirdiyimi bildirdilər. Mən Orxanı vurmamışam. Ola bilər ki, Orxan bir butulka pivənin problemini yaradır. Orxan ayağından aldığı xəsarətlərə gəldikdə isə ola bilsin ki, sərxoş vəziyyətdə olub və haradasa yıxılıb. Həmin xəsarətlərlə mənim əlaqəm yoxdur. Orxanla aramızda mübahisə olub. Lakin onu başımın üzərinə qaldıraraq yerə çırpamışam”.Orxanın ifadəsinə görə, Elməddinə məxsus marketdən həmişə alver edir: “Hadisə baş verən günü Elməddindən nisyə olaraq bir şüşə pivə verməsini xahiş edərək, kəndə fındıq satmağa getdiyimi, qayıdan zaman pulunu verəcəyimi dedim. Lakin Elməddin mənə qarşı kobudluq etdi. Həmin vaxtı mağazada müştərilər olduğu üçün Elməddinə heç nə demədim. Bayıra çıxaraq mesaj yazdım ki, alkaş deyiləm, sadəcə olaraq bir kəlmə söz dedim, nə üçün mənə qarşı kobudluq edirsən. Elməddin zəng edən zaman pivəyə qarşı qeyri-etik söz işlətsəm də, Elməddinin ünvanına belə bir ifadə işlətmədim. Həmin günü axşam vaxtı saat təxminən 23:00-da mağazanın qarşısında olan terminaldan pul vuraraq mobil telefonla ucadan danışdım. Həmin vaxtı Elməddin bayıra çıxdı, mənə yavaş danışmağımı və söyüş söyməməyimi dedi. Məni yan tərəfə, yəni təhlükəsizlik kamerasının çəkiliş apara bilmədiyi hissəyə apardı. Bu zaman aramızda mübahisə yarandı. Elməddinə onunla işim olmadığını, atası kimi kişi olmasını, yəni atasına oxşamasını, mərd olmasını dedim. Elməddin məni bir dəfə qaldıraraq yerə çaxdı. İkinci dəfə çaxdıqda özümün də onu vura biləcəyimi, lakin vurmayacağımı dedim. Həmin vaxtı Elməddinin yanında işləyən Hüseyn adlı şəxs və tanımadığım başqa bir nəfər şəxs oraya gəldi. Hüseyn adlı şəxs bizi ayırdı”.Qax Rayon Məhkəməsinin hökmü ilə Elməddin əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Amanlı kəndində yerləşən yaşayış yerini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşayış yerini tərk etməsi, həmçinin Qax rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, onun üzərinə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsilyerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şəki Apellyasiya Məhkəməsində iş araşdırılan həm təqsirləndirilən, həm də zərərçəkən ərizə təqdim ediblər. Onlar barışdıqlarını elan ediblər. Zərərçəkən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürdüyünü qeyd edib. Məhkəmə yekun qərar qəbul edən zaman təqsirləndirilən şəxsin bəraət istməsi barədə şikayətini təmin etməyib. Hakim zərərçəkmiş və təqsirləndirilən şəxslərin ərizələri qəbul edib. Qərara əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs ilə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınıb. Elməddinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin hökmü ləğv edilib.Təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.