Bakı, 2 mart, AZƏRTAC
Dövlət idarəçiliyinin və ədalət mühakiməsinin rəqəmsallaşdırılması sahəsində aparılan genişmiqyaslı islahatlar məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətində yeni keyfiyyət mərhələsi yaradıb. Bu proses “Elektron məhkəmə”, “Elektron icra” və “Elektron prokurorluq” sistemlərinin tətbiqi ilə yanaşı, məhkəmə ekspertizası fəaliyyətinin də vahid rəqəmsal informasiya mühitində təşkilini zəruri edib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov səsləndirib.
Onun sözlərinə görə, rəqəmsallaşma ekspertiza müddətlərinin əhəmiyyətli dərəcədə qısalmasına, proseslər üzərində şəffaf və izləniləbilən nəzarət mexanizmlərinin yaradılmasına şərait yaradacaq: “Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması bu sahədə qabaqcıl rəqəmsal texnologiyaların və süni intellekt əsaslı həllərin tətbiqi üçün möhkəm institusional və hüquqi baza formalaşdırır. Bu sistem ekspertiza proseslərinin tam avtomatlaşdırılmasını, məlumatların vahid informasiya mühitində toplanmasını və real vaxt rejimində dövlət qurumları arasında operativ mübadiləni təmin edəcək. Nəticə etibarilə, bu islahatlar ədalət mühakiməsinin obyektivliyini artıracaq, vətəndaşların ədalət mühakiməsinə inamını möhkəmləndirəcək və hüquqi dövlət prinsiplərinin daha effektiv təmin olunmasına xidmət edəcək”, - deyə o qeyd edib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndovun AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.