EN

Meksikada öldürülən kartel başçısı qızıl tabutda dəfn edilib

BAKI, 3 mart. TELEQRAF

Meksikada zərərsizləşdirilən “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı Ruben Oseqera Servantes (ləqəbi “El Menço”) qızıl tabutda qəbiristanlığa aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.

Məlumata görə, mərhumun cənazəsi martın 2-də Xalisko ştatının paytaxtı Qvadalaxaradakı dəfn bürosundan çıxarılaraq Sapopan bələdiyyəsində yerləşən qəbiristanlığa aparılıb. Qəbiristanlığa çatdıqdan sonra korteji orkestr müşayiət edib. Dəfn mərasimi qapalı keçirilib.

Nəşr bildirir ki, cənazənin daşınması və dəfn mərasimi geniş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. “Resinto de la Pas” qəbiristanlığına gedən marşrut və ərazi federal və regional təhlükəsizlik qüvvələri tərəfindən patrul edilib. Dəfn bürosunun qarşısında hərbçilər və zirehli texnika növbə çəkib.

Meksikanın Milli Müdafiə Nazirliyi fevralın 22-də “Xalisko Yeni Nəsil” kartelinin lideri Ruben Oseqera Servantesin zərərsizləşdirildiyini açıqlamışdı. Bildirilmişdi ki, o, Xalisko ştatının Tapalpa şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma zamanı ağır yaralanıb və xəstəxanaya aparılarkən ölüb.

Xüsusi əməliyyatdan sonra ölkə üzrə avtomobil yollarının kütləvi bağlanması, nəqliyyat vasitələrinin və kommersiya obyektlərinin yandırılması halları qeydə alınmışdı. Respublika Prezidenti Klaudia Şeynbaum fevralın 23-nə vəziyyətin tam nəzarətə götürüldüyünü bildirmişdi.

Chosen
34
teleqraf.com

1Sources