EN

İki qitəni birləşdirən, dörd imperiyanın PAYTAXTI

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə artıq dünya turizminin mərkəzlərindən birinə çevrilib və bu, heç kimə sirr deyil. Bunun əsas səbəblərindən biri də qardaş ölkədə turizm xidmətinin yüksək səviyyədə qurulmasıdır.Turistləri cəlb edən yalnız möhtəşəm təbiət mənzərələri deyil. Bu ölkənin zəngin tarixi, mədəniyyəti, istiqanlı insanları, qonaqpərvərliyi, zəngin və rəngarəng mətbəxi, bir-birindən ləziz şirniyyatları və peşəkar xidmət sektoru Türkiyəni fərqləndirən əsas amillərdəndir.Antalya sahilləri, Kapadokyanın səmaya yüksələn qayaları, Efesin əzəmətli sütunları, Pamukkalenin ağ terrası, Mardinin daş küçələri - hər biri fərqli bir tarix danışır.İlin hansı fəslində səfər etməyindən asılı olmayaraq, Türkiyənin istənilən bölgəsində səni yeni bir təbiət möcüzəsi qarşılayır. Bu ecazkar məkandan doymaq mümkün deyil - hər səfər yeni bir hekayə, yeni bir təəssürat deməkdir. Budəfəki səfərimiz bütün müsəlman dünyasının müqəddəs ayı, 11 ayın sultanı Ramazana dəng gəldi. Ramazanda Türkiyə bir başqa aləmdir.

Türkiyənin turizm nəbzi

Türkiyənin turizm ölkəsi kimi uğurlatında dövlət strategiyası mühüm rol oynayır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və onun nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında xüsusi paya malikdir.“GoTürkiye” platforması, rəqəmsal kampaniyalar, beynəlxalq sərgilər və media əməkdaşlıqları turizm sektorunun davamlı inkişafına təkan verir. Mədəni irsin qorunması və regional turizmin canlandırılması istiqamətində görülən işlər nəticəsində Türkiyə son illərdə dünyanın ən çox ziyarət edilən ölkələri sırasında özünəlayiq yer tutub.

İstanbul-tarixin və mədəniyyətin qovşağı

Tarixin və mədəniyyətin qovşağı olan İstanbul Türkiyənin 81 vilayətindən biridir və ölkənin ən böyük şəhəridir. Əhalisi 16 milyona yaxındır. Şəhər iqtisadi gücünə görə dünyada ön sıralarda yer alır və Avropanın ən böyük metropollarından hesab olunur.Mərmərə dənizi və Bosfor sahili boyunca uzanan bu qitələrarası şəhərin Avropa hissəsi “Avrupa Yakası”, Asiya hissəsi isə “Anadolu Yakası” adlanır. Bu adlar bir çox tamaşaçıya "Avrupa Yakası" serialını xatırladır. Ssenarisini yazdığı və baş rolunu Gülse Birselin canlandırdığı bu ekran əsəri illər keçsə də, həm Türkiyədə, həm də Azərbaycanda sevilərək izlənilir.

4 imperiyanın paytaxtı

İstanbul dünyanın ən qədim şəhərlərindən biridir. 330–395-ci illərdə Roma İmperiyasına, 395–1204 və 1261–1453-cü illərdə Bizans İmperiyasına, 1204–1261-ci illərdə Latın İmperiyasına, 1453–1922-ci illərdə isə Osmanlı İmperiyasına paytaxtlıq edib.Şəhərin qədim adı Vizantiya olub. Osmanlı dövründə Konstantiniyyə və İstanbul adlandırılıb. 13 oktyabr 1923-cü ildə paytaxt statusu Ankaraya verilsə də, İstanbul bu gün də ölkənin ticarət, sənaye, təhsil, mədəniyyət və turizm mərkəzi olaraq qalır.Qara dənizlə Mərmərə dənizini birləşdirən və Asiya ilə Avropanı ayıran Bosfor şəhərə misilsiz geosiyasi əhəmiyyət qazandırır.

İstanbulun inciləri

İstanbul həm də möhtəşəm memarlıq inciləri ilə seçilir: Sultan Əhməd Məscidi, Ayasofya, Taksim Meydanı, Eyüp Sultan Məscidi və Dolmabaxça Sarayı şəhərin simvollarındandır.Dörd imperiyanın paytaxtı olmuş, iki qitəni birləşdirən bu sirli və möcüzəli şəhər hər kəs üçün fərqlidir.  Burada hər daşın, hər küçənin, hər səmanın altında bir tarix yatır.Sadəcə, gəlib görmək və hiss etmək məsləhətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
modern.az

1Sources