EN

Türkiyədə “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olundu

BAKI, 3 mart. TELEQRAF

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə universitetləri arasında dahi Azərbaycan şairi, Türk dünyasının mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olunub.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Müsabiqənin əsas məqsədi dahi Azərbaycan şairi, Türk dünyası mütəfəkkiri Nizami Gəncəvi irsinin elm, təhsil camiəsi arasında daha geniş tanıdılması və təbliğidir.

Qeyd edək ki, layihəyə Türkiyədəki Yunus Emre İnstitutu, AMEA-nın Gəncə Bölməsi müvafiq dəstək göstərir.

Müsabiqədə Türkiyənin ədəbiyyat fakültəsi mövcud olan Ankara və bölgələrdəki çoxsaylı universitetlərinin tələbələri iştirak edəcək. Bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Nizami Gəncəvi haqqında Türk dilində nəşr olunan əsərlər, xüsusi ilə şairin “Xəmsə”si sözügedən universitetlərin kitabxanalara göndərilməsi nəzərdə tutulur.

“Nizami Gəncəviyə 100 məktub” müsabiqəsinin əsas mövzu başlıqları müəyyən edilib. “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvinin “Xəmsə”sində Türkçülük ideyaları”, “Nizami Gəncəvi və Gəncə”, “Nizami Gəncəvinin yaradıcılığında hikmət fəlsəfəsi”, “Nizami Gəncəvinin yaradıcılığında ədalət anlayışı”, “Nizami Gəncəvi yaradıcılığında bəşəri dəyərlər: insan sevgisi”, “Leyli və Məcnun” müasir dövrdə: klassik eşqin çağdaş yozumu”, “Nizami Gəncəvinin yaradıcılığında qadın obrazları və qadının mənəvi ucalığı”, “Nizami Gəncəvi və incəsənət” mövzuları üzrə tələbələr dahi şairə xitabən məktublarını müsabiqəyə təqdim edə biləcəklər.

Müsabiqəyə cari ilin mart ayının 10-da start veriləcək, cari ilin sentyabr ayının 30-da yekun vurulacaq.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə müsabiqəyə dair əlavə məlumatların və şərtlərin artıq müsabiqədə iştiraka razılıq verən universitetlərə göndərilib.

Chosen
11
3
teleqraf.com

4Sources