EN

Parlamentdə vacib AÇIQLAMALAR

Milli Məclisin plenar iclasında Ombudsmanın “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2025-ci il üzrə məruzəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, Ombudsman Səbinə Əliyeva məruzənin qısa icmalını parlamentə təqdim edib.

S.Əliyeva bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi rəmzi xarakter daşımaqla yanaşı, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edib, qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliği və təşviqinə xidmət edib:

“Qeyd olunmalıdır ki, ötən il ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi, sosial və institusional islahatlara əsaslanan proseslərlə yadda qalan olub. Müasir çağırışlar, qlobal və regional reallıqlar fonunda ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə başlanan, dövrün irimiqyaslı bərpa - quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni inkişaf mərhələsində görülən işlər olduqca təqdirəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, geniş miqyaslı müasir infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəaliyyətin bərpası və sosial xidmətlərə əlçatanlığın təmin olunması istiqamətində davam etdirilən tədbirlər 30 ildən çox doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına, bununla da pozulmuş fundamental hüquqlarının bərpasına imkan yaradıb. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda dağıdılmış tarixi, mədəni və dini obyektlərin bərpası və yenidən inşası istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir”.

Ombudsman qeyd edib ki, ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın regional sülh və təhlükəsizlik gündəminin ardıcıl şəkildə irəli aparılması üçün əlverişli zəmin yaradıb, siyasi - hüquqi sabitlik və güclənmiş suverenlik amili Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə keçməsini təmin edən başlıca faktorlardan olub:

“Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində iki ölkə arasında Birgə Bəyannamənin imzalanması uzun illər insan hüquqlarının pozulmasına səbəb olmuş münaqişənin bitməsinə, regionda sülh və sabitliyin bərqərar olmasına, dövlətlərarası münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına əsaslı şərait yaradıb. Türkdilli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına, habelə koordinasiyalı təhlükəsizlik siyasətinin formalaşdırılmasına xidmət edib, insan hüquq və azadlıqlarının qorunması və təşviqi üçün daha əlverişli regional mühitin formalaşmasına töhfə verib. Qlobal və regional miqyasda əldə edilən mühüm nailiyyətlər, habelə müasir tendensiyalar və çağırışlar Ombudsmanın insan hüquq və azadlıqlarının təmin olunması üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi, təsisatın institusional potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaradıb. Ötən il Ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, habelə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam edib”.

E.Paşasoy,
Musavat.com

Chosen
22
musavat.com

1Sources