EN

Tibb Universitetində təhsil 5 illik olacaq?



Azərbaycanda həkimlik ixtisası üzrə təhsil müddətinin 6 ildən 5 ilə endirilməsi məsələsi hazırda gündəmdə geniş müzakirə olunmasa da, mövzu zaman-zaman aktuallaşır.

Medicina.az xəbər verir ki, konkret.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycan tibb təhsilinin Qərb standartlarına uyğunlaşdırılması istiqamətində artıq müəyyən addımlar atılıb. Onun sözlərinə görə, bakalavr sisteminin və rezidenturanın tətbiqi, eləcə də tədrisin Qərb təhsil modelinə adaptasiyası bu istiqamətdə görülən işlər sırasındadır.


“Bunun üçün ilk növbədə baza hazırlanmalıdır. Əvvəl nəzəri, sonra isə klinik fənlərin öyrədilməsi sistemi sıxlaşdırılmalı, dərs saatları intensivləşdirilməli və yeni struktur formalaşdırılmalıdır. Əgər belə bir zərurət varsa, universitet daxilində tibb təhsilinin bütün metodologiyasına yenidən baxılmalıdır. Amma düşünürəm ki, bu, o qədər də aktual məsələ deyil”.
A.Qeybulla vurğulayıb ki, əsas diqqət formal dəyişikliklərə deyil, real nəticə verən addımlara yönəldilməlidir.
“Əsas problem tədris üçün yetərli şəraitin yaradılmasıdır. Xüsusilə, tələbələrin klinik bilik və bacarıqlarının artırılması üçün tədris-terapiya və tədris-cərrahiyyə kafedralarında xəstə axınının icbari tibbi sığorta sistemi vasitəsilə təmin olunması vacibdir”.


Professor beynəlxalq təcrübəyə də toxunaraq Almaniya modelini nümunə göstərib. Onun sözlərinə görə, Almaniyada tibb təhsili 6 il 3 ay davam edir. Bu müddətin 2 ili klinikaya qədər nəzəri fənlərə, 3 ili klinik fənlərə, 1 ili isə praktikaya ayrılır. Bundan sonra isə 5-6 il davam edən rezidentura mərhələsi başlayır.

“Beləliklə, Almaniyada bir həkimin tam hazırlanması üçün, rezidentura daxil olmaqla, ümumilikdə 12-13 il vaxt tələb olunur. Azərbaycanda da əsas prioritet tibb təhsilinin keyfiyyətinin artırılması, tələbələrin praktik vərdişlərinin gücləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi olmalıdır. Təhsil müddətinin azaldılması isə yalnız kompleks və əsaslandırılmış islahatlar çərçivəsində müzakirə oluna bilər”, - deyə professor əlavə edib.

Medicina.az


Chosen
2
7
medicina.az

8Sources