EN

Rus milyarder keçmiş arvadını məhkəməyə verdi – qalmaqal böyüyür

Rusiya müdafiə sənayesi ilə əlaqəli yüksək vəzifəli şəxs ailə qalmaqalı fonunda məhkəmə çəkişməsinə başlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, “Rusiya Helikopterləri” şirkətinin rəhbəri Nikolay Kolesov keçmiş həyat yoldaşı Diana Kolesovaya qarşı iddia qaldırıb.

Səbəb İspaniyanın El Mundo qəzetində dərc olunmuş müsahibə olub. Həmin müsahibədə Diana Kolesova sabiq ərinin “hakimlərə pul ödədiyini”, Rusiyada “hakimləri almağın asan olduğunu” bildirib, həmçinin onu təhdidlər və zorakılıqda ittiham edib. Onun sözlərinə görə, Kolesov “maşınına narkotik atdırmaqla” hədələyib və “meşədə tapıla biləcəyi” ilə bağlı ifadələr işlədib. O, həmçinin fiziki zorakılıq iddiası irəli sürüb.

Məhkəmə sənədlərində Kolesov bu ittihamları böhtan adlandırır və keçmiş həyat yoldaşının ona sübutsuz şəkildə cinayət əməlləri aid etdiyini bildirir. İddia “şərəf və işgüzar nüfuzun müdafiəsi” ilə bağlıdır.

Xatırladılır ki, ötən ilin yayında Navalnı komandası Kolesov haqqında araşdırma yayımlamışdı. Araşdırmada onun “Rostex” rəhbəri Sergey Çemezovla sıx əlaqəli olduğu, müxtəlif şirkətlər vasitəsilə 20-dən çox müdafiə müəssisəsini nəzarətə götürdüyü və sektordan milyardlarla rubl çıxardığı iddia olunurdu. Həmçinin ailə üzvlərinin, o cümlədən azyaşlı uşaqların adına villalar, saray tipli evlər, elit mənzillər, təyyarə və helikopterlərin rəsmiləşdirildiyi bildirilirdi.

Boşanmadan sonra üç uşaq – bir oğul və iki qız – atanın yanında qalıb. Diana Kolesova isə valideynlik hüququndan məhrum edildiyini və sabiq ərinə aliment ödəməyə məcbur edildiyini iddia edir.

O, məhkəmə iddiasına cavab olaraq öz Telegram kanalında emosional paylaşım edib.

Musavat.com

Chosen
32
musavat.com

1Sources