EN

"Dünyadakı xaos Rusiyanın Ukraynaya hücumunun birbaşa nəticəsidir" - Meloni

"Ukraynaya qarşı savaş, İran zərbələri, qlobal güc oyunu və dünyanın silkələnən nizamı..."

İtaliyanın baş naziri Corca Meloni bildirib ki, dünyada artan xaos - Yaxın Şərqdəki partlayışlar, Kipr üzərində pilotsuz uçuş aparatları və gərginliyin genişlənməsi ayrı-ayrı münaqişələr deyil. 

Moderator.az xəbər verir ki, bu barədə o, "TG5" telekanalına müsahibəsində bəyan edib.

Meloninin sözlərinə görə, bu proseslərin başlanğıcı Rusiyanın Ukraynaya hücumuna gedib çıxır.

Meloni vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın Ukraynanın sərhədlərini pozması beynəlxalq hüququ sarsıdıb və dünyaya "qaydalar artıq işləmir" mesajı verib. Baş nazir hesab edir ki, Ukraynada hüquq nizamı bərpa olunmadan qlobal sabitlik mümkün olmayacaq və xaos daha da dərinləşəcək.

Vaşinqtonun hədəfi İranın nüvə ambisiyalarına son qoymaqdır

Fevralın 28-də ABŞ İsrailin dəstəyi ilə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın ali dini lideri Ali Xamenei və ölkənin yüksək vəzifəli şəxsləri məhv edilib. ABŞ prezidenti Donald Tramp əməliyyatın "Epic Fury" adlandığını və planlaşdırılandan daha sürətlə icra olunduğunu bildirib.

Vitse-prezident Dey Ci Vens deyib ki, əsas məqsəd İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir və bu, rejimin düşüncə tərzində köklü dəyişiklik tələb edir. O, ABŞ-ın uzunmüddətli müharibəyə girmək niyyətində olmadığını vurğulasa da, Tramp zərurət yaranarsa quru qoşunlarının göndərilməsini də istisna etməyib. Dövlət katibi Marko Rubio isə qarşıdakı mərhələnin daha sərt ola biləcəyini açıqlayıb.

Ukrayna kölgədə qala bilərmi?

"Politico" nəşri yazır ki, Yaxın Şərqdə yeni cəbhənin açılması Ukraynanı ABŞ-ın diqqətindən kənarda qoya bilər. Avropada narahatlıq var ki, Vaşinqtonun silah ehtiyatları tükənərsə, prioritet İran olacaq və Kiyevə ayrılan raketlər azalacaq.

Londonun "Royal United Services Institute"-nun analitiki Ed Arnold sual edir: əgər ABŞ artıq yeni müharibə cəbhəsi açıbsa, Trampı Rusiyaya qarşı təzyiqi davam etdirməyə necə inandırmaq olar?

Bundan əlavə, İranın Kiprdəki Britaniya aviabazasına pilotsuz aparatlarla hücumu Avropa İttifaqının Ukrayna ilə bağlı planlaşdırdığı görüşün təxirə salınmasına səbəb olub. Bu isə Kiyev üçün əlavə siyasi və maliyyə qeyri-müəyyənliyi yaradır.

Beləliklə, Yaxın Şərqdə baş verənlər təkcə regional qarşıdurma deyil. Bu proseslər Ukraynadakı müharibə, ABŞ-ın strateji prioritetləri və Avropanın təhlükəsizlik arxitekturası ilə birbaşa bağlıdır. Qlobal nizamın harada və necə bərpa olunacağı isə hələ də açıq sual olaraq qalır.

Chosen
12
moderator.az

1Sources